ELM

AMEA-dan elmə "Gülümsərov" yanaşması - Ramiz Mehdiyevin dedikləri təsdiq edilir

© Sputnik / Murad OrujovЗдание Национальной Академии Наук Азербайджана в Баку
Здание Национальной Академии Наук Азербайджана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Vitse-prezidentin fikrincə, Ramiz Mehdiyevin dediyi o tənqidi fikirlərin tam əsası var yeri gələrsə, AMEA-da struktur islahatları aparılmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın ötən gün keçirilən Ümumi yığıncağında elmin inkişafdan qalması ilə bağlı bir sıra tənqidi fikirlər səsləndirib. O, bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir. Akademik həmçinin elmi tədqiqat işlərinə ayrılan vəsaitin də konkret nəticəsinin olmadığını söyləyib. Ramiz Mehdiyev deyib ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb.

Sputnik Azərbaycan Azərbaycan elminin "axsaması"nın səbəblərini araşdırıb. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, səslənən iradlar AMEA-nın fəaliyyəti ilə bağlı indiyədək cəmiyyətdə söylənilən fikirlərlə üst-üstə düşür. Onun sözlərinə görə, indiyədək AMEA-da görülən işlər görüntü yaratmaq məqsədi daşıyıb, ölkə başçısının elmlə bağlı gördüyü işlərə kölgə salmaq, dövləti aldatmaqdan başqa bir şey deyil:

Rusiya Elmlər Akademiyasının binası - Sputnik Azərbaycan
ELM
Azərbaycanlı alimlər Rusiyada böyük uğur qazanıblar

"Ramiz Mehdiyevin Yüksək Texnologiyalar Parkı ilə bağlı səsləndirdiyi sərt iradla da razıyam. Bu qurum ciddi fəaliyyətlə məşğul olmadır. Yüksək Texnologiyalar Parkının bu müddətdə işi bulaq suyunu və mühərrik yağlarını qablaşdırmaqdan ibarət oldu. Bu, nə vaxtdan elmi məhsul olub? Bunları adi sexlər belə bacarar. Onda elmi müəssisə, Yüksək Texnologiyalar Parkı kimi pafoslu adlar kimə lazım idi? Vaxt gələcək, bütün bunlar çıxacaq. Çox sevinirəm ki, Akadmiyanın yeni rəhbərliyi bu iradəni ortaya qoydu. Ümid edək ki, bundan sonra AMEA-da ciddi dönüş əldə olunacaq".

Orucovun sözlərinə görə, keçmiş AMEA rəhbərliyinin 6 ildə gördüyü işlər ancaq Akademiyanın bağında açılan, gecə-gündüz işləyən çayxananın fəaliyyəti ilə məhdudlaşıb: "Bu dövrdə AMEA üçün, elmin inkişafı üçün heç bir iş görülmədi. Akademiya şəhərciyi həmin dövrdə hərbi şəhərciyə çevrildi. Keçmiş AMEA rəhbərliyinin təhlükəsizliyə xərclədiyi vəsaitin cüzi bir hissəsi belə gənc alimlərin beynəlxaq tədbirlərə göndərilməsinə ayrılmadı. Bu dövrdə ölkə üçün heç bir xeyri olmayan lazımsız tədqiqatların aparılmasına xərclənən vəsaitlərdən başqa bir şey görmədik".

Gənc alim deyir ki, Azərbaycan prezidenti alimlərin fəaliyyətinin hansı istiqamətlərdə olması ilə bağlı tapşırıqlarını verir. Amma AMEA-da elmi işlər bir-birini təkrarlayan mövzulardan ibarət olub: "İKT ilə bağlı tədqiqatlar bu gün dünyada öncül yerlərdə durur. Amma İKT sahəsində bizdə aparılan elmi tədqiqatlar "Biləcəri"dən o tərəfə çıxmır. Akademik bir məktəb, elmi istiqamət yaratmalıdır. Elmin inkişafı ilə bağlı Azərbaycanda kifayət qədər problemlər var. Akademik inkişafın önündə durmalı, inkişafı irəli aparan lokomativ rolunu oynamalıdır. Bu gün elmdə biliklərə əsaslanmış elmi məhsul və yeni texnologiyaların hazırlanmasının heç biri yoxdur. Bizim elmə rəhbərlik edən insanların çıxışları pafosdan başqa bir şey deyil. Akademiyada xeyli sayda ölü canlar var. Onlar ildə bir dəfə Akademiyanın qapısını belə açmırlar. Dövlət vəsaitini belə göyə sovurmaq Azərbaycanın gələcəyinə edilən xəyanətdir. Elmi bütövlükdə bürokratik məngənəyə salmaqla inkişaf etdirmək olmaz!".

Prezident İlham Əliyev Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Ramiz Mehdiyevə “Heydər Əliyev” ordenini təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Akademiyanın vitse-prezidenti Rasim Əliquliyev Ramiz Mehdiyevin iradları ilə razıdır: "Ramiz müəllim nə deyibsə düz deyib. Ramiz Mehdiyevin dediyi o tənqidi fikirlərin tam əsası var. Bütün bunlar hamısı təhlil olunub, müxtəlif qiymətləndirmələr aparılıb. Analizlər göstərir ki, əslində AMEA-da çox iş görülə bilərdi, amma işin əsas mahiyyəti unudulub. Mən işin içindəyəm, deyilənlərin hamısı Ramiz müəllimin ekspertləri tərəfindən analiz olunduqdan sonra deyilən fikirlərdir".

Əliquliyev onu da deyib ki, dövlət başçısı tərəfindən irəli sürülən kosmik sənayenin və yüksək texnologiyalara əsaslanan cəmiyyətin formalaşdırılması, qeyri-neft sektorunun inkişafı AMEA qarşısında duran əsas vəzifələrdəndir: "Hazırda qlobal informasiya cəmiyyətinin qurulması, bu mühitin əsasında sosial-iqtisadi münasibətlərin reallaşdırılması, elektron cəmiyyətin yaradılması və sair məsələlər cəmiyyətdə bir sıra yeniliklər yaradır. Bu zaman bir sıra problemlər çıxır ki, onun da əksər hissəsi elmlə bağlıdır. Ona görə də, Azərbaycan alimləri öz fəaliyyətlərinə yenidən baxmalı, qarşılarına qoyduqları prioritetləri yenidən müəyyənləşdirməli, yeri gələrsə, AMEA-da struktur islahatları aparılmalıdır. Kadrların düzgün seçilməsi, onların attestasiyasının keçirilməsi Akademiyanın qarşısında duran vəzifələrdən biridir. Ona görə də Ramiz Mehdiyevin rəhbərliyi altında Akademiyanın Rəyasət Heyəti, ayrı-ayrı qurumları məhz islahatlara köklənib".

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın Ümumi yığıncağında Yüksək Texnologiyalar Parkının fəaliyyətini çox sərt tənqid edib. O, bildirib ki, bu qurumun yaradılmasından 3 il keçməsinə baxmayaraq, işlər müasir tələblər səviyyəsində qurulmayıb: "Onlar rusların bir sözü var - "pokazuxa"lıqla məşğul olublar".

Xəbər lenti
0