03:25 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
27210

"Hazırda məzunlarla əmək bazarının tələbləri arasında kəmiyyət və keyfiyyət baxımından böyük uçurum var. Bu addım ölkənin müasirləşdirilməsinə və beynəlxalq müstəvidə rəqabətə davamlılığının təkmilləşdirilməsinə kömək edəcək"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Bir neçə gün öncə "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası" təsdiq edildi.

Yeni qaydalara görə, orta məktəblərdə doqquzuncu sinifdən sonra təmayül siniflərinə bölünmə zamanı gələcəkdə ali təhsil pilləsində təhsilini davam etdirmək istəyən şagirdlərdə bilik, bacarıq və səriştələrdən istifadə etmə qabiliyyəti formalaşdırılacaq.

Təhsil nazirinin müşaviri Elnur Məmmədovun sözlərinə görə, təhsil-əmək bazarı arasında əlaqənin və təhsildən əmək bazarına keçidin təmin olunması sistem qarşısında duran mühüm vəzifələrdən biridir: "Peşəyönümü xidmətinin məqsədi şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə vaxtında məlumatlandırılması, onların meyl, maraq və qabiliyyətlərini nəzərə alaraq müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsi, karyera planlaşdırılması və ilkin sahibkarlıq bacarıqlarının aşılanmasıdır".

O qeyd edib ki, bu xidmət şagirdlərə ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramların və peşələrin seçimində düzgün və şüurlu qərar qəbul etməyə kömək edəcək.

"Bu məqsədlə şagirdlər arasında diaqnostik testlərin və sorğuların keçirilməsi, onlar üçün yaxın ərazidə yerləşən müəssisələrə ekskursiyanın, peşə həftəsinin təşkili, peşələrə dair oyunların və yarışların keçirilməsi, müxtəlif peşə sahələrinə aid videofilmlərin nümayiş etdirilməsi, peşə seçiminə dair konfransların təşkili, müxtəlif peşə sahələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Buna əlavə olaraq, X-XI siniflərdə peşə təmayüllü siniflər təşkil ediləcək. Bu siniflərdə mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək və şagirdlər peşə təhsili müəssisələrinin təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunacaqlar. Bu siniflərin məzunlarına tam orta təhsil haqqında attestatla yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək və onlar peşə təhsili müəssisələrinə müsabiqədən kənar qəbul ediləcəklər.

Bu prosesin təşkilinə qeyri-hökumət təşkilatları və özəl müəssisələr cəlb ediləcək", - deyə Elnur Məmmədov əlavə edib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək:

"Birincisi, oraya gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur. Üçüncüsü də bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə yoxdur. Bu sahəyə vəsait ayırmaq vaxt itkisidir".

Ekspert əlavə edib ki, inkişaf etmiş ölkələrdə məzunların 40-60%-i ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11%-dir.

"Ölkədə 5500 nəfərdən artıq işçi heyətinə malik olan 116 dövlət və iki özəl texniki peşə məktəbi və kollec fəaliyyət göstərir. Bu məktəb və kolleclərin qeydiyyatdan keçmiş və 150-dən artıq müxtəlif fənn və ixtisas üzrə təhsil alan 23800-dən artıq tələbəsi var. Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır. Digər mövcud problemlərdən biri də bir çox təhsil müəssisələrinin əsasən qaçqın və məcburi köçkün ailələrinin yaşadığı yerə çevrilməsidir. İlkin peşə təhsili müəssisələrinin binaları olduqca köhnəlmiş vəziyyətdədir və dövlət büdcəsindən maliyyələşmə mexanizmləri qeyri-müəyyəndir. Məktəb və kolleclərdə istifadə edilən dərslik və tədris planları çox vaxt müasir tələblərə cavab vermir", - deyə Əsədov əlavə edib.

Onun sözlərinə görə, münasib maliyyələşmə mexanizmlərinin və əlaqədar hüquq normalarının, eləcə də təhsil müəssisələrinin fəaliyyətləri üçün qabaqcıl monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması və işçi heyətinin təlim səviyyəsinin qeyri-müəyyən olması da problemlər arasındadır.

Ekspert hesab edir ki, bir çox hallarda müxtəlif sahibkarlıq tiplərinə aid olan müəssisələrlə texniki peşə təhsili müəssisələri arasında əlaqələrin zəif olması, ümumi təhsil müəssisələrində peşə təmayüllərinin olmaması və təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarına cavab verə bilməməsi kimi problemlərlə də qarşılaşılır: "Hazırda məzunlarla əmək bazarının tələbləri arasında kəmiyyət və keyfiyyət baxımından böyük uçurum var. Bu addım ölkənin müasirləşdirilməsinə və beynəlxalq müstəvidə rəqabətə davamlılığının təkmilləşdirilməsinə kömək edəcək. Yeni texnologiyaların yaradılması və enerjiyə qənaət, alternativ enerji və yaşıl texnologiya daxil olmaqla texnoloji və ekoloji istehsal tələbləri baxımından tələb olunan iqtisadi və sosial dəyişiklikləri sürətləndirən innovasiyaların təqdim edilməsi də bu addımın tərkib hissələri olmalıdır. Tədris prosesini müasirləşdirmək üçün texniki sahə üzrə lazımi bacarıq və biliklərə malik olan daha çox müəllim yetişdirilməlidir. Səmərəsizliyin və ancaq özəl sektorun inkişafının dəstəklənməsinin qarşısını almaq üçün dövlət texniki peşə təhsili sistemi səmərələşdirilməlidir. Müasirləşdirmə təkmilləşdirilmiş hüquq normaları vasitəsilə müasir tələblərə, texniki peşə təhsili işçilərinin təkmilləşdirilmiş tədris prosesinə, maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş idarəetmə strukturlarına əsasən həyata keçirilməlidir".

K.Əsədov bildirib ki, ilkin texniki peşə təhsili sistemində çalışan əməkdaşların təkmilləşdirilmiş tədris, təkrar tədris və professional irəliləyiş proseslərindən keçmələrinə ehtiyac var: "Eyni zamanda maddi baxımdan daha yaxşı motivasiya olunmaları, texniki sahə üzrə müəllimlər üçün fəaliyyətlərinin qiymətləndirilməsi yolu ilə dərəcələr üzrə və rəqabətə əsaslanan əmək haqqı miqdarlarının yaradılması zəruridir. Texniki peşə təhsili sisteminin dəyişməsi üçün digər mühüm sahə maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsidir. Biz çoxmənbəli maliyyə sxemləri tətbiq etməli və təhsil müəssisələrinin özlərini maliyyələşdirməsi yolu ilə, müvafiq hökumət fondlarından və beynəlxalq dəstək proqramlarından səmərəli şəkildə istifadə edərək ilkin texniki peşə təhsili müəssisələrinin maddi-texniki təminatını qismən təkmilləşdirməklə büdcədənkənar vəsaitlərin əldə edilməsinə nail olmalıyıq".

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, bu qərar gözlənilən idi. Çünki şagirdlər ali məktəblərə sənəd verərkən ixtisaslar haqqında məlumat almadan ali məktəblərə gedirdilər. Və ali məktəbin ilk ilində başa düşürdülər ki, seçdikləri ixtisas onlara görə deyil. Buna görə də ya təhsillərini yarıda buraxırdılar, ya da uğursuz tələbəlik həyatı yaşayırdılar.

Ekspert bildirir ki, vətəndaşların ixtisaslar haqqında məlumatlandırılması üçün bir çox sivil qaydada YouTube videoları çəkildi, ixtisas.az adlı platforma yaradıldı: "Nazirlər Kabinetinin bu qərarı gedən prosesləri stimullaşdıracaq. Çünki artıq ixtisaslar haqqında resurslar var. Sadəcə bundan sonra məktəblərdə bu ixtisasların nə işə yaradığını müəllimlər də izah edəcəklər. Şagirdləri ixtisaslar haqqında məlumatlar, məqalələr olan həmin saytlara, YouTube kanallarına yönləndirəcəklər".

Q.Məhərrəmov əlavə edib ki, qərara görə, müəllimlər şagirdləri ömür boyu təhsilə yönləndirəcəklər:

"Ömür boyu təhsil çox önəmli təhsil anlayışıdır. Şagirdlər də təhsillərinin ilk illərindən anlamalıdırlar ki, onlar ixtisaslarında aktual olmaq üçün dövrün, zamanın tələbini yerinə yetirmək üçün ömür boyu öyrənən "LLL – life long learning" konseptinə uyğunlaşmalıdırlar. Bu konsepti müəllimlərin başa düşməsi və şagirdləri də bu istiqamətə yönləndirməsi çox önəmlidir".

Ekspert əlavə edib ki, qərara əsasən, şagirdlərə ilkin sahibkarlıq bacarıqları da aşılanacaq.

Bu məsələnin çox vacib olduğunu vurğulayan Məhərrəmov əlavə edib ki, dövrümüzdə ölkəyə valyuta gətirən startap mühitinin, məntiqinin, layihə yanaşmasının şagirdlərdə formalaşması çox vacibdir.

"İlkin yaşlardan etibarən müəllimlərin hər-hansı bir kömək edici vəsaitinin olması, şagirdlərə biznes qurma, biznesin idarə edilməsi anlayışının öyrədilməsi, startap məntiqinin yeni məhsul ortaya qoyması və o məhsulu sata bilmə qabiliyyətinin aşılanması lazımlı bir addımdır. Çünki elə bir dövrdür ki, yeni texnologiyaların istehlakçıları və istehsalçıları var. Əgər biz hər zaman bunun istehlakçısı olsaq, bizim istehsal qabiliyyətimiz azalacaq və biz dəyişən dünyada uğursuz durumuna düşəcəyik", - deyə o vurğulayıb.

Ekspertin fikrincə, qərarın tətbiq edilməsi üçün maarifləndirmə tədbirləri aparılmalıdır. Şagirdlər üçün guşələr yaradılmalı, onların maraq və qabiliyyətləri ölçülməi və onlara peşə ilə əlaqəli sərgilər təşkil edilməlidir.

Onun sözlərinə görə, bu tədbirlər həyata keçirildikdən sonra şagirdlər ilk təhsil illərindən onlara nəyin lazım olduğunu biləcəklər. Ali məktəbə gedəndə isə onları nəyin gözlədiyindən xəbərdar olacaqlar.

"Uşaq ali məktəblə bağlı qərarını da şüurlu şəkildə verə biləcək. Başa düşəcək ki, o, ali məktəbə getməsə belə, başqa peşələrə istiqamətlənə bilər. Bəzi ölkələrdə insanlar texniki kolleclər bitirərək gələcək həyatlarını qazana bilirlər. Azərbaycanda isə texniki kolleclər zəif olduğu üçün şagirdlər bu kollecləri bitirib işləyə bilmirlər. Bu səbəbdən də hamı ali məktəbə gedir. Və ali məktəbi bitirdikdən sonra rəqabətə dözümlü ola bilmir və işsiz ali təhsillilər karvanına qoşulmuş olur", - deyə Q.Məhərrəmli yekunlaşdırıb.

Əlaqədar

Distant təhsil və imtahanlar: bu iş necə olacaq?
Dörd illik ali təhsil, sadəcə, vaxt itkisidir?
Gələcək peşələri necə seçməli: problem böyüklərdədir, ya kiçiklərdə
Uzaqda olmayan gələcək – Geridə qalmamaq üçün strateji plan hazırlanmalıdır
Baş Nazir təhsillə bağlı yeni qərar imzaladı

Əsas mövzular