22:06 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İDMAN
Qısa URL
324 0 0

Dünya çempionu: "Heç bir idmançı bilərəkdən bunu etməz"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Son illər Azərbaycanda dopinq qəbuluna görə idmandan uzaqlaşdırılan idmançılar sayı artıb. Hətta Olimpiya Oyunlarında qazandıqları medalları əllərindən alınan ağır atletlərimiz də var. Dopinq probleminin artıq Azərbaycanda da peşəkar idmançıların kabusuna çevrildiyini söyləmək olar.

Dopinq-test
© AP Photo / Alexander Zemlianichenko

Sputnik Azərbaycan-ın məlumatına görə, baş verənləri nəzərə alan Milli Məclis üzvləri dopinqlə bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediblər. Parlamentin birinci oxunuşda qəbul etdiyi dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin 143-1-ci maddəsinə (Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə) yeni cəza — azadlığın məhdudlaşdırılması əlavə olunub.

Həmin maddəyə təklif olunan variantda deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

İdman jurnalisti Sərxan Musalı Sputnik Azərbaycan-a bildirir ki, son 3-4 ildə idmanımızda, xüsusən ağır atletikada dopinq qəbul etmə hallarının geniş vüsət alması, ölkəmizin "qara siyahı"ya düşməsi AGİN və MOK-u ciddi addımlar atmağa sövq etdi: "Bu işə hökumət də dəstək verdi. Çünki Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Dopinqə Qarşı Mübarizə Sektorunun fəaliyyəti də qənaətbəxş deyildi. Bu üzdən həmin sektor ləğv olundu və ayrıca Milli Antidopinq Agentliyi yaradıldı".

"Bundan əlavə, gözlənildiyi kimi, qanunvericilikdə idmançını dopinqə təhrik edən şəxslərə qarşı cəzalar sərtləşdirildi. Bu da dopinqə qarşı mübarizədə önəmli addımdır. Bir idman jurnalisti kimi bu dəyişikliyi alqışlayıram" — Musalı deyir.

Güləş üzrə dünya çempionu Hacı Əliyev də parlamentin bu qərarı ilə razıdır: "Heç bir idmançı bilərəkdən dopinq qəbul etməz. Amma hansısa həkim və ya məşqçi bilərəkdən idmançıya dopinq içirərək karyerasını məhv edirsə, onlar cəza almalıdır. Dopinq idmançı üçün lazımsızdır. Çünki qanında dopinq aşkarlanan idmançı 1-4 il ərzində idmandan uzaqlaşdırılır. Bunu başqası bilərəkdən edirsə, həmin şəxs cəza almalıdır".

"Karyeram boyu belə halla rastlaşmamışam, nə də başqa idmançının belə halla rastlaşdığını görmişəm. Yenə deyirəm, belə hal aşkarlanarsa, mütləq şəkildə həmin insan cəzalanmalıdır" – deyə güləşçi əlavə edib.

Ağır atletika üzrə keçmiş dünya çempionu, məşqçi Nizami Paşayev isə iddia edir ki, heç bir həkim və ya məşqçi heç bir idmançını dopinq qəbul etməyə məcbur edə bilməz: "Bu qərarın dopinq qalmaqallarının qarşısını alacağına inanmıram. Hələ də dopinq qalmaqalı davam edir. Karyeram boyu hansısa idmançının dopinq qəbul edilməsinə məcbur edildiyinin şahidi olmamışam".

Əlaqədar

AMADA: Dopinqə düşən idmançılarımızın Rusiya ilə əlaqəsi yoxdur
Azərbaycanlı idmançı dopinq iddiasını rədd edir
Azərbaycanın ikiqat dünya çempionunda dopinq aşkarlandı
Putin: İdmanda dopinqin yeri olmayıb və olmayacaq
Teqlər:
istifadə, Sputnik Azərbaycan, dopinq, idmançı, Azərbaycan, cəza

Əsas mövzular