20:34 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Neftçi muzeyi

Qocaman klubun iki otaqlıq xatirələri

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
5524 0 0

Azərbaycan futbolunun tarixi 1911-ci il götürülsə də, əslində futbol tariximiz daha da qədimə söykənir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Danılmaz faktdır ki, dünyada ən çox izlənən idman növləri sırasında futbol liderliyi qoruyur. Azərbaycanda da futbol azarkeşlərinin sayı kifayət qədərdir. Bir əsrlik yaşı olan milli futbolumuzun uğurları dünya səviyyəsində olmasa da, azarkeşləri daima ona sadiq qalmağı bacarıb.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Azərbaycan futbolunun tarixi 1911-ci il götürülsə də, əslində, futbol tariximiz daha qədimə söykənir. Belə ki, ondan daha öncə Balaxanıda neftçilər komanda yaradıb futbol oynayırmışlar. Daha sonra Bakıda komandalar yaranmağa başlayıb. "Stella", "İdmançı", "Konqrenss" kimi klublar, eyni zamanda birinci oğlanlar gimnaziyasında "Adamovçular", ikinci oğlan gimnaziyasında "Beloy" və digər komandalar yaradılıb. Beləliklə ölkədə futbol idman növü inkişaf etməyə başlayıb. Çox keçmədən isə peşəkar futbol klubu da yaranıb.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Danılmaz faktdır ki, "Neftçi" futbol klubu da Azərbaycanın futbol tarixində öz adını qızıl hərflər ilə yazmağı bacarıb. İllərdir fanatlarını qələbələri ilə sevindirən, bəzən isə məğlubiyyətləri ilə kədərləndirən klub bu gün də Azərbaycanda liderliyini qoruyub saxlaya bilib. 81 yaşlı klubun muzeyinin olduğunu öyrənən hər bir fanat bu muzeyə gedərək klubun keçmişinə canlı şahidlik etmək istəyir.

Sputnik Azərbaycan-ın əməkdaşları olaraq biz də sözügedən muzeyi görmək üçün "Bakcell" arenaya yollandıq. Həftənin hər günü səhər 10:00-da açılan, axşam 18:00-a kimi muzey sevərləri gözləyən "Neftçi" futbol komandasının muzeyindən reportaj hazırladıq.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Öncə "Neftçi" futbol klubunun yaranma tarixini xatırladaq, sonra isə muzeydə qorunan eksponatlardan danışaraq. Belə ki, 1911-ci ildə Balaxanıda "Balaxanı" futbolçular dərnəyinin yaranması ilə böyük futbol tarixinə start verilib. Bu dərnək peşəkar klubun yaranmasına səbəb olub. 1937-ci ilin mart ayında isə klubun rəsmi şəkildə yarandığı elan edilib.

İki otaqdan ibarət muzeyə 81 illik tarixi çox çətinliklə sığışdırmağa çalışıblar. Otağa girər-girməz diqqətimizi girəcəkdə qoyulmuş ən qədimi butsi (futbol ayaqqabısı) cəlb edir. Cırılmış, köhnəlmiş, nimdaş butsi futbol tariximizin ağırlığını özündə gəzdirir. Yarandığı gündən indiyədək neçə tarixi hadisələrə şahidlik edib. Kim bilir, bundan sonra da bizim zamanla görə bilməyəcəyimiz daha neçə hadisələrin şahidi olacaq.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Butsidən aşağıda nümayiş etdirilən futbol topu da yaşda heç də ondan geri qalmır. Ulu balalarımız sayılan insanların oynadığı bu top keçmişin yükündən köhnəlib, istifadəyə yararsız hala düşüb, bir sözlə, ömrünü başa vurub. Buna baxmayaraq, yenə də muzeyə xüsusi gözəllik verir. Hətta deyərdik ki, muzeydə nümayiş olunan ən dəyərli eksponatlardan saymaq olar bu topu.

Muzeydə, həmçinin "Neftçi" futbol klubunun oyunçularının keçmişdən bu günə kimi geyindikləri formalar nümayiş etdirilir. İllər keçsə də, ağ və qara rənglərin vəhdətindən formalaşmış geyimlərin rəngi dəyişməyib. Buna səbəb isə formanın üzərində, əslində, Azərbaycanın milli sərvəti olan ağ və qara "qızılın" əks olunmasıdır. Formadakı ağ rəng pambığın, qara rəng isə neftin simvoludur.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Muzeydə olduğumuz vaxt öyrənirik ki, bu formanın rəngi "Neftçi"yə çox düşərli olub. Belə ki, klubun oyunçuları bu geyimdə 8 dəfə Azərbaycan çempionu, 6 dəfə ölkə kubokunun sahibi, 2 dəfə super kubokun qalibi olaraq, futbol tarixində öz adını yazıb.

"Neftçi"nin muzeyində 2006-cı ildə MDB və Baltikyani ölkələr arasında keçirilən yarışda qalib gələrək, superkubok qazanan klubun kuboku da nümayiş edilir.

Klubun dünya səviyyəsində tanınmış idmançısı Anatoli Banişevskinin isə sadəcə fotoşəkilləri və onun haqqında məlumat yerləşdirilib. Eyni zamanda muzeydə "Neftçi"nin tarixində iz qoyan bir neçə futbolçu haqqında da məlumat almaq və fotolarına baxmaq olar.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Muzeyin digər otağında qarşılaşdığımız guşədə isə "Neftçi" tarixində rekord vurmuş idmançıların adları qeyd edilib. Məsələn, "Nefçi" klubunda ilk qolun müəllifi Pavel Ştırlin, klubun ilk kapitanı Məmmədəli İsmayılovun adlarını o siyahıda tapmaq olar. Bu məqamda haşiyəyə çıxaraq, bir maraqlı faktı da qeyd etmək istərdik. Belə ki, Məmmədəli İsmayılov İkinci dünya müharibəsinə kimi klubun kapitanı olub. Müharibə başlayanda karyerasını yarımçıq qoyaraq davaya gedib. Müharibə bitəndən sonra isə qayıdaraq futbol karyerasını davam etdirib. M.İsmayılov yenidən "Neftçi"nin kapitanı olub.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Anatoli Banişevski isə SSRİ-nin dövründə 136 qol vuraraq tarixə adını yazdırıb. "Neftçi" tarixində isə ən çox qol vuran idmançı 138 qolla Samir Ələkbərov olub. S.Ələkbərov, hətta bir mövsümdə 36 qol vuraraq ikiqat rekord qırıb.

Neftçi muzeyi
© Sputnik / Murad Orujov
"Neftçi" muzeyi

Klubun muzeyində yerləşdirilmiş eksponatlar və aura insanı, istər-istəməz tarixi keçmişə aparır. Etiraf edək ki, "Neftçi" klubunun Azərbaycanın futbol aləmində xüsusi yeri var. Ümid edirik ki, zaman keçdikcə cəmi 2 otaqdan ibarət olan bu muzeyin sahəsi genişləndiriləcək. Muzeyə tarixi çəkisi olan eksponatlar yerləşdiriləcək.

Bunun üçün isə klubun futbolçuları çox sayda qələbə və uğur qazanmalıdırlar. Çünki qocaman kluba ancaq və ancaq qələbə yaraşır...

Əsas mövzular