00:22 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
154 0 0

Natiq Muxtarlı hesab edir ki, AFFA-nın yanlış siyasəti nəticəsində topa həsrət qalan uşaqların arasında neçə-neçə istedad məhv olur

BAKI, 15 iyun — Sputnik. Futbol üzrə milli yığmamızın baş məşqçisi Robert Prosineçkinin "sükan arxasından" ayrılması iddiası yenidən gündəmə gəlib. Hətta yaxın günlərdə Robert Prosineçkinin AFFA rəhbərliyi ilə görüşəcəyi və müqaviləni vaxtından əvvəl pozacağı bildirilir. Türkiyə mediası yazır ki, baş məşqçi Türkiyənin "Bursaspor" klubuna keçəcək. Təbii, AFFA nümayəndəsi bu məsələyə birmənalı yanaşıb və Robert Prosineçki ilə müqavilələrinin ilin sonuna kimi olduğunu qeyd edib. Sputnik Azərbaycan idman jurnalistlərindən Prosineçki postundan gedərsə, onun əvəzinə kimin gəlməsini daha məqsədəuyğun saydıqlarını soruşub.

Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev deyib ki, Prosineçki gedəcəksə, onu müvəqqəti kimsə əvəzləməlidir: "Bir daha təkrar edirəm – müvəqqəti. "Bir nömrəli namizəd" olan Qurban Qurbanova hələ dəymək olmaz. O, "Qarabağ"la ÇL-ə hazırlaşır və fikirlərini iki yerə bölməməlidir. Getməyini istəmədiyim Roberti qısa müddətə əvəzləmək üçün bir neçə mütəxəssisin adını çəkmək olar. Bu, gənclər də ola bilər, sabiq, tanınmışlar da. "Köhnələr"dən Məşqçilər Komitəsinin üzvləri, yenilərdən isə Adil Şükürov, Tərlan Əhmədov və başqaları bu posta gələ bilər".

"Gec-tez Qurban Qurbanov millinin baş məşqçisi olacaq. Ona rahat hazırlıq dövrü təqdim etmək, 2-3 oyunla yormamaq lazımdır" – deyə Kənan Məstəliyev əlavə edib.

Apasport saytının baş redaktoru İxtiyar Əsgərov bildirib ki, Prosineçkinin milli komandadan gedəcəyi barədə hələlik rəsmi xəbər yoxdur:

"AFFA israrla xorvatiyalı çalışdırıcının 2017-ci ilin sonunadək yığmamızda qalacağını bildirir. Prosineçki özü də həmin vaxtadək Azərbaycanda çalışacağını vurğulayıb. Amma onun gedəcəyi təqdirdə milli komandaya ən layiqli namizəd isə Qurban Qurbanovu görürəm".

Kaspi qəzetinin redaktoru Natiq Muxtarlı məsələyə münasibət bildirərkən deyib ki, Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçi postundan getməsi yığmanın nəticələrinə ciddi təsir etməyəcək:

"Onun yerinə gələcək şəxs də milli komanda ilə uğurlu nəticələrə qazana bilməyəcək. Bu mənada, Prosineçkinin yığmada qalıb-qalmamağının, onu kimin əvəz edib-etməməyinin heç bir əhəmiyyəti yoxdur. Uzaqbaşı, yeni gələn məşqçi 1 xal az və ya çox toplayacaq. Amma görünən odur ki, Azərbaycan yığması böyük turnirlərə vəsiqə əldə edəcək səviyyədə deyil. Bunun günahını isə məşqçilərdə axtarmamalıyıq. Azərbaycan futbolunda uğurlu nəticələrin olması üçün ilk növbədə, AFFA yenidən qurulmalıdır. Peşəkar idarəetmə qabiliyyəti olan, Azərbaycan futbolunun spesifik xüsusiyyətlərini bilən idarəçilərdən ibarət AFFA qurulmalıdır. Bu təşkilatın futbolun inkişafı ilə bağlı düşünülmüş strategiyası olmalıdır".

Muxtarlı futbolla bağlı reklam siyasətinin də düzgün olmadığını dilə gətirib:

"DÇ-in seçmə mərhələ oyunlarının keçirildiyi stadionlarda SOCAR-ın reklamları yer alır. Amma Masallıda, Tovuzda, Gəncədə, Şirvanda, Sabirabadda, Cəlilabada uşaqlar futbol oynamaq üçün adicə top da tapa bilmirlər. O reklam Azərbaycan futboluna nə verir? Heç nə. Ancaq əvəzində topa həsrət qalan o uşaqların arasında neçə-neçə istedad məhv olur. Ona görə də, ilk növbədə AFFA-ya futbolu bilən prezident rəhbərlik etməlidir, peşəkar idarəetmə strukturu qurulmalıdır. Bütün bunlar olmayana qədər, biz ancaq hansısa məşqçilərin gəlişini və gedişini müzakirə edəcəyik".

Komanda saytının baş redaktoru Rəşad Ergün Robert Prosineçkinin getməsini müsbət hal kimi dəyərləndirib:

"Ən yaxşı variant xorvat mütəxəssislə elə indi — "Bursaspor"dan ona təklif gəlmişkən vidalaşmaqdır. Hətta AFFA rəsmiləri Türkiyə klubundan müəyyən kompensasiya da tələb edə bilər. Prosineçkini müqaviləsi bitməmiş buraxmağın qarşılığı olaraq".

"Bir sözlə, AFFA artıq Prosinekçki "dəftər"ini bağlamalı, yeni dövrə — 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlığa başlamalıdır. Və bu hazırlıq əcnəbi mütəxəssisin yox, yerli — "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun rəhbərliyi altında həyata keçirilməlidir. Zatən Rövnəq Abdullayevin federasiyasının bu gün hansısa tanınmış əcnəbi məşqçiyə verməyə pulunun olduğuna inanmırıq. Berti Foqts, Robert Prosineçki kimi tanınmışlar isə pula gəlir — nəticə pisdir, yaxşıdır, fərq etməz. Onlar Azərbaycan kimi ölkələri pula görə seçirlər. Pul isə… Artıq əvvəlki kimi neft borularımızdan pul axmır" — deyə Ergün bildirib. 

Əlaqədar

"Azərbaycanda futbol yox dərəcəsindədir"
Futbol yığmasının məşqçisi istefa verir
Futbol bayramı davam edir
Teqlər:
Rəşad Ergün, Qurban Qurbanov, İxtiyar Əsgərov, Natiq Muxtarlı, futbol, AFFA, Robert Prosineçki, Azərbaycan

Əsas mövzular