CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixçi: "İnsanlarımız kimi abidələrimiz də əsir düşmüşdülər"

© Photo : Courtesy of Hidaet DzhafarovHidayət Cəfərov
Hidayət Cəfərov - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Azərbaycanda ibtidai icma quruluşu və orta əsrlər dövrünü öyrənmək üçün ən yaxşı mənbə məhz Qarabağdadır.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Ermənistanın zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları olub. 90-cı illərdə Qarabağı işğal edərək həm də bu yolla tarixi saxtalaşdırmağa cəhd elədilər. Mənfur qonşularımızın iddialarının yalan olduğunu dünyaya çatdırmağın yalnız bir yolu var. O da tarixi faktlardır. Bəs görəsən, Qarabağın tarixi nə dərəcədə araşdırılıb? Bunu öyrənmək üçün Azərbaycan Dövlət İqtisad Universitetinin humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərova müraciət etdik. Hidayət müəllim uzun illər Qarabağda arxeoloji qazıntılar aparıb. Öz dili ilə desək, Qarabağın hər dağına, hər daşına bələddir.

Həmsöhbətimizin sözlərinə görə, Qarabağ bölgəsi Azərbaycanda ən çox tədqiqatlar aparılan bölgədir: "Qarabağda arxeoloji qazıntılar mərhələli şəkildə aparılıb. Amma hələ 100 il əvvəl də orada qazıntılar aparılıb. Bu, XIX əsrin 80-90-cı illərinə təsadüf edir. Qazıntıları aparan Şuşa Realnı məktəbində müəllim işləyən Emil Aleksandroviç Vestmer idi. Alman idi, Yelenendorf (indiki Göygöl) rayonunda doğulub. Əsasən Qarbağın dağlıq ərazilərində qazıntılar aparıb. Bundan başqa, İvanovski adlı başqa bir rus alimi də gəlib, Qarabağda arxeolaji qazıntılar aparıb. Sonra uzun müddət fasilə verilib".

© Photo : Courtesy of Hidaet DzhafarovAzərbaycanda arxeoloji qazıntı
Tarixçi: İnsanlarımız kimi abidələrimiz də əsir düşmüşdülər - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Azərbaycanda arxeoloji qazıntı

1920-ci il Aprel çevrilişindən sonra yeni hökumət quruldu. Tarixçinin sözlərinə görə, bu hökumətin müsbət tərəfi də o idi ki, abidələrin tədqiqinə xüsusi diqqət ayrılırdı: "1926-cı ildən başlayaraq Xocalıda, Naxçıvanda və başqa yerlərdə araşdırma aparılıb. Rusiyadan gələn İvan Meşşanov 30-cu illərdə qazıntılar aparıb, Azərbaycan üçün çox böyük işlər görüb. İlk dəfə arxeoloji qazıntıların xəritəsini hazırlayıb. Növbəti mərhələ 50-ci illərdə olub. Həmin illərdə SSRİ Elmlər Akademiyası Arxeologiya institutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə ekspedisiyası həm Naxçıvanda, həm də Qarabağda qazıntılar aparıb".

"Qarabağ başdan ayağa tarixi abidələrlə zəngindir" deyən tarixçi bildirir ki, tarixçiləri bura cəlb edən də elə budur: "Azərbaycanda ibtidai icma quruluşu və orta əsrlər dövrünü öyrənmək üçün ən yaxşı mənbə məhz Qarabağdadır. İlk dəfə Orta Tunc dövrünün abidələrini tapıblar - Ağdamda Üzərlik təpə, Xocalıda qazıntılar aparılıb. İlk dəfə Azərbaycanda Eneolit dövrünün abidələri öyrənilib. 50-ci illərdən sonra Azərbaycanda yeni nəsil arxeoloqlar yetişməyə başladı. Elə mənim elmi rəhbərim İdeal Nərimanovun özü Qarabağdan idi. Qüdrət İsmayılzadə, Məmmədəli Hüseynov kimi tarixçilərimiz Qarabağın Daş dövrünü öyrənib. 80-ci illərdən də mən başladım. Paleolit dövründən son orta əsrlərə qədər olan abidələri araşdırmışam. Tərtər və Ağdam rayonlarında müxtəlif nekropolları, bundan başqa, yaşayış yerlərində məişət abidələrini aşkar etdim. Məişət abidələri deyəndə yaşayış yerlərini nəzərdə tuturam. Çünki onlar sanki həyatı konservasiya edib saxlayıblar. Həmin məişət abidələrini araşdıran zaman orada insanların zamanında hansı işlərlə məşğul olduğunu araşdırmaq mümkündür".

© Photo : Courtesy of Hidaet DzhafarovAzərbaycanda arxeoloji qazıntı
Tarixçi: İnsanlarımız kimi abidələrimiz də əsir düşmüşdülər - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Azərbaycanda arxeoloji qazıntı

Və 90-cı illər... Qarabağın qara tarixi başlayır. Elə bu səbəbdən həmin illərdə tədqiqatlar dayandırılır: "Həmin ərazilər 30 il müddətində ermənilərin işğalı altında qaldı. Həmişə böyük ürək ağrısı ilə deyirdim ki, "insanlarımız kimi abidələrimiz də əsir düşüb". Təəssüf ki, həmin dönəmdə Qarabağın böyük bir hissəsində tədqiqatlar aparılmamışdı. Ermənilər də bu fürsəti əldən verməyiblər. Həmin ərazilərdə arxeoloji qazıntılar aparıblar. Biz bu məsələ ilə bağlı ATƏT-in fakt araşdırmalar qrupuna yazmışdıq, müxtəlif konfranslarda bu barədə çıxışlar etmişdik. Cenevrə Konvensiyasına görə, işğal olunmuş ərazilərdə heç kəsin qazıntı aparmağa ixtiyarı yoxdur. Aşkar etdikləri materialları aparmağa ixtiyarları yoxdur", - deyə bildirdi.

90-cı illərdən sonra ilk dəfə 2008-ci ildə yenidən arxeolji qazıntılara başlayan arxeoloq əlavə edir ki, həmin dövrdən yeni abidələr aşkar ediblər: "Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasına rəhbərlik edirəm. Məsələn, Ağdamın Palıdlı nekropolu var. Ora işğal olunmamışdı. Amma əvvəlki təmas xəttinə yaxın yerdə yerləşirdi. Orada da bizə işləməyə icazə vermirdilər. Hərbçilər deyirdilər ki, siz birbaşa nişangahdasınız. Biz orada güllənin altında çəkinə-çəkinə işləyirdik. İlk dəfə Qarabağın tarixində torpaq qəbirlər aşkar olunmuşdu. İnşallah bu il də başqa müstəvidə araşdırmalarımızı aparacağıq. Artıq planlar qurulub. Tarixi abidələrimizin siyahısını tutduq, annotasiyasını yazmışıq. Turist marşrutlarını müəyyən etmək üçün Turizm Agentliyinə yardım etdik. İşğaldan azad olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması qarşıda qoyulan mərhələdir".

© Photo : Courtesy of Hidaet DzhafarovAzərbaycan Dövlət İqtisad Universitetinin humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov
Tarixçi: İnsanlarımız kimi abidələrimiz də əsir düşmüşdülər - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Azərbaycan Dövlət İqtisad Universitetinin humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov

Bir çox tarixçilər bildirdilər ki, işğaldan azad olunmuş torpaqlara öncə arxeoloqlar getməlidirlər. Hidayət müəllimin də bu barədə fikirlərini öyrəndik: "Azərbaycan qanunvericiliyində belə bir maddə var: Hansısa bölgədə tikinti işləri aparılmazdan öncə arxeoloqlar birinici növbədə oranı yoxlamalıdırlar, ondan sonra orada tikinti və bərpa işləri aparmaq olar. Məsələn Sovet dövründə Şəmkir Su Elektrik Stansiyasını tikən vaxt biz orada tətqiqat işləri apardıq. Və bir çox abidəni xilas etdik. Bu praktika hər yerdə var. Hansı ərazi minadan təmizlənərsə, o əraziyə öncə biz gedəcəyik. O abidələri gözüyumulu taparam. Vaxtilə onların xəritələrini çıxarmışam".

Xəbər lenti
0