CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün 13 mindən çox şagird imtahan verəcək

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 24 iyul - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

DİM-dən verilən məlumata görə, Saat 11:00-da başlanan imtahanda 13483 şagirdin (abituriyentin) iştirakı gözlənilir. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahan keçirilən bölgələr bunlardır:

11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Sabunçu (Bakı), Səbail (Bakı), Abşeron (II hissə), Səbail (Bakı), Yasamal (Bakı), Xəzər (Bakı).

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı: Səbail (Bakı), Yasamal (Bakı), Xəzər (Bakı), Pirallahı (Bakı), Gəncə (Nizami), Masallı, Şəki, Siyəzən. 

Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: Yasamal (Bakı), Xəzər (Bakı), Gəncə (Nizami), Masallı.

Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün: Abşeron, Masallı, Şəki, Siyəzən, Yasamal (Bakı), Xəzər (Bakı), Gəncə (Nizami).

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari və əvvəlki illərin məzunları üçün buraxılış (qəbul) imtahanı: Masallı.

Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Sabunçu (Bakı), Səbail (Bakı). 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Qeyd edək ki, 23-24 iyulda imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 149 imtahan binası, 2286 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 385 imtahan rəhbəri, 3024 nəzarətçi–müəllim, 298 buraxılışı təşkil edən əməkdaş, 149 bina nümayəndəsi ayrılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Xəbər lenti
0