15:22 22 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
İDMAN
Qısa URL
49230

Taekvondoçu: "İşimlə həyatımı qarışdırmıram. Həyatın başqa qanunları var, idmanın başqa qanunları".

BAKI, 14 fev — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Milli Olimpiya Komitəsi (MOK) ilə birlikdə həyata keçirdiyi "Olimpiyaçılarla idmandan kənar" rubrikasının növbəti sayını təqdim edirik. Rubrikanın budəfəki qonağı Rio-2016 Olimpiya oyunlarının iştirakçısı və Taekvando üzrə milli komandanın üzvü Fəridə Əzizovadır.

- Fəridə, Rio-2016 Olimpiadası bitəndən sonra hansı planlarınızı həyata keçirdiniz?

— Olimpiadadan sonra bir qədər dincəldim. Çünki olimpiadadan əvvəl və oyunlar zamanı  idmançı çox yorulur. Olimpiadadan sonra heç bir yarış yoxdursa idmançının bir qədər dincəlməsi yaxşıdır. Çünki idman yarışı zamanı idmançı həm psixoloji və mənəvi, həm də fiziki cəhətdən yorulur. Mən də bir ay dincəldim, enerji topladım və idmanıma davam elədim. 

- Fəridə Əzizova necə istirahət edir?

— Mən şəxsən passiv yox, aktiv istirahət etməyə üstünlük verirəm. Amma idmançı çox yorğundursa, o zaman 2-3 gün passiv istirahət edə bilər. Amma passiv istirahət 2-3 gündən çox olmamalıdır. Daha çox passiv həyat idman karyerasına təsir göstərə bilər və o daha sonra çətinliklər çəkə bilər və hətta idmançıya psixoloji təsir edərək onun idmanı atmasına səbəb ola bilər. Bunları nəzərə alaraq mən aktiv istirahətə üstünlük verdim. 

- İdmançı kimi istirahətini necə qurursunuz?

— Mən istirahətimi digər idman növləri ilə qururam. Velosiped sürürəm, bilyard və boulinq oynayıram. Şəkil çəkməyi sevirəm. Məxfi agentlər haqqında filmlərə baxmağı xoşlayıram və çalışıram günümü belə keçirim. 

- Fəridə Əzizovanın gün rejimi necədir?

— Hansı saatda yuxudan oyanmasına baxmayaraq, idmançı gününü itirməməyə çalışmalıdır. Aktiv günə başlamaq üçün səhər duran kimi ilıq su ilə duş qəbul edirəm. Duşun qəbul edilməsi gün boyu gümrah olmağa kömək edir. Axşamlar isə isti su ilə duş alıb yatıram. Bu da bütün günün yorğunluğunu çıxarır və rahat yatmağa səbəb olur.

- İdmançı olaraq necə qidalanırsınız?

— Yarış öncəsi bir çox peşəkar idmançılar kimi mən də özümə daha çox qida qadağaları qoyuram. Amma istirahət zamanı artıq bu qadağaları pozuram və istədiyimi yeyirəm. Doğrudur, istirahət zamanı çəkim bir neçə kilo arta bilər. Amma məşqləri bərpa edən zaman artıq yığılan əlavə çəkilər tez əriyir. Bunun üçün 1-2 həftə bəs edir. O ki qaldı qidalanmağıma, axşam 8-dən sonra ağır yeməklər yemirəm. Gecə acanda yoğurt və meyvə yeməklə kifayətlənirəm. 

- Hobbi insanın daxilindən gələn emosiyaları bildirir. Sizin hobbiniz rəsm çəkməkdir. Çəkdiyiniz rəsmlərlə nəyi demək istəyirsiniz?

— Rəsm çəkdiyim an düşündüyümü çəkirəm. Adətən idman mövzusuna üstünlük verirəm, ya da gün ərzində gördüyüm hadisələri ağ kağıza köçürməyə çalışıram. 

- Çəkdiyiniz rəsmlərdən bilinir ki, güclü görünsəniz də, daxilən çox romantik birisiniz. 

— Bəli romantikəm. Bunu gizlədə bilmərəm. Bu hər bir insanın içində var. 

- Çəkdiyiniz rəsmlərdən hansı sənə yaxındır?

— Ən çox hərbi mövzuya aid rəsmlərimi sevirəm. Çünki gələcəkdə özüm də hərbçi və ya polis olmaq istərdim. Bir sözlə idmanı atandan sonra dövlətimə xidmət etmək istəyirəm.

- Romantik insan dünyaya, insanlara qarşı da yumşaq davranır. Döyüşlərə bu təsir edir?

— Mən elə insanam ki, işim ilə həyatımı qarışdırmıram. Həyatın başqa qanunları var, idmanın başqa qanunları. Həyatda sakit insanam, döyüşdə də aqressiv olmamağa çalışıram. Rəqibimə hörmət edirəm və çalışıram təmiz qələbə qazanım.

Əlaqədar

Fəridə Əzizova Olimpiadanın yarımfinalına çıxıb
Fəridə Əzizova: Formula 1 ölkəmizin tanınmasına xidmət edəcək
Teqlər:
idman mövzusu, hərbi mövzuya aid rəsmlər, "Olimpiyaçılarla idmandan kənar" rubrikası, hərbçi, polis, Rio-2016 Olimpiadası, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi, Milli Olimpiya Komitəsi, Fəridə Əzizova

Əsas mövzular