09:14 27 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
Azərbaycan idmançısı, sambo və cüdo ustası Zülfiyyə Hüseynova

Azərbaycanın ən məşhur qadın cüdoçusu: "Baş məşqçini çoxdan dəyişmək lazım idi"

© Foto : STR
İDMAN
Qısa URL
103002

Zülfiyyə Hüseynova: "Qızlara deyirlər ki, "gəl, mənim adıma yazıl, müəllimin olum, sonra yarışa aparım". Qızlar razı olmayanda yarışlara gedə bilmirlər və beləliklə uğur qazanma şansları azalır"

BAKI, 2 iyul — Sputnik. Cüdo üzrə hərbçilər arasında dünya və olimpiya çempionu, tələbələr arasında dünya çempionu, iki olimpiya oyunlarının iştirakçısı və olimpiya 7-cisi, Azərbaycanın cüdo tarixində ən çox nəticələrlə yadda qalan idmançı, sanbo üzrə beşqat dünya və ikiqat Avropa çempionu Zülfiyyə Hüseynova Sputnik-in suallarını cavablandırıb.

- Zülfiyyə Hüseynovanın 45 yaşı var, amma bu gün də güləşir və formadadır. Bunun sirri nədədir?

— Məni nəyəsə vadar etmək mümkün deyil. Mən hansısa işi sevirəmsə, o işi mükəmməl icra etməyi sevirəm. Güləşməyi də özüm sevirəm. Bu mənim içimdən gəlir. Güləşməklə həm mənəvi dincəlirəm, həm də zövq alıram və bütün problemləri unuduram. Məni görən heç kim 45 yaş vermir. Çəkimi saxlamağı bacarıram.

- Həm də məşq keçirsiniz?

— Cüdo Federasiyasında dəyişiklər olandan sonra məni də kurator təyin etdilər. İndi milli yığmanın qızlarına kömək edirəm. Eyni zamanda özüm güləşirəm və formada qalaraq öz yarışlarıma hazırlaşıram. Qızlara dəstək olmağa çalışıram.

- Qadın cüdoçu deyəndə Zülfiyyə, sonra Kifayət yada düşür. Nədənsə bu adların davamı gəlmir. Niyə?

— Bunda baş məşqçi günahkardır. Baş məşqçini və ərtafındakıları çoxdan dəyişmək lazım idi. Müəllimləri dəyişmədikləri üçün qızların inkişaf edib nəticə verməsi mümkün olmur. Doğrudur, Federasiyanın rəhbərliyi dəyişəndən, Rövnəq Abdullayev və Sadıq Sadıqov gələndən sonra federasiyada irəliləyiş var. Məsələn, peşəkar və cüdoda öz sözünü demiş idmançıları bir araya yığdılar, eyni zamanda kişi yığma komandasına Avstriyadan baş məşqçi gətirdilər və qısa zamanda islahatlar nəticəsində uğur qazana bildi kişilərdən ibarət komanda.

- Təklif gəlsə, baş məşqçi olmaq istəyərsiniz?

— Düzü, mənə təklif gəlmişdi. Mən qəbul etmədim. Sonra gördüm ki, komanda bərbad vəziyyətdədir. Mən də sonradan dedim ki, baş məşqçi kimi gələrəm, sadəcə bir-iki müəllim də mənimlə işləsin. Federasiyada cüdo ilə heç bir əlaqəsi olmayan insan mənə dedi ki, "biz Sadıq Sadıqova heç nə deyə bilmərik".

- Ümumiyyətlə, insan neçə yaşına kimi güləşə bilər?

— Mən düşünürəm ki, idmanda yaş həddi olmamalıdır. Orqanizm nə qədər güləşməyə qadirdirsə, o qədər güləşə bilər. 45 yaşım var, amma hələ də güləşirəm. Düşünürəm ki, ən azı 5 il də güləşəcək gücə malikəm. Və ya başqa misal deyə bilərəm. Nərgiz adında idmançımız var. Onun 31 yaşı olub artıq, amma özündən yaşda kiçik qızları həm fiziki, həm taktiki cəhətdən geridə qoymağı bacarır. Məncə, yaş əsas deyil. Ən dəhşətlisi odur ki, məşqçilər psixoloji gərginlik yaradır idmançılarda. Qızlara "sənin yaşın çoxdur, səndən idmançı alınmaz" deyərək psixoloji təzyiq göstərmək olmaz. Qızlarımız olub ki, bəzilərinin gözünə girib. Qızlara deyirlər ki, "gəl, mənim adıma yazıl, müəllimin olum, sonra yarışa aparım". Qızlar razı olmayanda yarışlara gedə bilmirlər və beləliklə uğur qazanma şansları azalır. İnanıram ki, yeni rəhbərlik bu problemləri də aradan qaldıracaq və qızlar üçün də şanslar yaranacaq.

Məryəm İmanova, stolüstü tennisçi
© Foto : M.İmanovanın şəxsi arxivindən

- Həyat yoldaşınız boksçudur. 11 yaşlı oğlunuz hansınızın yolunu davam etdirmək istəyir?

— Qətiyyən idmana həvəsi yoxdur. İdman baxımından dayısı və əmisinə bənzəyib. Sadəcə özünü müdafiə üçün həftədə 3 dəfə cüdoya məşqə aparıram. Amma təhsili yaxşıdır.

- Sizə xarici ölkələrdən birində, yüksək məbləğli əmək haqqı qarşılığında, məşqçi işləmək təklifi gəlsə, qəbul edərsiniz?

— Mənə idmançı kimi xaricdə yaşayıb o ölkəni təmsil etmək təklifləri çox gəlib. ABŞ-a getmək şansım olub, Fransadan da təklif gəlib. Amma anam hər dəfəsində etiraz edib və qoymayıb. Tam səmimi etiraf edirəm ki, bu gün belə təklif gəlsə, qəbul edərəm. Çünki ailəmin və mənim pula ehtiyacımız var. Eyni zamanda, o pulu ölkədə versələr, burada da işləyə bilərəm.

Əlaqədar

Qadın cüdoçumuz Avropa çempionu oldu
Meksikada tarix yazan cüdoçularımız Bakıya döndülər
Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Azərbaycan cüdoçusu birinciliyi qazandı
Teqlər:
dünya çempionu, Avropa çempionu, olimpiya çempionu, Cüdo Federasiyası, Zülfiyyə Hüseynova, baş məşqçi, cüdo, güləş, idmançı

Əsas mövzular