06:53 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Rusiya yığmasının futbolçuları

Dünya Çempionatında baş verənlər gözləntiləri doğruldur?

© Sputnik / Ramil Sitdikov
İDMAN
Qısa URL
206 0 0

Firuz Abdulla: "Rusiya millisi yaxşı mənada məni təəccübləndirdi"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Azarkeşlərin uzun müddətdir gözlədikləri futbol bayramı davam edir. 4 ildən bir keçirilən və milyonların marağına səbəb olan Dünya çempionatında kifayət qədər gözlənilməz nəticələr də qeydə alınıb, atıq 1/8 final mərhələsinə çıxan bəzi komandalar da məlumdur.

Sputnik Azərbaycan futbol üzrə mütəxəssislərin mundialın birinci mərhələsi haqqında fikirlərini öyrənib.

"Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov bildirib ki, Dünya Çempionatı maraqla davam edir: "Dünya Çempionatında göstərdiyi oyuna görə Mərakeşi alqışlayıram. Bu mundialın start dramatizmini onlar yaratdı. Qrupda qaldılar, ancaq dinamik futbol, maraqlı anlar bəxş elədilər. İranın praqmatik oyunu, radikal, amma bezdirməyən müdafiə futbolu da yormayan detallardandı. İslandiya isə hər detalı ilə təəccübləndirir. Mundialın hələ ikinci turu gedir, ancaq nə qədər desən, xoşbəxt anlar var".

DÇ-2018, Nigeriya-İslandiya oyunu, nigeriyalı futbolçular vurulan qola sevinirlər
© Sputnik / Константин Чалабов

"Oyunun favoritlərinin ilk turda çətin oyunları, xal itkiləri göstərir ki, rəqabət hissi yüksəlib. Uğur üçün indi dünyanın daha fərqli yerlərində baş işlədirlər" — deyə E.Cəlilov əlavə edib.

O qeyd edib ki, Fransa-98-dən sonra hansısa mundiala möhtəşəm deyə bilmir: "Çünki uşaqlığı o vaxtlara düşənləri həmin romantikadan ayırmaq olmur. Ancaq hər mundialın da öz gözəlliyi var. Rusiyadakı 4 illiyin zəfər məqamının da özünün bir xeyli maraqlı tərəfləri var. Düşünürəm ki, əsl həyəcan isə qabaqdadır".

"CBC Sport" şərhçilər qrupunun rəhbəri, Dünya Çempionatını şərh edən Rüstəm Əfsərli isə ciddi gözləntilərinin olmadığını deyib: "İlk turda favoritlərin qələbə qazanmaması bir az təəccübləndirdi. Amma düşünürəm ki, onlar növbəti oyunlarda vəziyyəti düzəldə biləcəklər. İlk turlar, adətən, kəşfiyyat xarakterli olur, komandalar çox risk eləmir, sirləri açmamağa çalışırlar. Həlledici mərhələlər yaxınlaşdıqca oyunlar daha da şən olacaq və hər şey yerinə oturacaq".

"Hələ ki hər hansı sürpriz komanda gözə dəymir. Kimdən nə gözləyirdimsə, aşağı-yuxarı onu da görmüşəm. Favoritlər ənənəvidir. Bir, maksimum iki komanda "boyundan yuxarı tullana bilər". Məsələn, meydan sahibi Rusiya, yaxud çox da ciddi qrupa düşməyən Seneqal kimi komandalar" — Rüstəm Əfsərli əlavə edib.

O, Portuqaliya və Kriştiano Ronaldonun hələ ki, yaxşı göründüyünü də bildirib: "Bu ana yəqin ki, Dünya Çempionatının gizli favoritləri məhz onlardır. Xüsusilə də Ronaldonun göstərdiyi futbola görə. 

Amma bu cür taktika və tək Kriştiano komandanı hara qədər apara biləcək, bilmirəm. Gözləyək, baxaq. Düşünürəm ki, son Avropa Çempionatının ssenarisi təkrarlana bilər".

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla isə bildirib ki, mundiala qədər keçirilmiş hazırlıq oyunlarında qeydə alınan nəticələri nəzərə alsaq, Rusiya millisi onu yaxşı mənada təəccübləndirib: "Komanda 2 oyuna 8 qol vurmağı bacarıb. Hələ ki, mundialın ən məhsuldar kollektividir".

"Hər zaman favorit qismində göstərilən Almaniya, Argentina, Braziliya, İspaniya, Fransa və müəyyən mənada bu siyahıya düşməyə iddialı olan İngiltərə və Portuqaliya millilərinin oyunu tam olaraq "favorit belə oynamalıdır" düsturuna hələ ki, uyğun gəlmir. Məncə, böyük komandaların əsl gücünü play-off mərhələsində daha yaxşı hiss edə biləcəyik. Təbii ki, hər biri qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəlməyi bacarsa" — o qeyd edib.

Firuz Abdulla sonda vurğulayıb ki, ümumilikdə, Dünya Çempionatının oyunları çox maraqlıdır: "Bir-iki kiçik istisnanı nəzərə almasaq, Rusiyanın stadionlarında keyfiyyətli futbol izləyə bilirik".

Əlaqədar

DÇ-2018: Meksika rəqiblərinə aman vermir
DÇ-2018: Belçikadan böyük hesablı darmadağın
DÇ-2018: Daha bir favorit biabırçılıqdan son anda qurtuldu
DÇ-2018: Çempionatı tərk edən dördüncü yığma məlum oldu
DÇ-2018: Danimarka növbəti mərhələnin bir addımlığında
DÇ-2018: Bu gün hansı oyunlar keçiriləcək
Teqlər:
rəy, mütəxəssis, dünya çempionatı, gözlənti, futbol, azarkeş

Əsas mövzular