CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şah Qacarın nəslindən olan alim Bakıda vəfat etdi

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Çingiz Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, nüfuzlu spektroskopçular məktəbi yaradıb, yüksəkixtisaslı fiziklər yetişdirib.

BAKI, 12 iyun — Sputnik. Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar dəfn edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndəriblər. Əklil mərhumun məzarı üzərinə qoyulub.

---------

11:46

Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar bu gün 92 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, alim bu gün son mənzilə yola salınacaq.

Qacar nəslinin nümayəndəsi

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Akademikin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Ç.Qacar 1953-cü ildə Leninqrad Politexnik İnstitutunun texniki fizika sahəsində mühəndis - tədqiqatçı fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra Ç.O.Qacar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. Ç.O.Qacar institutun fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. O, tələbəlik illərində Avropa mədəniyyətinə maraq göstərib.

Nüfuzlu məktəb

Ç.Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, nüfuzlu spektroskopçular məktəbi yaradıb, yüksəkixtisaslı fiziklər yetişdirib. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışıb. O, Azərbaycanda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəri olub.

Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə Ç.O.Qacar 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

18 aprel 2014-cü ildə aka­demik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb.

Xəbər lenti
0