Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bölgələrdəki məktəblərlə bağlı hansı qərar veriləcək? Nazirlik açıqladı

© Sputnik / Ilham Mustafayev Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
"Hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Son günlər bölgələrdə yerləşən təhsil ocaqlarında koronavirusa yoluxma hallarının qeydə alınması rayonlarda da təhsilin distant formaya keçəcəyinə dair məlumatların yayılmasına səbəb olub. Xəbərlərə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidən sonra koronavirusa yoluxma qeydə alınan məktəblərin yerləşdiyi rayonlarda da təhsilin distant formaya keçəcəyi bildirilir.

Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Sentyabrda ənənəvi dərslər başlamaya bilər: Şagirdlər daşıyıcı və ötürücülərdir

Qeyd edək ki, bir neçə gün öncə koronavirusa yoluxmaya görə bir sıra bölgələrdə əyani tədris dayandırılıb.

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib. Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov deyib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb. Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb. Tovuz, Qazax, Mingəçevir, Şəmkir rayonlarında da koronavirusa yoluxmaya görə ənənəvi tədrisi dayandırılan məktəblər var.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda şagird sıxlığı yüksək olan məktəblərdə əyani tədris dayandırılıb. Yoluxma qeydə alınan digər bölgələrdə isə şagird sıxlığı çox deyil:

"Bakıda 440 min şagird var. 1,6 milyon şagirdin yarısı bağlanan məktəblərdə yerləşir. Digər rayonlarda şagird sayı çox aşağıdır. Sıxlıq, demək olar ki, o qədər də çox deyil. Bundan əlavə, bölgələrdə intensivlik aşağıdır. Odur ki, virusa yoluxma qeydə alınan rayonlarda təhsili tam dayandırmağa ehtiyac yoxdur. Məktəblərdə tədrisin dayandırılması lokal xarakter daşımalıdır".

K.Əsədov bildirir ki, koronavirusa yoluxma qeydə alınan məktəblərdə ənənəvi təhsilin tam dayandırılması bölgələrdə təhsildən yayınmaya yol açır: "Əgər bölgələrdə bir neçə məktəbdə yoluxmaya görə rayon üzrə təhsil dayandırılsa, şagirdlər üçün problemlər yaranacaq. Çünki rayonların çoxunda alternativ təhsil almaq imkanı çox aşağıdır. Dərslər distanta keçərsə, bölgələrdə dərsə qoşulanların sayı azalır. Ona görə də bölgələrdə tədrisin dayandırılmasına ehtiyac yoxdur".

7 nömrəli məktəb - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Yevlaxda müəllim və laborant virusa yoluxdu,məktəb distant təhsilə keçdi

Ekspert deyir ki, hazırda virusa yoluxma Ağdam, Tovuz, Kürdəmir və Ucar rayonlarındakı təhsil müəssisələrində rast gəlinir: "Elə rayonlar var ki, oradakı ümumtəhsil müəssisələrində ümumiyyətlə virusa yoluxma yoxdur".

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdəki məktəblərdə koronavirusa yoluxma barədə rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən mütəmadi məlumat verilir. C.Valehov bölgələrdəki koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədrisin lokal dayandırıldığını söyləyib:

"Koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədris həmin bölgə üzrə yox, yoluxma olan məktəblər üzrə distant formaya keçir".

C.Valehov deyib ki, hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil. Bütün bölgələr üzrə ümumtəhsil ocaqlarında virusa yoluxma qeydə alınır. Əgər yoluxma halları çoxdursa, məktəb müvəqqəti distant formaya keçir.

Xəbər lenti
0