15:35 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
ELM
Qısa URL
102 0 0

Müəllimlər bildirirlər ki, ənənəvi təhsil bərpa olunduqdan sonra onlara keçdikləri dərsləri bir də sıxlaşdırılmış şəkildə tədris etmək tapşırılıb. Valideynlər və şagirdlər isə bunun çətinlik törədəcəyindən əmindirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Yanvar ayının 26-da tədris ilinin birinci yarımili başa çatacaq. Amma hələ də ölkə üzrə şagirdlərin xeyli hissəsi onlayn dərslərə qoşula bilmir. Təhsil Nazirliyi də ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunan distant dərslərlə bağlı mövcud problemləri açıqlayıb. Nazirlikdən bildirilib ki, dərslərin onlayn qaydada tədrisində şagirdlərin iştirak faizi şəhərlərlə müqayisədə kənd rayonlarında nisbətən aşağıdır: "Səbəb olaraq bəzi ailələrin internetə çıxış imkanlarının məhdudluğunu və dərslərə qoşulmaq üçün müvafiq cihazın olmamasını qeyd edə bilərik. Onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün televiziya kanallarında tədris proqramına uyğun olaraq teledərslərin yayımlanması təmin olunur".

© AR Ministry of Education /

Sputnik Azərbaycan onlayn dərslərdə iştirak edə bilməyən şagirdlərin dərs proqramını hansı formada mənimsəməsinin mümkünlüyünü araşdırıb.

Paytaxtdakı ümumtəhsil müəssisələrində işləyən müəllimlərin Sputnik Azərbaycan-ın əməkdaşına verdiyi məlumata görə, onlayn dərslərə qoşula bilməyən şagirdlərin dərs proqramını mənimsəməsi üçün dərslər ənənəvi qaydada təşkil olunduqdan sonra yenidən sıxlaşdırılmış şəkildə tədris olunacaq: "Bizə bildiriblər ki, ənənəvi təhsil bərpa olunduqdan sonra keçdiyimiz dərsləri bir də sıxlaşdırılmış şəkildə tədris edəcəyik. Çünki onlayn dərslərə qoşula bilməyən xeyli sayda şagird var ki, onlar dərs proqramını mənimsəməyiblər. Nazirliyin keçirdiyi milli qiymətləndirmədə bu üzə çıxıb".

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslərin yenidən sıxlaşdırılmış şəkildə keçiriləcəyi barədə onda konkret məlumat yoxdur:

"Bizdə bununla bağlı hər hansı qərar yoxdur. Təhsil Nazirliyində məktəblərdə aparılmış milli qiymətləndirmə ilə bağlı müzakirələr keçirilir. Bununla bağlı yekun qərar ictimaiyyətə açıqlanacaq".

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ucqar kəndlərdə onlayn təhsilə çıxış əldə edə bilməyən şagirdlərin sayı kifayət qədərdir: "Xüsusilə ucqar kəndlərdə internetə çıxış məhduddur. Elə kəndlər var ki, orada onlayn təhsilin yalnız adı var. Elə Təhsil Nazirliyinin milli qiymətləndirmə keçirməsinin səbəbi də bu reallığı üzə çıxartmaq idi. Rayonlarda, kəndlərdə, hətta Bakıda onlayn təhsilə qoşulmaqda çətinlik çəkən şagirdlər var. 

Düzdür, Təhsil Nazirliyi bunu nəzərə alaraq teledərslər keçirdir. Televiziya hər evdə var. Amma proqramın məzmununu mənimsəyə bilməyən şagirdlər üçün dərslərin sıxışdırılmış formada tədris olunması çox yaxşı olardı. Azərbaycanda məktəblərin çoxu 5 günlükdür. Məktəbləri 6 günlük etməklə ənənəvi təhsil bərpa olunduqdan sonra şagirdlərin mənimsəyə bilmədiyi mövzuları onlara yenidən başa salmaq olar. Şagirdlərə dərs proqramını mənimsəmələri üçün şərait yaradılmalıdır. Nəinki orta təhsil, ali təhsil üzrə də bu problemlər mövcuddur. Yay tətilində yay məktəbləri açmaqla proqram mənimsənilməsini təmin etmək mümkündür. Çünki Təhsil Nazirliyi apardığı qiymətləndirməyə əsasən belə qənaətdədir ki, regionlarda onlayn dərslərə qoşulmada xeyli problemlər var".

Təhsil üzrə ekspert Kamran Əsədov da hesab edir ki, onlayn dərslərə şagirdlərin qoşulması tam təmin edilmədiyindən müəyyən fənlər üzrə dərslərin ənənəvi təhsil bərpa olunduqdan sonra yenidən tədrisi vacibdir. Əks halda, fənlərlə mövzu arasında əlaqə qırılacaq, şagirdlər yuxarı siniflərdə keçirilmiş dərsləri heç cür mənimsəyə bilməyəcəklər:

"Birinci problem ondadır ki, pandemiya dövründə tədrisin qaydaları formaları tam formada hazırlanmayıb. Ənənəvi qaydada təhsil necə idisə, onlayn təhsil də elə keçirildi. Məlumdur ki, dərslərin onlayn keçirilməsinə başlanan gündən xeyli sayda şagird dərslərdən kənar qalıb. Ənənəvi təhsil bərpa edildikdən sonra həmin şagirdlərin ikinci yarımildə, yaxud da yuxarı sinifdə keçiriləcək dərsləri mənimsəməsi çox çətin olacaq.

Çünki fənlərlə mövzu arasında əlaqə qırılır. Bu əlaqənin qırılmaması üçün şagird keçirilmiş dərs proqramını mənimsəməlidir. Başqa ölkələrdə də eyni yanaşma var. Dərslərin dərinləşmiş və sürətləndirilmiş tətbiqi bizdə də vacibdir. Azərbaycan da başqa ölkələr kimi kompensasiyaedici tədrisi tətbiq etməlidir. Bunun üçün isə proqram hazırlanmaldır".

K.Əsədov deyir ki, əsas fənlər üzrə dərslərin təkrar keçirilməsi vacibdir: "İbtidai sinifdə şagirdlərin musiqi, həyat bilgisi, texnologiya kimi dərsləri öyrənməməsi o qədər də problem yaratmır. Yuxarı siniflərdə şagirdlər həmin fənlər üzrə bilik və bacarıq əldə edirlər. Amma ana-dili, riyaziyyat, fizika, kimya kimi fənlərdə şagirdin dərs proqramını mənimsəməməsi yuxarı siniflərdə mövzular arasındakı əlaqənin itməsinə səbəb olacaq. Əgər şagird aşağı sinifdə dil qaydalarını anlamayıbsa, yuxarı sinifdə keçirilən proqramı mənimsəyə bilməyəcək. Bunun üçün də əsas fənlər üzrə dərslərin sıxışdırılmış şəkildə yenidən ənənəvi qaydada tədrisi vacibdir".

Ekspert deyir ki, tətillərin ləğv edilməsi hesabına tədris bərpa edildikdən sonra keçirilmiş dərslərin yenidən keçirilməsi müxtəlif formada təşkil edilə bilər.

Teqlər:
ekspert, əyani, təhsil

Əsas mövzular