ELM

Distant təhsilə yaşıl işıq - Universitetlər xərcə düşəcək, amma daha çox qazanacaq

© AP Photo / Jae C. HongДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
"Azərbaycan universitetlərinin distant təhsil verməsi böyük maliyyə vəsaiti tələb etsə də, bütün ali təhsil ocaqlarında distant təhsil mərkəzləri qurulmalıdır" - ekspert.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Azərbaycanda distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək. Bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb. Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formalarına əyani təhsil, qiyabi təhsil, distant, sərbəst təhsil daxil olacaq. Distant təhsil təhsilin rezidentura və doktorantura səviyyəsindən başqa bütün pillələrində mümkün olacaq.

Sputnik Azərbaycan ali təhsil müəssisələrində distant təhsilin tətbiqi üçün hansı işlərin görülməli olduğunu araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunun 13-cü maddəsində təhsil alma formalarından biri kimi distant təhsil var. Onun sözlərinə görə, bu qanun əsas verir ki, əyani və qiyabi təhsillə yanaşı distant formada alətlər tətbiq etməklə tədris həyata keçirilsin:

"Sadəcə 12 il ərzində bunun hüquqi bazası, texnologiyası, qiymətləndirmə meyarları hazırlanmamışdı. Amma biz 2020-ci ildə pandemiya səbəbindən məcburi olaraq təhsilin bu formasına keçdik. Məlum oldu ki, bunda hüquqi boşluq var. Digər tərəfdən uzun illər xaricdə distant təhsil alanlar var ki, onların diplomları tanınmır."

K.Əsədov bildirir ki, problemin əsas mahiyyəti məsafədən təhsilin hansı alətlərlə həyata keçirilməsidir. Onun sözlərinə görə, hazırda təhsil müəssisələri "Microsoft Teams" proqramından istifadə edir: "Bu proqramda hər şəxsin şəxsi kabineti vasitəsilə onun nə qədər dərs dinlədiyi, dərs yükü ilə bağlı informasiyanın alınması mümkündür. Amma indiyədək bizim belə bir platformadan xəbərimiz yox idi. Baxmayaraq ki, dünya ölkələri 30 ildən çoxdur ki, bu tipli formatda tədrisi tətbiq edirlər".

K.Əsədov deyir ki, distant təhsil təhsilin əlçatanlığını təmin edir: "Elə şəxslər var ki, maddi durumuna, səhhətinə görə digər yerlərə təhsil almağa gedə bilmirdilər. Distant təhsil yaşayış yerini tərk etmədən təhsil almaq imkanı yaradacaq. Elə insanlar var ki, ailə vəziyyəti, işi ilə bağlı ali təhsil müəssisələrinə gedə bilmirlər. Distant təhsil onlara ali təhsil almaq imkanı yaradacaq. Bu da nəticədə ixtisaslı kadrların, ali təhsil alanların sayını artıracaq".

Bununla belə ekspert bildirir ki, distant təhsili təşkil edən zaman özümüzün platforması olmalıdır. Onun sözlərinə görə, Türkiyədə 260 universitetin hər birinin şəxsi platforması var. Amma Azərbaycanda belə ali təhsil ocaqlarının sayı barmaqla sayılacaq qədər azdır: "Ölkəmizdə 52 universitet, yüzlərlə peşə təhsil müəssisəsi bir platformadan istifadə edir. Hansı universitetlərin ki, məlumat bazası var, distant təhsil onlarda təşkil oluna bilər. Bu gün Azərbaycanda özünün platforması olan bir neçə universitet var. Bizim özümüzün resursu olmalıdır ki, kənar müdaxilə olmasın. Distant təhsilin tanınması vacibdir".

K.Əsədov deyir ki, distant təhsil bütün ixtisaslarda tətbiq oluna bilməz. O qeyd edir ki, tibb və pedoqoji ixtisaslarda distant təhsil mümkün deyil. K.Əsədovun sözlərinə görə, bu ixtisaslar üçün individual təhsil olmalıdır.

Həmsöhbətimiz deyir ki, Azərbaycanda 182 min tələbə təhsil alır. Amma Türkiyədə distant təhsil verən universitet var ki, 100 mindən çox tələbəsi var.

Ekspertin sözlərinə görə, distant təhsil xaricdən tələbə axınına səbəb olur: "Distant təhsil ucuz başa gəldiyi üçün universitetin xərclərini azaldıb gəlirlərini artırır. Universitetlər bir dəfə platforma üçün pul xərcləyəcək. Bu gün ölkəmizdə ali təhsil müəssisələrindən beşi distant təhsilə hazırdır. Yerdə qalanlarında isə distant təhsil aləti yoxdur".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsi hazırlansa da, komitədə müzakirəyə çıxarılmayıb. Amma deputat bildirir ki, distant təhsillə bağlı məsələ yeni hazırlanan "Ali təhsil haqqında" qanuna salınıb: "Bununla belə distant təhsilin hansı formada olacağı, əsas hüquqi tərəfləri üzərində müzakirələr gedir. Distant təhsil həm anlayış, həmçinin də xüsusi maddə kimi qanuna əlavə edilib".

Millət vəkili deyir ki, distant təhsil dövrün tələbinə çevrilib, geniş vüsət alıb:

"Düşünürəm ki, postpandemiya dövründə distant təhsil təhsilin fasiləsizliyini ehtiva etdiyi kimi, təhsil forması kimi tətbiq olunacaq. Ötən əsrin 80-ci illərində distant təhsil Avropa ölkələrində tətbiq olunub. Elə universitet var ki, milyona yaxın dinləyiciləri var. Azərbaycan universitetlərinin  distant təhsil verməsi böyük maliyyə vəsaiti tələb etsə də, bütün ali təhsil ocaqlarında distant təhsil mərkəzləri qurulmalıdır".

Apardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycanda distant təhsil mərkəzinin fəaliyyət göstərdiyi ali təhsil müəssisələrindən biri UNEC-dir. "UNEC Extern"də 6 tədris studiyası, 12 inzibati və bir müzakirə otağı mövcuddur. Mərkəz bir studiyadan eyni anda 1000 tələbəyə, gün ərzində isə 20.000 tələbəyə peşəkar müəllimlər tərəfindən distant təhsil vermək imkanına malikdir. "UNEC Extern" mərkəzi ən müasir texniki avadanlıqlarla təchiz olunub. "UNEC Extern"də auditoriyalar studiyalar adlanır, burada müəllimlər müəyyən cihazların və "ağıllı lövhə"nin köməyi ilə mövzunu izah edir, tələbələr müxtəlif məkanlarda müəllimə qulaq asır. Ölkəmizdə distant təhsilə əlçatanlıq ADA, Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocaqlarında da təmin olunub.

Xəbər lenti
0