22:47 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
5310

Buradakı emalatxanalar bütün ixtisaslar üzrə tələbələrin praktiki bilik və bacarıqlara yiyələnməsi üçün zəruri müasir avadanlıqlarla təmin olunub.

BAKI, 16 noyabr — Sputnik. Peşə məktəbi dedikdə çoxumuzun ağlına sovetdən qalma, heç bir texniki bazası olmayan təmirsiz təhsil müəssisələri gəlir. Çox təəssüf ki, bu gün belə peşə təhsilinə dırnaqarası baxan, bunu lazımsız sayanlar da var. Elə bu səbəbdən də valideynlərin çoxu övladlarının ali məktəbə qəbul olması üçün dəridən-qabıqdan çıxır. Baxmayaraq ki, bu gün əmək bazarında peşə təhsilli ixtisaslı kadrlara ciddi tələbat var. Amma cəmiyyətdə peşə təhsili ilə bağlı yaranmış yalnış təsəvvür hələ tam dəyişməyib. Apardığımız kiçik araşdırma da göstərir ki, son illər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində xeyli iş görülüb. Hətta bu gün Azərbaycanda dünya peşə standartlarına uyğun, praktiki biliyə malik mütəxəssis hazırlayan peşə məktəbləri də fəaliyyət göstərir. Elə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi də onlardan biridir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
© Sputnik / Zulfiyya Guluyeva
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

Müasir tədris binası olan təhsil kompleksi, iki böyük emalatxana, yataqxana, idman meydançası... Kənardan baxdıqda bu məkanın peşə məktəbi olduğu ağıla gəlməsə də, burada əmək bazarının tələblərinə uyğun, praktiki bilik və bacarıqlara yiyələnən kadrlar hazırlanır. Burada bizə məlumat verilir ki, bu gün bir sıra peşə məktəblərində olmayan ixtisaslar üzrə burada peşə təhsilli mütəxəssislər yetişdirilir. Bu peşə təhsili mərkəzində əmək bazarında ciddi tələbat olan peşələr üzrə ixtisaslar tədris olunur. Burada veb-dizayner, avtomobil üzrə elektrik, avtomobillərin təmiri çilingəri, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mebel ustası, torna və frezer dəzgahlarının operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, inşaat ustası, veb dizayner və proqram təminatçısı, avtomatika üzrə usta, kompüter sistemlərində proqram təminatı, nəqliyyat vasitələrinin texniki istismarı sahələri üzrə ixtisaslı kadrlar hazırlanır.

Peşə təhsilində sözsüz ki, praktiki biliklərin verilməsi vacibdir. Odur ki, yolumuzu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanalarından salırıq. Burada bizə məlumat verilir ki, bütün ixtisaslar üzrə tələbələrin praktiki bilik və bacarıqlara yiyələnməsi üçün bütün avadanlılar var. Təhsil Mərkəzinin birinci emalatxanasında olarkən burada tədris olunan ixtisaslara uyğun emalatxana otaqlarının olduğunun, onların hər birinin lazımi dəzgah və cihazlarla təmin olunduğunun şahidi oluruq. Bizə məlumat verilir ki, avtomobillərin təmiri çilingəri, avtomobil diaqnostikası və təmiri ustası peşəsinə yiyələnmək istəyənlər buradakı avadanlıqların köməyi ilə praktiki biliklər əldə edirlər. Hətta emalatxanada olan müasir və bahalı avtomobillər də təcrübədə istifadə edilir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
© Sputnik / Zulfiyya Guluyeva
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

İkinci emalatxanada da bütün otaqlar zəruri avadanlıqlarla təchiz edilib. Proseslərin avtomatlaşdırılması otağına yaxınlaşaraq peşə məktəbinin müəllimi Rəşad Çopsiyevlə həmsöhbət oluruq. Onunla söhbət zamanı öyrənirik ki, proseslərin avtomatlaşdırılmasında elektrik və elektronika dərsini tədris edir. R. Çopsiyev deyir ki, bu Mərkəz emalatxanaları ilə dünyanın ən müasir peşə məktəblərini xatırladır:

"Peşə təhsilində praktiki bilik çox vacibdir. Əgər bir peşə məktəbinin bunun üçün emalatxanası, müasir avadanlıqları yoxdursa, müəllim tələbəyə nəzəri bilik verməklə kifayətlənmək məcburiyyətində qalır. Amma artıq bizim Mərkəzdə bunun üçün bütün avadanlıqlar var. Biz peşə təhsili üzrə sözün əsl mənasında mütəxəssis hazırlayırıq. Bizim tələbələrimiz burada bu bacarıqları əldə edib şirkətlərdə təcrübə keçirlər. Onlar əmək bazarı üçün tam hazırlıqlı kadr olaraq yetişirlər. Artıq iş üçün müraciət etdikdə onlar lazım olan avadanlıqları işlətməyi bacarır, özləri sərbəst çalışa bilirlər. Çünki, bizim mərkəzdə müəssisələrdə istifadə edilən müasir avadanlıqlar var".
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
© Sputnik / Zulfiyya Guluyeva
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

R. Çopsiyev bildirir ki, bu gün Azərbaycanda universitetlərin belə bu cür emalatxanaları yoxdur. Ona görə də müəllim hətta ali təhsil alanların praktiki bilik əldə etmək üçün bu peşə Mərkəzinə üz tutduğunu söyləyir.

Hazırda pandemiya dövrü olduğundan, tələbələr dərslərini virtual davam etdirsələr də, müəllimlər müvafiq resurslarla onlara avadanlıqlardan istifadə qaydasını izah edirlər.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Teqlər:
emalatxana, Texniki Peşə Məktəbi, peşə təhsili, peşə

Əsas mövzular