Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çingiz Hüseynzadədən Ramil Quliyevlə bağlı etiraf

© Sputnik / Murad OrujovÇingiz Hüseynzadə, arxiv şəkli
Çingiz Hüseynzadə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Çox sevindirici haldır ki, bizim idmançımız, bizim yetişdirdiyimiz idmançı dünya çempionu oldu”

BAKI, 15 avqust — Sputnik. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında azərbaycanlı atlet Ramil Quliyevin dünya çempionu olmasından danışarkən, bunun çox sevindirici hal olduğunu deyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Hüseynzadə "Çox sevindirici haldır ki, bizim idmançımız, bizim yetişdirdiyimiz idmançı dünya çempionu oldu" — deyə bildirib.

Quliyevin Türkiyə və Azərbaycan tarixində bir ilkə imza atdığını vurğulayan Hüseynov onu Londonda olanda da təbrik etdiyini deyib:

"Finala çıxanda bilirdik ki, Ramilin medal qazanmaq şansı var. Biz türkiyəli rəsmilərlə görüşdük və belə qərara gəldik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını dalğalandıracaq. Ona bayrağı da biz verdik. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Həmin o qələbə zamanı Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti birinci bizi təbrik etdi. Dedi ki, bilirəm o sizin müştərək idmançınızdır”.

Atlet Ramil Quliyev - Sputnik Azərbaycan
İDMAN
Dünya çempionu Azərbaycan bayrağı ilə dövrə vurdu

Çingiz Hüseynzadə daha əvvəl Quliyevlə bağlı dediklərinə belə şərh verib: "Ramil Quliyevin getməsi ilə əlaqədar mənim müsahibələrimi üzə çıxarırlar. Mən heç birini təkzib etmirəm. Mənim dediklərim onun idmançı kimi yaxşı olmasına aid deyil. 2015-ci ildən öncə məndən soruşublar, demişəm ki, nəticəsi olmayacaq. Rio Olimpiadasından qabaq da demişəm”.

Çingiz Hüseynzadə Ramil Quliyevlə bağlı müəyyən etiraflarda da bulunub:

"Ramil məsələsinin idman və mənəvi tərəfi var. Saytlar yazırlar ki, federasiya Ramilə pul verməyib. Nə verdiyimizi demək istəmirəm. Ramil Azərbaycanda yeganə idmançıdır ki, 19 yaşında evlə təmin edilib. O, "Neftçi" klubundan yaxşı maaş alıb. Ən yüksək maaş olub. Bütün idmançılara verilən qədər pul verilirdi. Onun haqqında araşdırma aparın. Görün Azərbaycanı necə tərk edib? Mən dəfələrlə legioner söhbətləri haqqında danışmışam. Həmişə demişəm ki, idmançılar istənilən ölkə adına çıxış edə bilərlər".

Hüseynzadə Quliyevin 6 il əvvəl fərarilik etdiyini deyib:

"O, Bakıya ölkə çempionatında çıxış etməyə gəlirdi. Biz bir il sonra xəbər tutduq ki, Ramil Türkiyə vətəndaşlığını qəbul edib. Həmin vaxt onun keçidinə rahatlıqla icazə versəydik, bizə qınayacaqdılar ki, niyə buraxdınız. Mənim Quliyevlə bağlı problemim yoxdur. O, 6 il əvvəl fərarilik edib. Bunu bir də deyirəm. Lakin bunun onun indi qazandığı uğura dəxli yoxdur. Ramil indi qəhrəmandır. Ona qaçmağı biz öyrətmişik. Tofiq Əliyevin yetirməsidir. Lakin heç yerdə bu adamın adını çəkmir. Bu, artıq mənəvi məsələdir. O, bir çox şeyləri demir".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Quliyevin Azərbaycana dönməsinin real olmadığını da söyləyib: "Quliyev artıq Azərbaycana qayıda bilməz. O, Türkiyə vətəndaşlığından imtina etməyəcək. Həm də Türkiyə Atletika Federasiyası buna imkan verməz. Bəlkələrlə danışmayaq, "bəlkəni" əkiblər, bitməyib. Özünüz araşdırın. Ramil Rusiyaya getmək istəyirdi, Türkiyə haqda heç düşünmürdü də. Niyə Rusiyaya getmədi? Rusiya Atletika Federasiyasının prezidenti mənə zəng etdi ki, sizdən bir nəfə bizə müraciət edib, lakin biz münasibətləri korlamaq istəmirik. Biz Ramil inkişaf etsin deyə, Türkiyəyə getməyə şərait yaratdıq".

Ramil Quliyev - Sputnik Azərbaycan
Prezident dünya çempionu olan azərbaycanlını təbrik etdi

Federasiya prezidenti bu gün Azərbaycanda qaçış üçün müvafiq infrastrukturun olmadığını bildirib: "Bu gün də Azərbaycanda qaçış üçün istənilən baza yoxdur. Heç bir rayonda qaçış zolaqları yoxdur. Atletika üçün xüsusi stadionlar yoxdur. Biz adətən xaricə getməyi düşünürük. Bizdə problemlər çoxdur. Bizim dediklərimizə inanmaya bilərsiz, amma araşdırmalar aparsanız, özünüz görərsiniz”.

Hüseynzadə İngiltərə mətbuatına açıqlama verən və Azərbaycanı tənqid edən Layeş Abdullayev haqqında da açıqlama verib. O, "The Guardian" qəzetini Azərbaycana qarşı qərəzli mövqe tutmaqda günahlandırıb.

""The Guardian" qəzeti Azərbaycan haqqında 4000 məqalə yazıb. Azərbaycana qarşı qərəzli mövqe tutduğundan bu nəşr Avropa Oyunlarına akkreditə edilməmişdi. Onlar indi də bizə qarşı qərəzli mövqeni davam etdirir. Mən Britaniyadakı səfirliyimiz vasitəsilə "Guardian"a mesaj göndərmişəm. Onlardan təkzib yazmağı tələb etmişik. Lakin onlar əməllərindən əl çəkmirlər. Onun yazdıqlarına siz jurnalistlər cavab verməlisiz, məmurlar yox. Jurnalistə məmurun cavabı düzgün deyil. Abdullayev deyib ki, mən 7 min dollar mənimsəmişəm. Layeşin Azərbaycan Yüngül Atletika Federasiyası ilə müqaviləsi yox idi, klubla var idi. Onun dediyi pullar 3-cü İslam Həmrəylik Oyunları ilə bağlı verilən mükafat idi. O pulu nazirlik vermişdi. Bu mənə necə çata bilər? Layeş burada nə qədər pul qazanıb? Onun Efiopiyada taksi şirkəti, obyektləri var” — deyə Federasiya prezidenti bildirib.

Ramil Quliyev - Sputnik Azərbaycan
İDMAN
Məşqçisi Ramil Quliyevdən narazılıq etdi: "Onu təbrik etməyəcəm"

Xatırladaq ki, azərbaycanlı atlet, Türkiyə bayrağı altında mübarizə aparan Ramil Quliyev Londonda keçirilən Dünya Atletika Çempionatında qızıl medal qazanıb.

O, 200 metr qaçış üzrə Türkiyəyə tarixində ilk dəfə dünya çempionluğu və qızıl medal qazandırıb. Yarışı qalibiyyətlə başa vuran idmançı Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da götürərək dövrə vurub.

Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və “Brilliant Liqa”nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.

Xəbər lenti
0