06:59 19 Noyabr 2017
Canlı yayım
Fateh Bağırov

Azərbaycanda qeyri-adi gücə malik uşaq

© Sputnik / Ilham Ahmadov
İDMAN
Qısa URL
135920

O, sınmış şüşələrin üzərində ayaqyalın gəzir, başı ilə şüşələri sındırır, şüşələrin üstünə uzanaraq qarnının üzərinə başqa bir uşağı çıxarır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Altı yaşlı Fateh Bağırovu Qəbələdə hamı "balaca pəhləvan" adlandırır. O, sınmış şüşələrin üzərində ayaqyalın gəzir, başı ilə şüşələri sındırır, şüşələrin üstünə uzanaraq qarnının üzərinə başqa bir uşağı çıxarır. Üstəlik onun qarnının üstündə çəkiclə çay daşı sındırırlar.

Şüşə qırıqlarının üzərinə uzanmış Fatehin üstünə hələ başqa bir uşaq da çıxır
© Sputnik / Ilham Ahmadov
Şüşə qırıqlarının üzərinə uzanmış Fatehin üstünə hələ başqa bir uşaq da çıxır

Sputnik Azərbaycan-ın bölgə müxbiri "Qəbələ" İdman Klubunun məşq zalında, balaca pəhləvanın göstərdiyi məharəti müşahidə edib. Məlumdur ki, azyaşlı uşaq üçün bu cür təhlükəli hərəkətləri xəsarətsiz başa vurmaq çox çətindir. Lakin Fatehin qeyri-adi bacarığı həqiqətən valehedicidir.

Bu pəhləvan həm də cüdo ilə məşğul olur. Bu yaxınlarda Gəncədə keçirilən zona yarışında ikinci yeri tutaraq gümüş medal qazanan Fatehin ən böyük arzusu tanınmış pəhləvan və cüdo üzrə məşqçi olmaqdır.

"Qəbələ" İdman Klubunun baş məşqçisi, idman ustası, Fatehin məşqçisi Rail İsmayılov deyir ki, Fatehdə kiçik yaşlarından cüdoya böyük maraq olub: "O, həmyaşıdlarından fərqli olaraq çox cəld və bacarıqlıdır, hər şeyi tez öyrənir. Bu uşağın qorxu bilməməsi həm də onun digər bir istedadını, pəhləvanlıq bacarığını üzə çıxarıb. Deyirlər, ot kökü üstə bitər. Balaca Fatehin atası və əmisi də idmançıdır. Onun pəhləvan kimi yetişməsində isə atasının böyük rolu var. Ümid edirik ki, müntəzəm məşqlər edən Fateh, tezliklə daha böyük məkanlarda pəhləvan kimi öz məharətini göstərə biləcək".

Fateh Bağırov diplomu ilə
© Sputnik / Ilham Ahmadov
Fateh Bağırov diplomu ilə

"Fateh bir ildir ki, cüdo ilə məşğul olmasına baxmayaraq, artıq yarışlarda fərqlənir. O, cüdoya olan həvəsi, həm də fərqli düşüncəsi və ağılı ilə seçilir. Pəhləvanlıq bizim milli idman növümüzdür. Bu yaşda uşağın pəhləvanlıq eləməsi, daş və şüşə ilə bu cür təhlükəli davranması möcüzədir" – məşqçi bildirir.

Fateh özü isə qeyri-adi bacarığını belə izah edir: "Mən şüşədən, saxsıdan, daşdan qorxmuram. Həm cüdo ilə məşğul oluram, yarışda ikinci yerə çıxmışam, şüşənin üstündə gəzirəm, atam qarnımda daş sındırır, uşaqlar qarnımın üstünə çıxır".

"Başqa uşaqlar bu hərəkətləri etməyə qorxur, amma mən qorxmuram. Məni rayonda hamı "balaca pəhləvan" kimi tanıyır. Şuşə məni kəsmir. Mən tanınmış cüdoçu olmaq istəyirəm. Çoxlu medallar qazanmaq istəyirəm" – balaca pəhləvan əlavə edir.

Əlaqədar

Azərbaycanlı pəhləvan izləyiciləri heyrətə saldı
Yeniyetmə pəhləvanlar öz güclərini sınayırlar
Teqlər:
"balaca pəhləvan", Fateh Bağırov, Qəbələ, cüdo, idman

Əsas mövzular