04:43 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
129 0 0

Cəsarət Valehov: "Ali məktəblərdə dərslərdə yaranmış fasilə növbəti həftələrdə kompensasiya ediləcək".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda hərbi vəziyyətlə bağlı internetə çıxış məhdudlaşdırılıb. Bu səbəbdən də ali təhsil müəssisələrində distant dərslər dayandırılıb. Sputnik Azərbaycan ali məktəblərdə tədrisdə yaranmış problemdən çıxış yollarını araşdırıb.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəbhə bölgəsində döyüşlərlə əlaqədar internetin verilişində məhdudiyyətlər tətbiq edilib: "Bu müharibə şəraiti ilə bağlı olduğundan başa düşüləndir. Düşünürəm ki, bunun ali məktəblərdə tədrisə ciddi təsiri olmayacaq. Nəzərə alaq ki, biz 30 ildir, bu günü gözləyirdik. Bu gün dövlət üçün təhlükəsizlik daha çox önəm daşıyır. Orta məktəblərdə ənənəvi dərslərin keçirilmə sayı artırılmaqla bu problem qismən aradan qaldırıldı. Müharibə uzun müddət davam edərsə ali məktəblərdə də ənənəvi dərslər bərpa edilə bilər".

Onun sözlərinə görə, bu suallar cəmiyyətdə də yaranır. Burada da bir neçə situasiya var ki, bir-biri ilə əlaqəlidir:

"Ümumi bir qərarın qəbul olunmasının, təhsildə fasiləsizliyin təmin edilməsinin tərəfdarıyıq. Amma nəzərə alaq ki, pandemiya şəraiti ilə bağlı da narahatlıq var. Yoluxma həddi aşağı düşərsə, tədricən əyani təhsilə keçid ali məktəblərdə də təmin edilə bilər".

Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, müəyyən dəyişikliklər etməklə ali təhsildə boş keçən dərs günləri kompensasiya edilə bilər: "İlk təklif budur ki, ali məktəblərdə 1-ci semestrin müddəti yanvar ayının 25-dək uzadıla bilər. İkinci təklif isə ondan ibarətdir ki, seminarların sayı azaldılaraq əvəzinə mühazirələr təşkil edilsin. Eyni zamanda mütləq şəkildə sessiya zamanı imtahan sayı azaldılmalıdır. Yeganə vasitələr ancaq budur".

K.Əsədovun sözlərinə görə, oktyabrın 15-dən sonra 2 və 3-cü kurslarda tədrisin bərpası da gözləniləndir:

"Bu gün ali məktəbə gedənlərin sayı orta təhsilə cəlb edilənlərdən azdır. Düşünürəm ki, qismən də olsa ali məktəblərdə ənənəvi təhsili bərpa etmək olar".

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, internetdə yaranmış məhdudiyyətlər səbəbindən ali məktəbdlərdə distant təhsil dayandırılıb. C.Valehovun sözlərinə görə, ali məktəblərdə dərslərdə yaranmış fasilə növbəti həftələrdə kompensasiya ediləcək.

Əsas mövzular