01:54 23 Aprel 2018
Canlı yayım
Etibar İbrahimov

İlk döyüşçü və hakim: "Sabah Allah qarşısında cavab verəcəm!"

© Sputnik / Tarana Khudabakhshiyeva
İDMAN
Qısa URL
35810

Etibar İbrahimov: "Məşqə gedən zaman tramvaya öndən minib, arxadan düşürdüm ki, bilet pulu verməyim"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandıran sənət sahiblərindən biri də idmançılardır. Onlar alın tərləri ilə qazandıqları uğur nəticəsində kürsüyə qalxaraq Azərbaycan bayrağını ucaldırlar.

Azərbaycanı dünya ölkələri sırasında təmsil edən, bayrağını uca tutan idmançılardan biri də "Neftçi" İdman Klubunun məşqçisi Etibar İbrahimovdur. Ölkəmizi dünyada taekvando döyüş növündə təmsil edən ilk idmançılardan biri olan E.İbrahimov Sputnik Azərbaycan-a idman karyerası haqqında danışıb.

- İdmanla tanışlığınız nə vaxtdan başlayıb?

— İdman ilə tanışlığım məktəb dövrünə təsadüf edir. 2-ci sinifdən güləş idman növü ilə məşğul olmağa başladım. 2 il bu idman növündə məşq etdim, əslində uşaq olduğumuz üçün güləşdən çox oyun oynayırdıq. Altıncı sinfə kimi isə boksla məşğul oldum. Hətta respublika çempionatında Azərbaycan ikincisi və ya birincisi oldum. Diplomu itirdiyim üçün dəqiq yadımda deyil. Daha sonra bir müddət yüngül atletika və futbolla maraqlandım. Nəhayət, taekvando ilə məşğul olmağa başladım. Bu idman növü artıq həyatımın bir hissəsinə çevrildi.

Etibar İbrahimov
© Sputnik / Tarana Khudabakhshiyeva
Etibar İbrahimov

- Ötən əsrin 80-ci illəri, 90-cı illərin əvvəllərində Azərbaycanda şərq döyüş növləri ilə məşğul olmaq qadağan idi. Necə oldu ki, belə bir vaxtda taekvando ilə məşğul olmağa başladınız?

— 1989-cu ildə artıq döyüş filmləri geniş yayılmışdı. Brus Li, Jan Klod Van Dam və bu kimi film qəhrəmanlarının kinoları bir çox gənclərdə şərq döyüş növlərinə marağı artırmışdı. Mənim də marağım artmağa başladı. Hətta evdə artıq özüm şpaqat və digər idman hərəkətlərini öyrənmişdim. Bir gün televiziya verilişlərinin birində Azərbaycanda şərq döyüş növlərinin keçirilməsinə icazə verildiyi haqqında xəbər oxundu.

- Məşqə necə başladınız?

— O vaxt Savalan klubunda məşqçi Süleyman Məmmədli məşq keçirdi. Onda mən də 8-ci sinifdə oxuyurdum. Sinif yoldaşım ora məşqə gedirdi. Ona qoşulub məşqə getməyə başladım. Doğrusu, ilk 1 ayda evdə taekvando ilə məşğul olmaq üçün şəhərə getdiyimi bilmirdilər. Aylıq məşq üçün 13 manat verməli idim. Evdə mənə hər gün xərclik üçün 20 qəpik verirdilər. Məşqə gedəndə tramvaya öndən minib, arxadan düşürdüm ki, bilet pulu verməyim. Həmin pulları yığıb məşq pulunu ödəyirdim. Bir ay sonra evdə həqiqəti dedim və valideynlərim artıq mənlə razılaşdı, təbii ki, məşq üçün aylıq pulu onlar verdilər.

- İlk uğurunuz nə vaxt olub?

— 1990-cı ilin 9 martında taekvandoya yazıldım. 1991-ci ildə aprel ayında Azərbaycanda 60 kilo çəki dərəcəsində çempionu oldum. O zaman bizim üçün kilo, uğur fərqi yox idi. Əsas məqsədimiz çoxlu döyüş keçirmək idi.

- Bəzən mütəxəssislər bildirirlər ki, peşəkar idmançı olmaq üçün yalnız bir idman növündən başlayıb, sona kimi onunla məşğul olmaq lazımdır. Siz isə bir neçə idman növü ilə məşğul olsanız da, taekvando idman növündə uğur qazana bilmisiniz…

— Deməzdim ki, bu, mənə çətinlik yaradıb. Əksinə, hər bir idmanın mənə ayrıca köməyi olub. Məsələn, mənim rəqibin üzünə yumruq vurmaq qorxum var idi. Boksla məşğul olan zaman bu qorxuya qalib gələ bildim. Hətta onu deyim ki, mən boksda da qalsaydım, uğur qazana bilərdim. Sadəcə məktəbdə bir dəfə dava etdim və bir şagirdi döydüyüm üçün boksdan uzaqlaşdım.

- İlk idmançılardan olduğunuz üçün yəqin ki, rəqibləriniz də az olardı…

— Əksinə. O zaman da taekvandoya maraq böyük idi. Bir məşq zamanı zalda 60-70 nəfər olurdu. 1991-ci ildə aprel ayında Azərbaycan çempionu olaraq oktyabr ayında indiki MDB ölkələri arasında, o dövrdə isə keçmiş SSRİ çempionatında iştirak etdik. Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələr orada iştirak edirdi. Azərbaycanı xarici ölkələrdə təmsil edən ilk taekvandoçular Tərənnüm Bayramovla mən oldum. Həmin yarışda ikinci yeri qazandım.

- Etibar İbrahimov bu gün idmançı olsaydı, yenə həmin uğurları təkrarlaya bilərdi?

— Döyüşlərin birində məğlub olurdum. Süleyman müəllimə dedim ki, döyüşdə hakimlər tərəfkeşlik edir. Müəllimim mənə cavabında dedi ki, "sən nokaut elə və hakimlərə tərəfkeşlik etməyə imkan vermə". Ondan sonra artıq qərar verdim ki, döyüşdə nokaut etmək üçün əlimdən gələni etməliyəm. İdman karyeramda, demək olar, çox döyüşlərimi nokautla qələbə qazanmışam. Təbii, eyni taktika ilə yarışsaydım, yenə qalib gələrdim. Tək Azərbaycanda yox, dünyanın ən güclü idman məktəbi olanları da nokaut edə bilərdim.

- Etibar İbrahimov həm də Azərbaycanda ilk hakimlərdən biridir. Hakim kimi hər hansı idmançıya haqsızlıq etmisiniz?

— Əsla. Mən kiməsə pislik edə bilmərəm. Sabah Allah qarşısında cavab verəcəm. Ola bilər, bilmədən hər hansı cəriməni və ya zərbəni qeydə almamışıq. Amma bilərəkdən heç vaxt. Hətta olub ki, yarışdan qabaq valideyn qapıma gəlib, məndən kömək istəyib. Uşağın kimliyini soruşmadan valideyni qapıdan qovmuşam.

- Həm məşqçisiniz, həm beynəlxalq dərəcəli hakim, həm də idmançı olmusunuz. Sizin üçün hansı daha çətindir?

— İdmançı olanda düşünürdüm ki, məşqçi olmaq rahatdır. Elə bilirdim, həyəcanı ancaq idmançı keçirir. Məşqçi olandan sonra anladım ki, əksinə, məşqçi hər tələbəsi ilə o həyəcanı yaşayır. Amma hakimliyin çətinliyi daha çoxdur.

- Peşəkar idmançıya savad lazımdır?

— Mütləqdir. İdmançı döyüşə hərtərəfli hazır olmalıdır. Mən klubumda mütəmadi olaraq tələbələrin gündəliklərini yoxlayıram. Həmişə demişəm ki, savadsız insandan ağıllı və uğurlu idmançı olmaz. Özüm də oxumağa meylli olmuşam. Uşaq idim. Evdən pul verdilər ki, get 3 kilo şəkər tozu al. Mən gedib 2 kilo şəkər tozu aldım, bir kilonun puluna isə kitab aldım. Həmişə çox oxumuşam və nəticəsini də görmüşəm.

Teqlər:
Etibar İbrahimov, müsahibə, məşq, taekvando, hakim, idmançı

Əsas mövzular