CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tədris ili ilə bağlı qərar dəyişdirilə bilər

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
"Çox təəssüf ki, yeni tədris ili başlasa da, təhsil prosesində iştirak edənlər üçün internet qiymətlərində heç bir güzəştlər edilməyib. Fikrimizcə, bu məsələyə ciddi baxılmalıdır. Çünki hibrid təhsil formasında internetə çıxış əsas məsələlərdən biridir"

BAKI, 15 sentyabr — Sputnik. Təhsil Nazirliyinə və hökumətə ölkədə internetin durumu, xüsusi olaraq şagird, tələbə və müəllimlər üçün resursların əlçatan olması məqsədilə müraciət ünvanlanıb.

Bu haqda bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Nadir İsrafilov İlqar Orucovun iştirakı ilə yeni tədris ilinə həsr olunmuş mətbuat konfransında bildirilib. Ekspertlər pandemiya dövründə təhsil prosesinin necə keçəcəyi, bu şəraitdə təhsilin keyfiyyətinin aşağı düşüb-düşməyəcəyi barədə öz fikirlərini söyləyiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, N.İsrafilov bildirib ki, ənənəvi formada təhsildən fərqli olaraq qeyri-standart formada keçiriləcək təhsilə cəmiyyətimizdə müxtəlif yanaşmalar var: "Amma ölkə başçısının yeni tədris ili ilə əlaqədar təbrik müraciətində vəziyyət kifayət qədər aydın şərh olunub. Prezident bildirib ki, baxmayaraq biz yeni tədris ilinə qeyri-standart formada başlayırıq, əsas məqsəd insanları bu bəladan qorumaqdır. Elə qəbul edilən bütün qərarlar da buna əsaslanır. Belə halda təhsilin keyfiyyəti ilə bağlı məsələni mübahisələndirərkən vəziyyət nəzərə alınmalıdır. Çünki bu təkcə Azərbaycanla bağlı olan məsələ deyil. Bu, qlobal problemdir. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda bu il dərslər təhsil ənənəvi formada yox, hibrid formada tədris olunacaq. Təhsildə lokal xarakterli diferensial yanaşma tətbiq olunacaq. Onu da qeyd etməliyik ki, vəziyyət istənilən yönə dəyişə bilər. Virusa yoluxmanın azalmasından və artmasından asılı olaraq yeni qərarlar qəbul edilə bilər".

© Sputnik / Murad OrujovNadir İsrafilov
Tədris ili ilə bağlı qərar dəyişdirilə bilər - Sputnik Azərbaycan
Nadir İsrafilov

N.İsrafilov deyib ki, qeyri-standart təhsilə başlanılmasına uzun müzakirələrdən sonra qərar qəbul olunub: "Bəzi valideynlər hibrid təhsilə sosial şəbəkələrdə narazılıq bildirsələr də, hər kəsə aydındır ki, heç bir texniki vasitə insanlar arası canlı ünsiyyətin yerini verə bilməz. Hər birimizin arzusu ənənəvi tədrisin başlanmasıdır. Amma mütləq vəziyyət, şərait nəzərə alınmalıdır. Bu təkcə təhsil ictimaiyyətinin fikri deyil. Ayrı-ayrı qurumlarla razılaşdırmalar var".

İlqar Orucov isə bildirib ki, pandemiya dövründə qəbul olunan qərar çox doğru qərardır:

"Biz avqustda yeni təhsil naziri Emin Əmrullayev ilə ilk dəfə bu məsələni müzakirə etdik. Yeni tədris ili ilə bağlı qərar xeyli mürəkkəb və məsuliyyətli qərardır. Təbii ki, o, müvəqqəti xarakter daşıyır və Nazirlər kabinetinin (NK) qərarı ilə konkret dövr göstərilib. Ümid edək ki, pandemiya ilə bağlı vəziyyət yaxşılığa doğru gedəcək və biz ənənəvi təhsilə qayıdacağıq.

Hazırda ənənəvi təhsili əvəz edən distant təhsil təhsilin bir forması olsa da, orta məktəblərdə ali təhsildəki kimi nəticə vermir. Amma biz pandemiya dövründə bir nəsli itirməməliyik. Hazırkı dövrdə təhsilsizlik böyük itkidir. Hansı formada olmasından asılı olmayaraq təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaqla hibrid və məsafədən təhsil verilməsini düzgün qərar hesab edirəm".

© Sputnik / Murad Orujovİlqar Orucov
Tədris ili ilə bağlı qərar dəyişdirilə bilər - Sputnik Azərbaycan
İlqar Orucov

İ.Orucov onlayn təhsilin ən böyük problemlərindən biri olan internet məsələsinə də toxunub. Ekspert deyib ki, cəmiyyətdə bununla bağlı haqlı narahatlıq var: "Təhsilalanların və təhsilverənlərin internetə çıxışının məhdud olması problemi var. Biz İctimai Şura olaraq bu məsələni həm özümüz, həmçinin də Təhsil Nazirliyi ilə müzakirə etmişik. Təhsil Nazirliyinə və hökumətə müraciət ünvanladıq ki, dövlət səviyyəsində bu məsələyə aydınlıq gətirilsin. Bizim fikrimizcə, təhsilalanlar üçün internet tariflərində güzəşt olmalıdır. Təhsilverənlərə isə internetin pulsuz olması çox vacibdir. Amma bu məsələdə bütün qurumlar təhsilin yanında olmalıdırlar. Çox təəssüf ki, yeni tədris ili başlasa da, təhsil prosesində iştirak edənlər üçün internet qiymətlərində heç bir güzəştlər edilməyib. Fikrimizcə, bu məsələyə ciddi baxılmalıdır. Çünki hibrid təhsil formasında internetə çıxış əsas məsələlərdən biridir".

Mətbuat konfransı müzakirələrlə davam edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Bilik Günüdür. Təhsil nazirinin müvafiq əmrinə əsasən, xüsusi tədris planı çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonlarının ümumtəhsil müəssisələrində həftədə iki dəfə, respublikanın digər şəhər və rayonlarında isə həftədə üç dəfə dərslər əyani surətdə keçiriləcək.

Xəbər lenti
0