Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Çalışırıq ki, hər kəs bu idman növünün ab-havasını hiss edə bilsin"

© Sputnik / Murad OrujovРуководитель отдела маркетинга и коммуникаций операционной компании Baku City Circuit Нигяр Арпадараи
Руководитель отдела маркетинга и коммуникаций операционной компании Baku City Circuit Нигяр Арпадараи - Sputnik Azərbaycan
Abunə olmaq
Nigar Arpadarai: "Bizim məqsədimiz bu layihəni biznes-layihəyə çevirməkdir"

BAKI, 14 may — Sputnik. Bakıda Formula 1 yarışlarının başlamasına çox az vaxt qalıb. Yarışın ilk günü iyulun 23-nə təsadüf edəcək. Artıq xeyli vaxtdır ki, şəhərdə hazırlıqlar tam sürətlə davam etdirilir. Bu dəfə yarışda görəcəyimiz yeniliklər, görülən işlər barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

- Nigar xanım, keçən il Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışının məqsədi ölkəni tanıtmaq və turist cəlb etmək idi. Növbəti illərdə ölkəmizdə baş tutacaq Formula 1 yarışlarında qarşınıza qoyduğunuz məqsədlər hansılardır?

— Ümumilikdə, bizim məqsədimiz bu layihəni biznes-layihəyə çevirməkdir. Turizm potensialına, ölkənin tanıtımına dəstək olmaqdır. Çünki Formula 1 yarışı keçirilən 21 ölkə arasında fərqlənməliyik. Formula 1 fanatları üçün yaddaqalan tanıtım etməliyik ki, onlar bizi seçib, ölkəmizdə keçiriləcək yarışa gəlsinlər. Bu, 10 illik layihədir. Biz istəyirik ki, biletlərin hamısı satılsın. Çalışırıq ki, xaricdən gələn turistlərin sayı daha çox olsun. Digər tərəfdən, istəyirik ki, yerli vətəndaşlar Formula 1-i idman növü kimi sevsinlər və seçsinlər. Hazırda Formula 1-in fan klubu var, amma üzvləri azdır. İstəyirik ki, fan klubun üzvləri artsın. Bu yarışın keçirilməsi ənənəyə çevrilsin. 

- Yarışa bir aydan bir az çox vaxt qalıb. Bilet satışında keçən ilə nisbətən irəliləyiş var?

— Dekabr ayının 2-dən bilet satışına başladıq. Artıq bu ilin fevral ayında satılan biletlərin sayı keçən ilin may ayında satılan biletlərin sayına bərabər idi. Hal-hazırda 48 ölkədən Formula 1 həvəskarları bilet alıb. Ən çox Rusiya, İngiltərə, ərəb ölkələrindən bilet alınıb. Avropa vətəndaşları da bilet alıblar.

- Keçən il Formula 1 yarışı Azərbaycana turist axınına səbəb oldu. Ərəb ölkələrindən turistlərin axını müşahidə edildi. Növbəti hədəf hansı ölkə vətəndaşları olacaq?

— Ərəb ölkələri ilə viza məsələsi asanlaşdığı üçün bu ölkələrdən gələnlərin sayı çox oldu. Amma yarış zamanı almanlar, britaniyalılar və Avropanın digər ölkələrinin vətəndaşları da var idi. Bu ildən etibarən Asan Viza layihəsi həyata keçirilməyə başlayıb. Düşünürəm ki, bu da daha çox turist axınına səbəb olacaq.

- Bu yarışa vətəndaşlar arasında fərqli münasibət var. Bəziləri deyir ki, Azərbaycanlı pilotumuz yoxdursa, niyə o yarışa baxmalıyıq. Qarşıdan gələn illərdə Azərbaycanın da Formula 1-də iştirak edəcək komandası yaradıla bilər?

— Formula 1 pilotuna çevrilmək çox çətindir. Dünyada cəmi 10 pilot bu yarışlarda iştirak edir. Formula 1 pilotu yetişdirmək üçün ən azı kartinqlər olmalıdır. Bizdə isə cəmi bir kartinq fəaliyyət göstərir. Ölkədə bu idman növünün ənənəsi olmalıdır. Daha sonra Formula 4, Formula 3 və digər kateqoriyalarda iştirak edəndən sonra pilot böyük təcrübə toplayaraq Formula 1-də iştirak edir. Bizdə də ənənə yaranarsa, nə vaxtsa Formula 1 də bizim təmsil edə bilən pilotumuz ola bilər. İndiki mərhələdə bu mümkün deyil.

- Ölkədəki böyük səhmdarlardan hansısa biri pilotu xaricdən gətirmək şərti ilə Azərbaycanın Formula 1 komandasını yaratmaq üçün sizə müraciət edib?

— Hələ ki, belə bir təklif olmayıb. Bunun üçün ənənə yaranmalıdır. Bu yolu keçməliyik. Mümkündür ki, sonralar belə səhmdarlar olsun. 

Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda təlim - Sputnik Azərbaycan
Jurnalistlər Formula-1-in qaydaları ilə tanış oldular

- Tarkana 1 milyon manat məbləğində pul verib gətirməyiniz doğrudur?

— Bəzi media orqanları istinad olmadan belə məlumat yayıb. Təbii ki, yanlış məlumatdır. Qeyd edim ki, müğənni ilə müqavilənin şərtlərinə görə, nə müğənni, nə də biz həmin məbləği açıqlaya bilmərik. Bircə onu deyə bilərəm ki, 1 milyon manat şişirdilmiş məbləğdir.

- Ötən il tribunalarda boş yerlər var idi. Bu il necə olacaq?

— Tribunalar test yürüşləri zamanı boş olur. Amma bu o demək deyil ki, biletlər satılmayıb. Sadəcə, insanlar əsas yarış gününə daha çox üstünlük verirlər. Test yürüşlərinə o qədər də əhəmiyyət vermirlər.

- Formula 1 yarışına biletlər çox bahadır və bu da hamının bu yarışlara gəlməsinə imkan vermir. Kasıb təbəqədən olan Formula 1 həvəskarları üçün hansısa güzəştlər nəzərdə tutulub?

— Bütün dünyada Formula 1 yarışlarına biletlər çox bahadır. Biz çalışırıq ki, yerli əhali üçün hər cür şərait yaradaq, onlar yarışları daha yaxından hiss edə bilsinlər. Bu il yarışın bilet qiymətlərini manatla elan etdik. Biletləri müxtəlif kateqoriyalar üzrə və yarış günlərinə görə elə böldük ki, hər kəs öz cibinə uyğun bilet ala bilsin. Bu il Sahil parkında xüsusi zona açırıq. Orada biletlər 10 manatdan başlayan qiymətlərlə satılacaq. Burada da əyləncə məkanları olacaq və insanlar Formula 1 yarışına daha yaxından baxa biləcəklər. Amma bu bileti alan insanların bulvara girişi olmayacaq və eyni zamanda konsertlərə qatıla bilməyəcəklər. Biz çalışırıq ki, hər kəs bu idman növünün ab-havasını hiss edə bilsin.

Xəbər lenti
0