19:10 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
139710

Kamran Əsədov deyir ki, hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də özəl təhsil sektorudur. Koronavirusun Azərbaycanda yayılmağa başladığı mart ayından bu yana özəl təhsil sektorunun fəaliyyəti demək olar ki, tamamilə iflic olub.

Amma özəl təhsil sektorunun dirçəlməsi üçün müxtəlif çağırışlar da var. Təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında mövcud vəziyyəti qiymətləndirdiyini və təkliflərinin olduğunu bildirib: "Martın 3-dən pandemiya ilə əlaqədar ölkədə bütün tədris prosesi dayandı. Repetitor fəaliyyəti və hazırlıq kurslarının da fəaliyyətinə məhdudiyyət tətbiq edildi. Təhsil Azərbaycanda öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ən böyük sahədir. Ona görə də, yoluxma dairəsi təhsilin sayəsində daha da çox ola bilərdi. 27 apreldən etibarən isə karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq bir sıra yumşaldıcı addımlar atılmağa başladı. Lakin bu yumşaldıcı addımlar təhsil sistemindən, xüsusi ilə iqtisadiyyata dəstək verən hazırlıq kurslarından, tədris mərkəzlərindən yan keçdi. Maydan etibarən ölkədə kafe, restoran və iri "Mall"arın fəaliyyətinə icazə verilsə də, tədris müəssisələrinə bu imkanın verilməməsi anlaşılan deyil. Düzdür, 27 apreldən fərdi qaydada repetitor fəaliyyətinə icazə verilib. Amma necə olur ki, 1 müəllim 1 şagird dərs keçəndə virus yoluxur, amma 10-larla adam çayxanada oturanda virus yoluxmur?"

"Artıq ali məktəblərə qəbul üçün buraxılış imtahanları, növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarıqları unudublar. Birincisi, ölkədə ən problemsiz yerlər tədris mərkəzləridir ki, onlar uşaqlara bilik verir, onların inkişafına xidmət edirlər. Bu gün çayxanalar, restoranlarda daha çox virus yaya bilər, nəinki hazırlıq kursları. Hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir", - deyə K.Əsədov əlavə edib.

Ekspert deyir ki, özəl sektora, xüsusi ilə ölkədə təhsilin inkişafına xüsusi xidmət edən özəl təhsil sektoruna qarşı belə mövqe nümayiş etdirmək olmaz: "Hüquq mühafizə orqanlarını diqqətli olmağa çağırıram. “Gizli fəaliyyət göstərir” kimi təqdim etdiyiniz təhsil mərkəzi narkotik yetişdirmir, qaçaqmalçılıq ilə məşğul olmur. Onlar ölkənin gələcək şəxsiyyətlərinə bilik, savad verirlər. Nazirlər Kabinetinə müraciət edərək bildirmək istəyirəm ki, çayxanalar, restoranlara aid edilən fəaliyyət icazəsini hazırlıq kursları, tədris mərkəzlərinə də şamil etsinlər. Ölkəni təhsilsiz qoymaq olmaz. Bunun təhsil üçün ağır fəsadları olacaq".

Əsas mövzular