13:14 25 Fevral 2018
Canlı yayım
Olimpiya oyunlarının açılış mərasimi

Rio-2016: rekordlar, haqsızlıqlar, oğurluqlarla dolu idman karnavalı

© REUTERS/ Kai Pfaffenbach
İDMAN
Qısa URL
74702

Rio-2016 Olimpiadasında iştirak edən Azərbaycan atletləri 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanaraq bu yarışı 39-cu pillədə başa vurdular.

Murad Qoçuoğlu, xüsusi olaraq Sputnik Azərbaycan üçün

Avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarını planetimizin bütün qitələrində böyük maraqla izlədilər. Gözəl coğrafi mövqeyi, əsrarəngiz təbiəti və təzadlı həyat şəraiti ilə seçilən, dünyanın məşhur turizm məkanlarından biri kimi tanınan Braziliyanın Rio-de-Janeyro şəhəri Cənubi Amerikada ilk dəfə olaraq, Yay Olimpiya Oyunlarına ev sahibliyi etməklə zəngin tarixinin daha bir qızıl səhifəsini yazdı. XXXI Yay Olimpiya Oyunlarında 207 ölkədən 11 mindən artıq atlet qələbə uğrunda gərgin mübarizə apardı. Olimpiadada iştirak edən ölkələrdən yalnız 87-si müxtəlif əyarlı medallar qazana bildi. Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanaraq bu möhtəşəm yarışı medal qazanan ölkələr arasında 39-cu pillədə başa vurdular. 

Avropada dördüncü yer 

Rio-2016 bir çox maraqlı məqamları ilə yanaşı, rekordları ilə də yadda qaldı. Azərbaycanın Olimpiya komandası da Rio-2016-da həm lisenziyaların, atletlərin, həm çıxış etdiyimiz idman növlərinin və əldə olunan medalların sayında, həm də taekvondo və boksda yeni tarixi izlər qoyaraq, çoxsaylı rekordlar qazandılar. Olimpiya komandamızın üzvləri arasında təbii ki, ən yaxşı nəticəni taekvondoçular göstərdilər. Olimpiadaya ilk dəfə tam heyətlə —  4 idmançı ilə yollanan taekvondoçularımız 1 qızıl və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanaraq bu idman növündə tarixi izlər qoydular. Olimpiadada Patimat Abakarovanın (49 kq) və Miladi Beiqi Herçeqaninin (80 kq) bürünc mükafatları taekvondo üzrə milli komandamızın qadınlar və kişilər arasında əldə etdiyi ilk medal idi. Olimpiya Oyunlarında ölkəmizin idman tarixində həm taekvondo idman növündə, həm də Olimpiya komandamıza yeganə qızıl medalı Radik İsayev (+80 kq) qazandırdı. R. İsayev finalda Nigeriya idmançısı Abdulrazzak İssufu 6:2 hesabı ilə məğlub edərək Olimpiya çempionu oldu. Qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) isə yarışlarda 5-ci yeri tutdu. Belə ki, 4 taekvondoçumuzdan 3-nün medal qazanması idmançı sayına nisbətdə 75 faiz nəticə anlamına gəlir ki, bu da Olimpiadada möhtəşəm uğur deməkdir. Rio-2016-da qazanılan nəticələrə görə dördüncü yeri tutaraq, ən yaxşı yığmalardan biri kimi tarixə düşən taekvondo üzrə Azərbaycan millisi Olimpiadanı MDB ölkələri arasında birinci, Avropada isə ikinci yerdə başa vurdu. Qeyd etmək yerinə düşər ki, taekvondonun vətəni sayılan Koreya Respublikasının idmançıları  bu idman növündə (2 qızıl, 3 bürünc medal) güclü rəqib olduqlarını nümayiş etdirsələr də, Azərbaycan, Böyük Britaniya və Afrika ölkələrinin atletləri də öz potensial imkanlarını yüksək səviyyədə ortaya qoyaraq, bu idman növünün yayılma coğrafiyasına yeni çalarlar əlavə etdilər.

Yay Olimpiya Oyunlarında medal qazanan atletlərimiz arasında güləşçilərimiz, bir qayda olaraq, xüsusilə fərqləniblər. Bu da ölkəmizdə güləşin qədim tarixi kökləri ilə bağlıdır. Elə bir azərbaycanlı tapmaq çətindir ki, uşaq və yeniyetmə çağlarında bu və ya digər səviyyədə güləşlə məşğul olmasın. Bu mənada bütün Olimpiadalarda medal qazanmağa şanslı atletlərimiz arasında güləşçilərimizin daha önəmli mövqeyə sahib olması başadüşüləndir. Rio-2016-da qələbə uğrunda mübarizə aparan güləşçilərimizin də təbii ki, yüksək nəticələr gözlənilirdi. Ən müxtəlif səviyyələrdə verilən bu proqnozları Olimpiadada iştirak edən güləşçilərimiz ləyaqətlə doğrultdular. Olimpiadanın güləş yarışlarında 14 idmançı ilə çıxış edən milli komandamız 3 gümüş və 6 bürünc olmaqla 9 medal qazandılar. Bu nəticə ölkəmizin müstəqil dövlət kimi indiyədək iştirak etdiyi Olimpiya Oyunları ilə müqayisədə güləş idman növündə ən cox medal qazanılan Olimpiadadır. Ölkəmizin Olimpiya tarixində yeni bir səhifə açan güləşçilərimiz qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdürüblər — hərəyə 9 medal.

Yarışların ilk üç günündə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçilərimizdən  Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə yunan-Roma üzrə yığmamız  Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü olublar. Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən 3 idmançımız 1 gümüş və 1 bürünc medal əldə ediblər. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş, Nataliya Sinişin (53 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yerdə qərarlaşıb.

Rio-2016 qadın güləşində medallar

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Yaponiya

4

1

0

5

2-3

Kanada

1

0

0

1

 

ABŞ

1

0

0

1

4

Rusiya

0

2

1

3

5

Qazaxıstan

0

1

2

3

6

Azərbaycan

0

1

1

2

7

Belarus

0

1

0

1

8-9

Çin

0

0

2

2

 

İsveç

0

0

2

2

10-13

Hindistan

0

0

1

1

 

Tunis

0

0

1

1

 

Bolqarıstan

0

0

1

1

 

Polşa

0

0

1

1

Yarışların son üç günündə qələbə uğrunda altı çəki dərəcəsində əzmlə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz də yığmamızın medallar qalareyasını daha da zənginləşdiriblər. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş üzrə yarışlarda öz qüvvəsini sınayan 6 pəhləvanəmızdan — Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) gümüş, Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) isə bürünc medallar qazanıblar.  Medalların sayına (2 gümüş, 3 bürünc medal) və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə, sərbəst güləş üzrə yığmamız birinci yerə yüksəlib.

Rio-2016 sərbəst güləşdə medallar

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

2

1

0

3

2-3

Türkiyə

1

1

1

3

 

İran

1

1

1

3

4-5

ABŞ

1

0

1

2

 

Gürcüstan

1

0

1

2

6

Azərbaycan

0

2

3

5

7

Yaponiya

0

1

0

1

8

Özbəkistan

0

0

2

2

9-11

İtaliya

0

0

1

1

 

Rumıniya

0

0

1

1

 

Belarus

0

0

1

1

Azərbaycan pəhləvanlarının Rio-2016-da qazandıqları bu nəticələr yuxarıda qeyd etdiyimiz kimi, müstəqil ölkə kimi indiyədək iştirak etdiyimiz Olimpiya Oyunları ilə müqayisədə medalların sayına görə yeni mərhələdir. Statistik  göstəricilər də medalların sayındakı artımı sübut edir. Belə ki,1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında 1 gümüş, 2000-ci il Sidneydə keçirilən Olimpiadada 1 qızıl, 2004-cü ildə Afinada keçirilən Olimpiadada 1 qızıl, 2008-ci ildə Pekində keçirilən Olimpiadada 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda keçirilən Olimpiadada isə 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio-2016  Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər. 

Əlbəttə, güləşçilərimizin Olimpiya Oyunlarına hazırlıqları dəyərləndirilərkən onların mütləq qızıl medal qazanacaqları ilə bağlı verilən  proqnozlar çox inandırıcı idi. Bu ümidverici proqnozlar isə, necə deyərlər, sadəcə olaraq havadan götürülməmişdi.  Qeyd etdiyimiz kimi, bu proqnozlar qədim tarixi güləş ənənələrimizə və pəhləvanlarımızın müxtəlif səviyyəli beynəlxalq yarışlarda bir qayda olaraq, indiyədək qazandıqları çoxsaylı uğurlara əsaslanırdı. İdmanda uğurlar bəzən yalnız fiziki gücdən, yarış təcrübəsindən, ədalətli hakim qərarından və.s asılı olmur. Etiraf edək ki, idmanda psixoloji amillə yanaşı zaman-zaman müzakirə obyektinə çevrilən və çoxlarının tərəddüdlə yanaşdığı, bəlkə də heç razılaşmadığı bəxt amili də var. Rio-2016 Olimpiadasında bütün fiziki və mənəvi imkanlarını böyük fədakarlıqla, əzmkarlıqla ortaya qoyan, finaldakı rəqibindən daha güclü olduğu aydın görünən, lakin qızıl medalı gərgin mübarizənin son saniyələrində əldən verən güləşçilərimizin bu uğursuzluğunu, doğrusu bəzən bəxt amilindən savayı heç nə ilə əsaslandırmaq olmur. Olimpiadada səkkiz idmançımız finala yüksəlmişdi və onların hər biri qızıl medal qazana bilərdi. Belə ki, Mariya Stadnikə qızıl medal qazanmaq üçün 3 saniyə, Valentin Demyanenkoya 10 saniyə, Xetaq Qazyumova isə 10-15 saniyə çatmadı. Lakin şübhə yoxdur ki, Azərbaycan pəhləvanları gələcəkdə Olimpiadalarda qızıl medal qazanmaq üçün daha səylə mübarizə aparacaq, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.

Olimpiya Oyunlarında güləşçilərimizin qazandığı medallar

İl

Şəhər

Qızıl

Gümüş

Bürünc

Cəmi

1996

Atlanta

0

1

0

1

15-18-ci yer

2000

Sidney

1

0

0

1

7-10-cu yer

2004

Afina

1

0

0

1

8-11-ci yer

2008

Pekin

0

2

2

4

13-cü yer

2012

London

2

2

3

7

4-cü yer

2016

Rio

0

3

6

9

11-ci yer

Cəmi

4

8

11

23


26 medaldan ikisi

XXXI Yay Olimpiya Oyunlarının proqramına daxil olan cüdo yarışlarında  7 gün ərzində 14 dəst medal uğrunda mübarizə aparılıb. Olimpiadada 6 kişi cüdoçu ilə qələbə uğrunda mübarizəyə qoşulan Azərbaycan millisi 2 gümüş medal qazanmaqla Olimpiya komandamıza ilk medal sevincini yaşadıblar. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq)  finaladək olan rəqiblərini məğlub edərək, yalnız həlledici qarşılaşmada uduzublar. Digər cüdoçularımız da qələbə uğrunda səylə mübarizə aparsalar da, medal qazana bilməyiblər. Lakin Olimpiya Oyunlarında ilk səkkizlikdə yer almaq özü də bir nəticədir. Belə ki, cüdoçularımızdan Orxan Səfərov (60 kq) Olimpiadanı 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci yerdə başa vurub. 

Cüdo idman növündə əldə olunan bu uğurlar onu deməyə əsas verir ki, London Olimpiadasından sonra bu idman növündə yenidən dirçəliş başlayıb. Cudo Federasiyasının yeni rəhbərliyinin idmançılara yaratdığı yüksək səviyyəli şərait az bir müddətdə bu idman növündə daha böyük nailiyyətlərin əldə olunacağından xəbər verir. 

Cüdo yarışlarında iştirak edən 136 ölkədən yalnız 26-sı medal qazanıb.  Azəbaycan cüdoçularının qazandıqları  2 gümüş medal yığmamızı medal sıralamasında 12-ci yerə yüksəldib. Ölkəmiz postsovet məkanında yalnız Rusiyadan geri qalaraq 2-ci olub. Qeyd edək ki, kişilərdən ibarət komandaların medal sıralamasında yığmamız daha yüksək – 6-cı yeri tutub. Bu nəticəyə cüdo üzrə milli komandamızın yalnız kişi cüdoçularla təmsil olunması təsir edib. Belə ki,ümumi sıralamada olduğu kimi kişilərin hesabında da Yaponiya 1-ci olub. Maraqlıdır ki, 7-si kişi, 5-i qadın olmaqla Asiyalılar  isə ümumilikdə 12 medal qazanıblar.

CÜDO YARIŞLARINDA MEDAL QAZANAN ÖLKƏLƏR

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1.

Yaponiya

3

1

8

12

2.

Fransa

2

2

1

5

3.

Rusiya

2

0

1

3

4-5.

İtaliya

1

1

0

2

 

ABŞ

1

1

0

2

6.

Braziliya

1

0

2

3

7.

Sloveniya

1

0

1

2

8-10.

Argentina

1

0

0

1

 

Çexiya

1

0

0

1

 

Kosovo

1

0

0

1

11.

Cənubi Koreya

0

2

1

3

12.

Azərbaycan

0

2

0

2

13-14.

Gürcüstan

0

1

1

2

 

Qazaxıstan

0

1

1

2

15-17.

Kuba

0

1

0

1

 

Monqolustan

0

1

0

1

 

Kolumbiya

0

1

0

1

18-20.

Çin

0

0

2

2

 

İsrail

0

0

2

2

 

Özbəkistan

0

0

2

2

21-26.

Almaniya

0

0

1

1

 

Hollandiya

0

0

1

1

 

Böyük Britaniya

0

0

1

1

 

Belçika

0

0

1

1

 

Portuqaliya

0

0

1

1

Ədalətsiz hakimlik

Azərbaycan atletlərinin Rio-2016-da qazandıqları medalların sırasına boksçularımız da 1 gümüş və 1 bürünc medal əlavə etməklə həm bu idman növündə, həm də ölkəmizin Olimpiya tarixində böyük bir uğura imza atdılar. Azərbaycan boksçusunun finala yüksəldiyi 12 ölkədən biri olub. Belə ki, Olimpiadanın proqramına daxil olan boks idman növündə 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan – Lorenzo Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar.  Ölkəmizin boks tarixinə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız L.Stomayorun qızıl medal qazanmaq şansı olsa da, o final qarşılaşmasında özbəkistanlı rəqibi Fazliddin Qaybnəzərova uduzaraq, gümüş medal qazanıb. Qeyd etmək lazımdır ki, hakimlərin ədalətsizliyi də boksçumuzun qızıl medal qazanmaq uğrundakı mübarizəsinə mane olub. Nəticədə Olimpiya Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vuran boks komandamız Olimpiadada  10-cu yerə çıxıb. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz, Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından, Fransa, Rusiya və Böyük Britaniyadan sonra Avropada 4-cü olub. Medal sayında birinci yeri tutan Özbəkistan Kuba ilə eyni sayda qızıl medal qazansa da digər mükafatlarda  onları qabaqlayıblar. Fransa isə üçüncü olub. Ümumilikdə, bu idman növündə 19 ölkənin boksçusu medal qazanıb. 

Sudan gələn siftə

XXXI Yay Olimpiya Oyunları ölkəmiz üçün həm də onunla əlamətdar oldu ki, ilk dəfə olaraq avarçəkmə idman növündə də 1 gümüş və 1 bürünc olmaqla 2 medal qazanıldı. Belə ki, Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya isə birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal əldə etdilər. Azərbaycan Olimpiya Oyunlarında avarçəkmə idman növündə ilk dəfə medal qazanaraq idman tariximizdə yeni səhifə yazdı.

15-ci yer

Azərbaycan atletləri XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq ölkəmizin idman tarixinin daha bir qızıl səhifəsini yazdılar. Olimpiyaçılarımızın əldə etdiyi bu nəticə sayəsində Azərbaycan komandası medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub. Qeyd edək ki, idmançı sayının qazanılan medallara nisbətinə görə də Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub. Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunub. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz Rio-2016-da triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə iştirak edib. Ölkəmizi Olimpiadada təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısıdır. Olimpiadada ölkəmizi güləş, gimnastika və boks yarışlarında 3 hakim təmsil edib.

Azərbaycanın müstəqil dövlət kimi 1996-cı ildə ilk dəfə qatıldığı Yay Olimpiya Oyunlarından bu günədək qazandığı medallar

Atlanta-1996 Yay Olimpiya Oyunları – 1 medal (0-1-0)

Sidney-2000 Yay Olimpiya Oyunları – 3 medal (2-0-1)

Afina-2004 Yay Olimpiya Oyunları – 5 medal (1-0-4)

Pekin-2008 Yay Olimpiya Oyunları – 7 medal (1-2-4)

London-2012 Yay Olimpiya Oyunları – 10 medal (2-2-6)

Rio-2016 Yay Olimpiya Oyunları – 18 medal (1-7-10).

İnanırıq ki Azərbaycan idmançıları bundan sonra da Olimpiya Oyunlarında daha böyük uğurlar qazanacaq və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada ölkəmizin idman şərəfini həmişə olduğu kimi ləyaqətlə qoruyacaqlar.

XXXI YAY OLİMPİYA OYUNLARINDA İŞTİRAK EDƏN VƏ MEDAL QAZANAN AZƏRBAYCAN ATLETLƏRİ

Taekvondo

Radik İsayev (+80 kq) – qızıl medal qazanıb

Patimat Abakarova (49 kq) — bürünc medal qazanıb

Milad Beiqi Harçeqani (80 kq) — bürünc medal qazanıb

Fəridə Əzizova (67 kq) — 5-ci yeri tutub

Boks

Lorenzo Sotomayor (64 kq) — gümüş medal qazanıb

Rüfət Hüseynov (49 kq) – ilk döyüşdə uduzub

Albert Səlimov (60 kq) – 1/4 finalda məğlub olub

Kamran Şahsuvarlı (75 kq) – bürünc medal qazanıb

Teymur Məmmədov (81 kq) – 1/4 finalda məğlub olub

Abdulqadir Abdulayev (91 kq) – 1/4 finalda məğlub olub

Məhəmmədrəsul Məcidov (+91 kq) — 1/8 finalda məğlub olub

Cavid Çələbiyev (56 kq) — ilk döyüşdə uduzub

Pərviz Bağırov (69 kq) — ilk döyüşdə uduzub

Yana Alekseyevna (60 kq) — ilk görüşdə məğlub olub

Elvin Məmişzadə (52 kq) — 1/4 finalda məğlub olub

İdman gimnastikası

Oleq Stepko – fərdi çoxnövçülük üzrə final mərhələsində 22-ci yer

Petro Paxnyuk – 34-cü yer

Bədii gimnastika

Marina Durunda – final mərhələsində 9-cu olub

Cüdo

Elmar Qasımov (100 kq) — gümüş medal qazanıb

Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb

Orxan Səfərov (60 kq) – 5-ci yer

Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub

Məmmədəli Mehdiyev (90 kq) — 7-ci yeri tutub

Uşanqi Kokauri (+100 kq) — 1/8 finalda məğlub olub

Güləş

Yunan-Roma

Sabah Şəriəti (130 kq) — bürünc medal qazanıb

Rəsul Çunayev (66 kq) — bürünc medal qazanıb

Rövşən Bayramov (59 kq) – 5-ci yer

Elvin Mürsəliyev (75 kq) – 7-ci yer

Saman Təhmasibi (85 kq) — 13-cü yer

Sərbəst güləş

Qadınlar

Mariya Stadnik (48 kq) — gümüş medal qazanıb

Nataliya Sinişin (53 kq) — bürünc medal qazanıb

Yuliya Ratkeviç (58 kq) — 5-ci yer

Kişilər

Toğrul Əsgərov (66 kq) — gümüş medal qazanıb

Xetaq Qazyumov (97 kq) — gümüş medal qazanıb

Hacı Əliyev (57 kq) — bürünc medal qazanıb

Cəbrayıl Həsənov (74 kq) — bürünc medal qazanıb

Şərif Şərifov (85 kq) – bürünc medal qazanıb

Cəmaləddin Məhəmmədov (125 kq) – 12-ci olub

Kaneo və kayak

Valentin Demyanenko (kanoe, 200 m) — gümüş medal qazanıb

İnna Osipenko-Radomskaya

Kayak (200 m) — bürünc medal qazanıb

Yuri Meqliç (kanoe-slalom) – yarımfinalda 15 nəfər arasında 14-cü yer

Kayak (500 m) — finalda sonuncu — 8-ci olub

Akademik avarçəkmə

Aleksandr Aleksandrov — Boris Yotov (akademik avarçəkmə, 2000 m) – 12-ci yeri tutub

Kamandan oxatma

Olqa Senyuk – 1/32 finalda uduzub

Güllə atıcılığı

Ruslan Lunyov

10 m – 15-ci yer

25 m — 15- ci yer

Triatlon

Rostislav Pevtsov — 39-cu yer

Qılıncoynatma

Səbinə Mikina – ilk görüşdə (1/16 final) uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse) – 35-ci yer

Maksim Averin (şosse) – finişə çata bilməyib

Olqa İsmayılova

Keyrin — 21-24-cü yerləri bölüşüb

Sprinter — 13-cü yer

Atletika

Anna Skidan (çəkicatma) — 13-cü yer

Nazim Babayev (üçtəkanla tullanma) — 25-ci yer

Hayle İbrahimov (5000 m məsafəyə qaçış) — 19-cu yer

Evans Kiplakat (marafon) — 28-ci yer

Üzgüçülük

Fatimə Alkərimova (100 m məsafəyə sərbəst üsulla) — 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 m arxası üstə üzmə) — 26 iştirakçı arasında 26-cı yer

Ağcaqanadlar, üfunət və oğurluq

Olimpiya Oyunları həmişə yaddaqalan məqamlarla zəngin olur. Bu, yarışlardan, açılış və bağlanış mərasimlərindən tutmuş Təşkilat Komitəsinin fəaliyyətinə qədər bütün mərhələlərdə özünü biruzə verir. Bəs Rio-2016 hansı qeyri-adi məqamları ilə daha çox yadda qaldı? Olimpiya Oyunları tarixində Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunları özünəməxsus iz qoya bildimi? Braziliya Rio-de Janeyro şəhərinin cəlbedici coğrafi mövqeyi, yoxsa Olimpiadaya yüksək səviyyədə ev sahibliyi etmək bacarığı ilə yadda qaldı? Əlbəttə, bu sualların sayını kifayət qədər artırmaq, müşahidə qabiliyyətindən və zövqlərdən asılı olaraq, necə deyərlər, nisbi, subyektiv cavablar da vermək olar.  Ancaq önəmli olan çoxsaylı faktların mövcudluğudur ki, bu məqamda nə qədər yaradıcı münasibət göstərsən də, yenə də əlahəzrət fakt faktlığında qalır. Bu mənada Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına birmənalı qiymət vermək çətindir. Birincisi ona görə ki, Olimpiadaya ev sahibliyi edən Cənubi Amerikanın bu böyük ölkəsində Olimpiya Oyunları zamanı ən azından karnavallar keçirilən zaman hiss olunan ümumxalq coşqusu sanki hiss olunmurdu. Çünki Olimpiada yalnız planetin ən güclülərinin sadəcə idman yarışı deyil, bu möhtəşəm idman bayramı həm də Olimpiya Hərəkatının, Olimpiya ruhunun daha yüksək səviyyədə tərənnümüdür. Məncə, Braziliya Olimpiadasında bu ruhu hiss etmək çətin idi. Buraya Təşkilat Komitəsinin işindəki çoxsaylı nöqsanları da daxil etsək, əlavə şərhə ehtiyac yoxdur. Rio-2016-da nəqliyyat problemi, əksər könüllülərin, xüsusilə nəqliyyatın tənzimlənməsi ilə məşğul olanların əcnəbi dilləri bilməməsi, qeyri-peşəkarlığı, qarşıya çıxan problemlərin həlli istiqamətində verilən sorğuların adətən cavabsız qalması, təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması və.s nöqsanlar hər gün yaşanan problemlər sırasında idi. Məlumdur ki, Olimpiada öncəsi dünyanın bütün KİV-lərində zika virusu ilə bağlı çoxsaylı həyəcanlı məlumatlar yayılırdı. Hətta bu virus təhlükəsinə görə bəzi məşhur idmançılar bu ölkəyə gedib-getməmək üçün tərəddüd edirdilər. Bu virusa qarşı başqa təhlükəsizlik tədbirləri bir yana, məsələn, Mətbuat Mərkəzinin düz yanında hər gün minlərlə azarkeşin və media nümayəndəsinin keçib getdiyi yolun üzərində olan, ətrafa dəhşətli üfunət iyi verən, ağcaqanadların çoxalma mənbəyi sayıla bilən, ərazisi bir-iki su hovuzu sahəsi ölçüsündə olan kiçik bir lazımsız su hövzəsini belə qurutmağı lazım bilməmişdilər. Ətrafa yaydığı üfunətdən az qala adamın başını çatladan bu çirkli su hövzəsinin ətrafını abadlaşdırmaq işini də laqeydcəsinə yarımçıq qoymuşdular. Olimpiadaya gələnlərə xidmət etmək üçün ayrılan, jurnalistləri yarış keçirilən arenalara aparan avtobuslara kənardan istənilən hər hansı bir şəxsin maneəsiz minməsi problem deyildi. Bu, nəqliyyat sistemində təhlükəsizlik tədbirlərinin kobud şəkildə pozulması demək idi. Rio-2016-nın açılış mərsimi də karnavallar şəhəri kimi tanınan Rio-de-Janeyronun ən azından adına yaraşan səviyyədə keçirilmədi. Böyük bir sahəni əhatə edən, əyləncə yerləri, satış mərkəzləri olan, bir neçə idman arenasının da yerləşdiyi Olimpiya Parkının ərazisində rəmzi Olimpiya məşəlini belə yerləşdirməyi nədənsə “unutmuşdular”. Ciddi qoruma altında olan Olimpiya kəndindəki oğurluqlar bərəsində isə danışmağa dəyməz.

Bir məqama isə ədalət naminə mütləq toxunmaq lazımdır. Belə ki, Rio-2016-nı işıqlandıran jurnalistlərin əksəriyyəti ötən il Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmişdilər. Müxtəlif ölkələrdən olan jurnalistlər hər fürsət düşdükdə bizimlə söhbət zamanı I Avropa Oyunlarının Təşkilat Komitəsinin fəaliyyətini yüksək səviyyədə qiymətləndirirdilər. Bakı-2015-in unudulmaz möhtəşəm açılış və bağlanış mərasimləri, oyunların keçirildiyi arenaların ideal vəziyyəti, nəqliyyat xidmətinin qüsursuz təşkili, kefiyyətli qidalanma, ən başlıcası I Avropa Oyunlarına xüsusi rəng qatan gülərüz və peşəkar könüllülərin fəaliyyəti oları sözün əsl mənasında heyran etmişdi. Müxtəlif ölkələrdən olan jurnalistlər Bakı-2015-in Olimpiya Oyunları formatında bütün dünya üçün nümunəvi formada keçirilməsi haqqında minnətdarlıqla danışır, səmimiyyətlə müsbət fikirlərini bildirirdilər. Sanki o günlərin həsrətini çəkən həmkarlarımızla olan belə qarşılıqlı dialoqlarımız zamanı böyük qürur hissi keçirirdik və aydınca hiss edilirdi ki, onlar Rio-2016-nın keçirilmə səviyyəsi ilə bağlı fikirlərini bölüşərkən bizim rəyimizə xüsusi hörmətlə yanaşırlar. Ümumiyyətlə, Rio-2016-nın keçirilmə səviyyəsi ilə bağlı dünya KİV-lərində hələ uzun müddət çoxsaylı yazılar, təhlillər gündəmdə olacaqdır və bu barədə daha ətraflı təhlillər aparılacaq deyə,

bu mövzu üzərində çox dayanmaq istəməzdim.

Rusiyasız rekordlar

Rio-2016 Olimpiadası bütün çətinliklərə rəğmən həm də çoxsaylı rekordlar ilə yadda qaldı. Azərbaycan atletləri də bu Olimpiadada rekodçular siyahısında özünəməxsus yer tutdular. Qazandığı medalların ən azı yarısı (5 və daha çox) eyni idman növünə təsadüf edən 11 ölkə arasında Azərbaycanın da adı var. Belə ki, Olimpiya komandamız aktivindəki 18 medalın yarısını eyni idman növündə qazanmaqla, Rio-2016-nın “11-liyi”nə daxil olub. Yığmamız İran və Türkiyə kimi güləşdə uğur qazanıb. Kuba və Özbəkistan boksda, Yamayka, Keniya, Efiopiya atletikada, Tailandla KXDR ağırlıqqaldırmada, Malayziya badmintonda belə nailiyyət əldə edib. Ölkə tarixində Fici, İordaniya və Kosova ilk dəfə medal qazanıb. Fici yığması reqbi-7-də (kişilər), iordaniyalı Əhməd Abuqauş (68 kq) taekvondo yarışlarında, kosovalı Maylinda Kelmendi (52 kq) isə cüdoçuların mübarizəsində qızıl medal əldə edib. Qadınlardan ibarət Böyük Britaniya velosiped yığması eyni yarışda 3 dəfə dünya rekordu vurub. XXXI Yay Olimpiya Oyunlarının gedişini 3,7 milyard insan- dünya əhalisinin təxminən yarısı izləyib. ABŞ ardıcıl 2-ci, tarixində 17-ci dəfə medal sayında birinci olub. Qazaxıstan komandasının tərkibində çıxış edən azərbaycanlı atlet Nicat Rəhimov ağırlıqqaldırma yarışlarında Olimpiya çempionu olmaqla yanaşı, öz çəki dərəcəsidə dünya rekordunu təzələyib. Bu, rekordlar siyahısının yalnız bir hissəsidir. Əgər şimal qonşumuz olan Rusiya komandası Olimpiya Oyunlarında tam heyətlə iştirak etsə idi bu rekordlar daha da çox ola bilərdi. Lakin Rusiya idmançılarının bir hissəsinin dopinq qalmaqalı ilə bağlı Olimpiadaya buraxılmaması, etiraf edək ki, Olimpiya Oyunlarının gərgin mübarizə ahəngini azltmış oldu. Ona görə ki, rus idmançıları arasında idmanın bütün növləri üzrə kifayət qədər güclü atletlər var. Bu atletlərin bəzilərinin Rio-2016-dan kənarda qalması təəssüf hissi doğurur. Ümumiyyətlə, çağdaş dövrümüzdə dopinq qalmaqalları tez-tez baş qaldırır və bunun nəticəsində coxsaylı atletlər ziyan çəkirlər. Çünki dünyanın bütün idmançıları fəal idman karyeraları ərzində planetimizin ən böyük və nüfuzlu idman yarışı olan Olimpiya Oyunlarında iştirak etməyə çalışırlar. Bəzi atletlərə bu oyunlarda bir neçə dəfə, bəzilərinə isə ancaq bir dəfə iştirak etmək nəsib olur. Məhz buna görə də ömründə ancaq bir dəfə Olimpiya Oyunlarında iştirak etmək fürsəti qazanan hansısa atleti bu şansdan məhrum etmək, kim nə deyir desin, o qədər də ədalətli görünmür. Əlbəttə, biz dopinqə qarşı aparılan mübarizənin əleyhinə deyilik. Amma dopinqə qarşı mübarizənin bəlkə daha sivil, daha optimal variantlarını tapmaq lazımdır ki, son nəticədə bilərəkdən və ya bilməyərəkdən idmançılar əziyyət çəkməsinlər. Bu məsələnin fiziki tərəfi qabardılan zaman, mənəvi tərəfləri də unudulmamalıdır. Təəssüf ki, bu sahədə hələ də ciddi irəliləyişə nail olmaq mümkün deyil. Bu həm də onunla bağlıdır ki, dopinqlə bağlı mübarizədə bəzən ikili standartlar da üzə çıxır. Rusiya komandasına qarşı irəli sürülən bu iddialar dopinqlə yanaşı, həm də sanki güclü rəqibi sıradan çıxarmaq təsəvvürü də yaradırdı. Axı vaxtilə dopinq qəbul etdikləri aşkara çıxan ABŞ idmançılarından bir neçəsini yarışa buraxdılar. Güclü Rusiya idmançılarının kənarda qalması XXXI Yay Olimpiya Oyunlarında qazanılan medallara görə cədvələ başçılıq edən bəzi ölkələrin, necə deyərlər, işinə yaradı. Bu yarışlar zamanı da açıqca müşahidə olunurdu.

Epiloq əvəzi

Rio-2016 Olimpiya Oyunları başa çatdı. Qeyd etdiyimiz kimi, bu Olimpiada haqqında hələ çox danışılacaq, təhlillər aparılacaq, əsl tarixi qiyməti veriləcəkdir. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları bütün təzadlı cəhətləri, yaşanan çətinlikləri, maraqlı və gözlənilməz hadisələri ilə tarixə qovuşdu. Beynəlxalq idman qrumları da yəqin ki, son Olimpiadanın təşkilatçılıq səviyyəsini, nəticələrini təhlil edəcəkdir. Bu oyunlar həm də onu göstərdi ki, Olimpiadaya ev sahibliyi etmək heç də ölkələrin böyüklüyündən və kiçikliyindən asılı deyil. Önəmli olan ümumbəşəri dəyərlərə, Olimpiya Hərəkatına, Olimpiya ruhuna sona qədər sadiq qalmaq, dünyanın idman tarixinin qızıl səhifələrindən biri olan, öz başlanğıcını bizim eradan əvvəl almış qədim və həm də müasir Olimpiya Oyunlarına layiqli töhvə verməyi bacarmaqdır. Belə bir nümunəvi örnəyin isə lap yaxın zamanlarda-2105-ci ildə Bakıda bütün dünya şahidi oldu. 

Əsas mövzular