21:44 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
İmtahan, ariv şəkli

Gələcəyimizin "saman çöpləri": bizi o dünyaya diplomlu savadsızlar göndərəcəklər

© Sputnik / Evgeniy Epanchintsev
ELM
Qısa URL
676 0 0

Özəl universitetlərin çoxu hələ də intellekt səviyyəsi yüksək olan abituriyentlərin seçim etdiyi ali təhsil müəssisələri sırasına düşə bilməyib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Bəzi özəl universitetlər imtahanlarda aşağı bal toplayan abituriyentlərin son ümid yeri olaraq qalmaqdadır. Topladıqları 150-200 balla əli dövlət ali təhsil müəssisələrində oxumaqdan üzülən abituriyentlər ixtisas seçimi ərizələrində hətta reytinqi çox aşağı olan universitetləri belə seçməkdən çəkinmirlər.

"Abituriyent" jurnalının 12-ci sayında bu məsələyə toxunan Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarında aşağı bal toplayan abituriyentlərin seçim etdiyi özəl universitetləri sərt tənqid edib. Məlumatda bildirilir ki, özəl ali təhsil müəssisələrinə qəbul olunanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil.

DİM-in məlumatında qeyd edilir ki, 2018-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.65% olub (2017-ci ildə bu göstərici 9.07% olub). 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olub. On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir: "Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində əsasən dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar".

Səriştəsiz rektorlarımızın "şikəst biznesi": hər il qırx min inanır, dünya - yox>>

Azərbaycanda özəl ali təhsil təcrübəsi ənənəsi müstəqilliyimizlə yaşıd olsa da, göründüyü kimi, özəl universitetlərin bir neçəsini çıxmaq şərtilə yerdə qalanlarının reytinqi 29 il bundan əvvəlki səviyyədə qalıb. Özəl universitetlərin çoxu hələ də intellekt səviyyəsi yüksək olan abituriyentlərin seçim etdiyi ali təhsil müəssisələri sırasına düşə bilməyib.

Sputnik Azərbaycan-ın əməkdaşı problemin səbəbini və çıxış yollarını araşdırıb.

Təhsil üzrə ekspert Şahlar Əsgərov bunun üçün özəl ali təhsil müəssisələrinin bir sıra yeniliklərə imza atmalı olduğunu, təhsilin səviyyəsini yüksəltməli olduğunu söyləyir. Ş.Əsgərov bildirib ki, bu problem öz elmi həllini tapmalıdır:

"Özəl universitetlər sovet düşüncəsindən çıxıb, liberal düşüncə tərzinə keçməlidirlər. Daha keyfiyyətli təhsil verməlidirlər ki, abituriyentlər öz ixtisasları üzrə savadlı kadr olaraq yetişmək üçün həmin ali təhsil müəssisələrini seçsinlər. Bundan əlavə, özəl universitetlərə öz diplomlarını vermək imkanı yaradılmalıdır. Xarici ölkələrdə özəl universitetlər məzunlarına öz diplomlarını verirlər. Universitetlərin nüfuzu onların verdiyi diploma görə dəyişir".

Özəl universitetlər isə DİM-in dedikləri ilə razılaşmırlar. Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, DİM ötən ilin nəticələrini açıqlayıb. 2019-cu il üzrə isə özəl universitetlərə qəbul göstəriciləri fərqli olub: "Bu ildən hətta bizim universitetdə dövlət sifarişi ilə təhsil alanlar da var. Onların sayı 36 nəfərdir. 549 balla bizim universiteti seçən abituriyentlər olub. Bəzən abituriyentlər özəl universitetlərdə pulsuz, dövlət sifarişi əsasında təhsil almağın mümkünlüyündən xəbərsiz olurlar. Ona görə də bizim abituriyent məsləhət mərkəzimiz fəaliyyət göstərir".

L.Dilanova bildirib ki, özəl universitetləri seçən intellektli abituriyentlərin sayı ildən-ilə artır. Onun sözlərinə görə, bilik səviyyəsi yüksək olan abituriyentlərin özəl ali təhsil müəssisələrində təhsil alması onların ixtisas seçimindən asılıdır: "Ərizəni təsdiq edərkən abituriyent seçdiyi ixtisaslar üzrə ali təhsil müəssisələrinin adlarını təsdiqləyir. Bu, həmçinin həmin ixtisas üzrə yaranan müsabiqə vəziyyətindən də asılıdır. Əlbəttə ki, biz istəyirik ki, Azərbaycan Universitetini seçən abituriyentlərin arasında yüksək nəticə göstərənlərin sayı çox olsun. Bu istiqamətdə iş aparırıq".

Qeyd edək ki, özəl ali təhsil müəssisələri 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər.

DİM-in məlumatında bildirilir ki, bunun üçün onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər.

Ayrı-seçkilik, yaxud yerində edilən təklif: Onlar təhsil haqqından azad edilməlidirlərmi?>>

L.Dilanova isə deyir ki, dövlət sifarişi əsasında özəl universitetlərdə təhsil alanlar təhsil haqqı ödəmədiklərindən onların hər hansı güzəştə ehtiyacı qalmır.

Aşağı balla özəl universitetlərə qəbulun daha bir problemi isə mütəxəssis hazırlığı məsələsidir. Biliyi kafi qiymətləndirilən özəl universitet məzunlarının yaxşı mütəxəssis olması sual doğurur. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, DİM-in özəl universitetlərdə təhsil alanlara yanaşması ali məktəblərə qəbul göstəricilərinə görədir:

"Düzdür, 150-200 balla ali məktəblərə qəbul olanlardan savadlı kadr olmağı gözləmək olmaz. Amma orta balla özəl universitetlərə qəbul olanlar arasından keyfiyyətli mütəxəssis çıxır. Bəzən dövlət universitetlərinin məzunları arasında elələrinə rast gəlirik ki, ağzını açıb danışa bilmir. Nəzərə almaq lazımdır ki, ali məktəbə yüksək balla qəbul olanlar arasında əzbərçiliklə bu nəticəni əldə edənlər az deyil.

Artıq dünyada universitetlərə giriş asanlaşır. Əsas məsələ tələbələrin ali təhsil aldığı dövrdə göstərdikləri nəticədir. Əlbəttə ki, bu, 150 balla özəl universitetlərə qəbul olanlara aid deyil. Fikrimcə, bizdə də ali təhsil müəssisələrinə daxil olmaq asanlaşmalıdır. Xarici təcrübədə belədir ki, universitetə qəbul olan hər kəs təhsilini başa vura bilmir. Bizdə isə ali məktəbə qəbul olanların mütləq əksəriyyəti müxtəlif yolla əlinə diplom ala bilir. Belə olduqda isə diplomlu, savadsız kadr ordusu yaranır. Yaxşı mütəxəssis hazırlamaq üçün bu problemi aradan qaldırmaq lazımdır".

Əlaqədar

Təhsilə ayrılan vəsait "dodaq uçuqladır"
Nəticələri ilə öyünənləri dövlət qurumu yerinə oturtdu - yalan imiş
Abituriyentlər arasında ən populyar ixtisaslar bəlli olub
"Azərbaycanda ingilis dili müəllimlərinin 25 faizinin ali təhsili yoxdur"
Planşet, "şparqalka", hicab - şagirdlərini geridə qoyan müəllimlərin imtahanından REPORTAJ
Teqlər:
özəl, ali məktəb, ali təhsil, abituriyent, abituriyent, tələbə

Əsas mövzular