CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dərslər bəhanə, ünsiyyət şahanə: Uşaqları "Yay məktəbi"ndən niyə qoparmaq olmur

© Sputnik / Murad OrujovRəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
Rəfael Hüseynov adına 49 №li İntellekt məktəb-liseydə Yay məktəbi təşkil olunub - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"  keçirilir. Sputnik Azərbaycan  "Yay məktəb"lərinin ənənəvi dərslərdən nə ilə fərqləndiyini araşdırıb.

BAKI, 22 iyun — Sputnik. Təhsil Nazirliyi bir il ərzində pandemiya səbəbindən tədrisdə yaranan boşluqları aradan qaldırmaq üçün orta ümumtəhsil məktəblərində "Yay məktəb"ləri təşkil edib. Məsafədən təhsilin şagirdlərə bilik və bacarıqların mənimsənilməsində yaratdığı çətinlikləri aradan qaldırmaq, bu dövrdə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün iyunun 16-dan ödənişsiz və könüllü əsaslarla təşkil olunan “Yay məktəb”ləri 2 həftə müddətində davam edəcək. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"  keçirilir.

Sputnik Azərbaycan həmin məktəblərdən birində,  Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə “Yay məktəb”inin necə təşkil edildiyini izləyib. 

© Sputnik / Murad OrujovHazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"  keçirilir.
Dərslər bəhanə, ünsiyyət şahanə: Uşaqları Yay məktəbindən niyə qoparmaq olmur - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"  keçirilir.

Şagirdlər də məmnundurlar, müəllimlər də...

Məktəbin həyətində oynayan kim, ağacın kölgəsində dincələrək dərs öyrənən kim, sinif otaqlarında  nağılları səhnələşdirən kim... Havanın isti olmasına baxmayaraq nə şagirdlər məktəbi tərk etməyə tələsir, nə də müəllimlər onlara öyrətməkdən yorulurdular. “Yay məktəbi” təşkil edilən siniflərdə apardığımız müşahidələrimizdə şagirdlərin üzündə sevinc, müəllimlərin simasında isə məmnunluq hiss edilir.

Sinif otaqlarında “Yay məktəbi”nin necə təşkil edildiyini öyrənmək üçün əvvəlcə 1Ə sinfinin qapısını döyürük. Bu sinifdə 13 şagirdin iştirak etdiyi “Yay məktəbi”ndə dərslərin necə tədris olunduğu barədə bizə sinif rəhbəri Nigar Əhmədova məlumat verir. Bildirir ki, uşaqlar “Yay məktəbi”nə ənənəvi dərslərdən daha maraqla gəlirlər. N. Əhmədova deyir ki, “Yay məktəbi”ndə  şagirdlərə onlayn dərslərdə qavramadıqları mövzular təkrar öyrədilir. Müəllim bildirir ki, bu gün ilk dərsdə “Əkinçi və Canavar” nağılını səhnələşdirərək öyrənən şagirdlərə ikinci dərsdə çörəyin necə ərsəyə gəldiyi izah edilib. N. Əhmədova şagirdlərin  dərsləri əylənərək daha tez qavradıqlarını və maraq göstərdiklərini söyləyir: “Birinci dərsdə “Əkinçi və Canavar” nağılını əvvəlcə üzündən oxuduq. Daha sonra şagirdlər bu nağılı böyük maraqla səhnələşdirdilər. Sinifdəki sünbül vasitəsilə onlar çörəyin necə ərsəyə gəldiyini öyrəndilər. Bundan sonra biz açıq havada halqalarla oyun keçirdik. İndi isə, gördüyünüz kimi, şagirdlər plastilin və kibrit çöpləri ilə fəza fiqurlarını modelləşdirirlər”.

© Sputnik / Murad Orujov Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə “Yay məktəb”inin təşkili
Dərslər bəhanə, ünsiyyət şahanə: Uşaqları Yay məktəbindən niyə qoparmaq olmur - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə “Yay məktəb”inin təşkili

Nigar müəllim şagirdlərin “Yay məktəbi”ndə fəal iştirak etməsinin onu da həvəsləndirdiyini söyləyir: “Şagirdlər dərsə o qədər maraq göstərirlər ki, biz üç saatın necə gəlib-getdiyini hiss eləmirik”.

Əylənərək öyrənmək uşaqlara zövq verir

4F sinfinin şagirdləri isə açıq havada əyləncəli oyunla dərslərinə davam edirdilər. Sinif rəhbəri Nübar Məmmədova şagirdləri ilə oyunlar keçirməyin çox əyləncəli olduğunu, bunun şagirdlərdə “Yay məktəbi”ə böyük maraq oyatdığını söyləyir. Onun sözlərinə görə, şagirdlər arasında keçilmiş dərslər üzrə sual-cavab aparılır. Sinif iki qrupa bölünür. Hansı qrup daha çox suala düzgün cavab verirsə, həmin qrup da qalib olur. Müəllim bu yolla şagirdlərin hansı mövzuları zəif mənimsədiklərinin üzə çıxartdığını, həmin mövzuların təkrar keçirildiyini bildirir. Nübar müəllimə sinfində 11 şagirdin “Yay məktəbi”ndə iştirak etdiyini, onların dərsləri əylənərək daha tez mənimsədiklərini söyləyir.

4B sinif şagirdləri isə bu gün riyaziyyat dərsindən məsələni elə məktəblə üzbəüz yerləşən parkda əylənərək həll ediblər. Sinif rəhbəri Günay Abdullayeva riyaziyyat dərsində məsələni şagirdlərin ağacların arxasında gizlənməklə yarışaraq həll etməyin onlara böyük zövq verdiyini, məsələnin cavabını beləcə daha tez tapdıqlarını bildirir. G.Abdullayeva deyir ki, riyaziyyat dərsində şagirdlərin hansı mövzunu zəif mənimsədiklərini öyrənmək üçün onların arasında yarış təşkil etdiyini, sonda qalib komandanın seçildiyini bildirir: “Dərslər göstərir ki, uşaqlara əylənərək öyrənmək daha zövq verir. Onlar dərsdə yorulmur, əksinə daha həvəslə iştirak edirlər”.

1/4
2/4
3/4
4/4
1/4
2/4
3/4
4/4

"Biz əksini gözləyirdik, onlar məktəbə can atırlar"

Öz övladlarının “Yay məktəbi”ndə bu qədər həvəslə iştirak etməsi valideynləri də təəccübləndirib. Saat 10:30-da övladını evə aparmaq üçün gələn valideyn Aygün Məmmədova onu məktəbdən ayıra bilmədiyini söyləyir: “Uşağın “Yay məktəbi”nə belə maraq göstərəcəyinə inanmırdım. Düşünürdüm ki, bir gün getdikdən sonra isti havada dərs öyrənmək ona çətin olar. Amma əksinə vəziyyətlə üzləşmişik. Uşaqlar heç vaxt olmadığı qədər məktəbə can atırlar”.

© Sputnik / Murad Orujov “Yay məktəb”ləri 2 həftə müddətində davam edəcək. 
Dərslər bəhanə, ünsiyyət şahanə: Uşaqları Yay məktəbindən niyə qoparmaq olmur - Sputnik Azərbaycan, 1920, 22.06.2021
“Yay məktəb”ləri 2 həftə müddətində davam edəcək. 

Şagird Nərmin Musazadə deyir ki, “Yay məktəbi”nə böyük həvəslə gəlir: “Mən məktəbə gələndə öz topumu, sevimli oyuncaqlarımı, plastilinimi də gətirirəm. Müəllim bizi həyətə çıxardır, biz əyləncəli oyunlar oynayırıq”.

Şagirdlərlə söhbət zamanı öyrənirik ki, onlar oxuduqları nağılları səhnələşdirməkdən xüsusi zövq alırlar. Heyvanların dilindən danışmaq üçün onlara bənzəmək üçün aldıqları geyimlər sinif otağını bir anlıq teatr səhnəsinə,  şagirdləri isə nağıl qəhrəmanlarına çevirir.

Müəllimlər isə “Yay məktəbi”ndə öz fəallığı ilə seçilən şagirdlərinin zəhmətini onlara sertifikat, təşəkkürnamə verməklə qiymətləndirirlər. Müəllimlər bildirirlər ki, “Yay məktəbi”ndə ənənəvi qiymətləndirmə metodikasından istifadə edilmir.

10-cu siniflərin əlinə fürsət düşüb...

10-cu sinif şagirdləri üçün isə “Yay məktəbi” təkcə oxuyub öyrənmək üçün deyil, öz sinif yoldaşları və müəllimləri ilə yenidən görüşmək imkanı yaradıb. Axı tədris ili boyunca onlar dərslərinə məsafədən davam ediblər. Bu gün 49 saylı məktəbin akt zalında “Yay məktəbi”nin daha bir dərsini keçən 10Ç sinif şagirdləri əsl bilik yarışı keçirirdilər. Məktəbin kiçik akademiyasının şagirdləri müxtəlif fənlər üzrə salınan sualları cavablandırmaqla hansı mövzunu tam mənimsədiklərini, hansı mövzunu isə zəif öyrəndiklərini üzə çıxardırlar. Müəllim Şəhla Əliyeva “Yay məktəbi”nin şagirdlərin bir-biriləri ilə ünsiyyət qurmalarına, bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratdığını söyləyir.

© Sputnik / Murad Orujov“Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər.
Dərslər bəhanə, ünsiyyət şahanə: Uşaqları Yay məktəbindən niyə qoparmaq olmur - Sputnik Azərbaycan, 1920, 22.06.2021
“Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər.

Məktəb bəhanə, ünsiyyət şahanə...

Təhsil ocağından apardığımız müşahidələr də onu göstərdi ki, “Yay məktəbi” təkcə şagirdlərin zəif mənimsədikləri mövzuları təkrar öyrənməsinə deyil, pandemiyada  məsafədən təşkil edilən müəllim-şagird münasibətlərinin yenidən, daha isti, daha sıx qurulmasına şərait yaradır... 

Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə isə tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənn üzrə  məşğələlər təşkil olunur.

Xatırladaq ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir. 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkil edilməsi iyunun 30-da başa çatır.  Onu da qeyd edək ki, Təhsil Nazirliyi “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirib və sorğuda iştirak edən respondentlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib.

Eləcə də oxuyun:

  • Təhsildə yeniliklər olacaq: müəllimlər və valideynlər nə gözləyirlər

  • Paytaxtda "yay məktəbləri" kimi fəaliyyət göstərəcək müəssisələrin sayı bilindi

  • Yay məktəbində bir gün - FOTOLENT

Xəbər lenti
0