08:43 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
107010

"Qardaş Türkiyədə təkcə İstanbulda 7 min orta məktəbdən 3500-ü özəldir. Bu həm büdcə asılılığını azaldır, həm də təhsil müəssisələri arasında rəqabət mühiti formalaşdırır"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Öncəki illərlə müqayisədə Azərbaycanda özəl təhsil sektoruna maraq çoxalıb. Bu fonda özəl orta təhsil müəssisələrində qiymətlərin də artmasının şahidi oluruq. Hazırda Azərbaycanda belə müəssisələrdə illik təhsil haqqı 6-12 min manat civarındadır.

Maraqlıdır, bu təhsil müəssisələri aldıqları pula adekvat təhsil verirmi? Ümumiyyətlə, özəl məktəblərin nə kimi üstünlükləri və çatışmazlıqları var, xaricdəki "əjdaha"lara çatmaq üçün nəyə ehtiyac duyurlar - bu məsələləri Sputnik Azərbaycan təhsil eksperti Kamran Əsədovla və valideynlərlə müzakirə edib.

"İlk növbədə qeyd edim ki, "Təhsil haqqında" qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verir. Ancaq ölkəmizdə indiyədək yalnız özəl orta məktəblər yaradılıb. Bələdiyyə məktəblərinin yaradılması məsələsi dəfələrlə gündəmə gətirilsə də, bugünədək reallaşmayıb.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında onu da deyim ki, hazırda ölkəmizdə 2020-2021-cü dərs ilində fəaliyyət göstərəcək dövlət və özəl əyani ümumi təhsil müəssisələrinin sayı 4500-ə qədər olub. Onlardan 346-sı ibtidai, 830-u ümumi orta, 3312-si isə tam orta ümumi təhsil müəssisəsidir. Liseylerin sayı 85, gimnaziyaların sayı isə 15-dir. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar üçün 17 xüsusi və internat məktəbi fəaliyyət göstərir. Amma dövlət məktəbləri büdcədən asılı olduğu üçün o qədər də sürətlə inkişaf də bilmir.

Xatırladım ki, özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1 faizdən aşağıdır. Burada təhsil alanların sayı da dövlət orta məktəbləri ilə müqayisədə dəfələrlə aşağıdır. Hazırda özəl məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı isə 1289-dur. Bu, digər ölkələrlə müqayisədə çox aşağıdır. Qardaş Türkiyədə təkcə İstanbulda 7 min orta məktəbdən 3500-ü özəldir. Bu həm büdcə asılılığını azaldır, həm də təhsil müəssisələri arasında rəqabət mühiti formalaşdırır", - deyə K.Əsədov vəziyyəti dəyərləndirib.

Distant təhsil - Gələcəyimizi təmin edən fürsət, yoxsa savadsızlığa aparan "Troya atı">>

Dünyanın inkişaf etmiş bütün ölkələrində vəziyyətin oxşar olduğunu söyləyən ekspert Azərbaycanda özəl orta məktəblərin təhsil haqqının hədsiz dərəcədə yüksək olduğunu vurğulayır. Onun fikrincə, bu, əlçatımlılığın qarşısını alır:

"Ölkəmizdə özəl orta məktəblərin problemi təkcə təhsil haqqının yüksək olması deyil, burada digər problemlər də var. Belə ki, müxtəlif özəl məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adla fəaliyyət göstərirlər.

Səfirliklər öz əməkdaşları üçün məktəb aça, kadrları da, məktəb də həmin dövlətin dilində fəaliyyət göstərə bilərlər. Həmin məktəblərdə ölkəmizin tarixi, coğrafiyası, dili də öyrədilməlidir. Digər tərəfdən, Azərbaycanın təşkil etdiyi məktəblərdə heyət əsasən milli kadrlardan ibarət olmalı, öyrədilən biliklər öz dövlətimizin standartına, tərbiyə aspekti isə milli-mənəvi dəyərlərimizə əsaslanmalıdır. Təəssüf ki, bir sıra orta məktəblər var ki, xaricdən mütəxəssislər dəvət olunur, dərs proqramı xaricdən gətirilir, tərbiyə aspekti milli dəyərlərimizdən kənar olur".

"Dünya təcrübəsi ilə bağlı başqa bir məqamı da qeyd edim ki, əslində qərb ölkələrində bir çox özəl orta məktəblərdə uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur: bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir.

Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb. Ona görə də təhsilin bu sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var", - deyə Sputnik Azərbaycan-ın müsahibi bildirib.

O qeyd edib ki, digər tərəfdən, özəl orta təhsil müəssisələrinə öz işlərini daha səmərəli qurmaqda və inamlı təsir bağışlamaqda dövlət dəstəyinin də böyük təsiri ola bilər ki, bu da çox vacib şərtlərdən biridir.

Özəl və dövlət tədris müəssisələrini qarşılaşdırdıqda maraqlı mənzərə alınır: seçim edərkən valideynlərin bəziləri günlük rahatlıqları və xərclərini,  bəziləri isə övladlarının mümkün uğurların əsas götürürlər.

Ödənişinin Azərbaycan, rus, ingilis dili bölməsinə görə 8, 10, 12 min arasında dəyişdiyi özəl məktəblərin biri ilə əlaqə saxladıq. Bizə bildirildi ki, pandemiya dövründə valideynlərə təhsil haqqı 90-100 faiz qədərində geri qaytarılıb. Qeyd olunub ki, pandemiya ilə əlaqədar olaraq təhsil müəssisələrinin fəaliyyəti bərpa olunmadığı halda tədris proqramı qısaldılmış formada, onlayn rejimdə (gündəlik 2 məşğələ olmaqla) icra olunacaq. Bu dövr üzrə (onlayn dərslərin keçirildiyi dövr) təhsil haqqı hesablanmayacaq və heç bir ödəniş tələb olunmayacaq. Növbəti ödəniş uşaqların fiziki olaraq dərsə başladığı tarixdən (fəaliyyət göstərilməyən aylar üzrə ödəniş çıxılmaqla) həyata keçirilə biləcək.

Bütün dərs ili üzrə təhsil müəssisələrinin fəaliyyəti bərpa olunmadığı təqdirdə onlayn məşğələlər keçirilsə belə, bağça üzrə ödənilmiş illik təhsil haqqı 100%, məktəbəqədər hazırlıq qrupları üzrə isə 90% həcmində geri qaytarılacaq. Bu özəl məktəbin əsas üstünlüyü isə istər bağça, məktəbəqədər, istərsə də məktəbli uşaqların 08:45-dən 18:00-dək orada saxlanılması, gündə üç dəfə qidalanması, onlara əlavə məşğələlərin keçirilməsi, yatması, əyləncələri daxildir. Fin təhsil modelini təbliğ edən məktəb sonda hazır kadr verir.

Bu gün özəl məktəblərlə dövlət məktəbləri arasında bu fərq olduğundan xüsusən mövcud pandemiya dövründə işləyən valideynlər əlavə stress, gərginlik yaşamadan övladını təhsil müəssisəsinə rahatlıqla etibar edərək həm pul qazana bilir, həm də övladını bütün gün ərzində mobil applikasiya vasitəsilə nəzarətdə saxlaya bilirlər.

Valideynlər daha çox hansına üstünlük verirlər və nə qədər xərcləri çıxır?

Övladı özəl təhsil müəssisəsində oxuyan valideyn deyir ki, illik təhsil haqqından əlavə, onların yalnız dəftər-qələmə xərci çıxır: "Digər bütün xərclər, dərsdən sonra məşğələlər də təhsil müəssisəsi tərəfindən qarşılanır. Mən də, həyat yoldaşım da işdə rahat otururuq, işimizi görürük. Yəni, bütün günü fikrimiz uşaqda qalmır ki, görəsən, indi nə edir, evdə tək necədir".

Valideyn deyir ki, övladını tanımadığı dayəyə, sürücüyə tapşırmaqdansa, bu, ən etibarlı bir variantdır. Bununla belə, mövcud şəraitin də özəl məktəblər tərəfindən nəzərə alınması onlarda təhsil müəssisəsinə olan inamı daha da artırıb.

Lakin dövlət məktəblərinin də keyfiyyət baxımdan üstün olduğunu deyənlər var.

"Bu ilin ən yüksək bal toplayan şagirdləri adi dövlət məktəblərinin şagirdləridir. O qədər kolleclərdə oxuyub universitetə daxil olmayanlar var ki.  Bu səbəbdən mən dövlət məktəblərinə üstünlük verirəm", - övladı üçün dövlət məktəbini seçən valideyn Sputnik Azərbaycan-a deyir.

Bir əmma var ki, dövlət məktəbləri işləyən valideyn üçün bəzən o qədər də alçatan olmur. Belə ki, nənə-babadan çox uzaqda yaşayan ailə üçün uşağın məktəbdən sonrakı həyatı böyük problemlərə, çətinliklərə səbəb olur.

Dövlət məktəblərində övladı təhsil alan valideynlər bildirirlər ki, onların övladları üçün nəzərdə tutduqları bazarlıqdan əlavə xərcləri 300 manat civarında olur ki, bura da fond pulu, bayramda yığılan pul və s. daxildir. Təbii ki, fərdi hazırlığa gedən şagird üçün müəllim və fəndən, həmçinin getdiyi ərazidən asılı olaraq qiymətlər dəyişir. Bu da aylıq olaraq 500 manat civarında ola bilər. Təxminən 10 aylıq 300-500 manat + illik olaraq 300 manat, bu isə təxminən illik 3000-5000 manat xərc deməkdir. Məsafədən asılı olaraq daşınma varsa, əlavə sürücüyə ehtiyac yaranarsa, bu zaman qiymətlər dəyişə bilər.

Əlaqədar

Bir bunu da keçsəm... Azərbaycanda qəbul imtahanları – FOTO
Stereotipləri qıraraq - böyük sözünə baxmamaq azərbaycanlı gəncin həyatını dəyişdi
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
Gözdən qaçırdığımız təhlükə - Uşaqlara aid ədəbiyyatda onlara "məşuqə olmaq" aşılanır?!
Hər dərdin çarəsi var: Məktəblərdə sıxlıq problemini həll etmək olar, yetər ki başlayaq

Əsas mövzular