21:10 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Bilik günü

Gözü yaşlı körpələr, fərəhli valideynlər və gələcəyə aparan ilk pillə - REPORTAJ

© Sputnik / Zulfiyya Guluyeva.
ELM
Qısa URL
594 0 0

Onlar arasında əllərində çiçək dəstələri ilə parta arxasında əyləşməyə tələsən də var, qəmgin dayanıb anasının ətəyindən bərk-bərk yapışan da

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilib. Bu gün Azərbaycanda 2019/2020-ci tədris ilinin ilk günüdür. Sputnik Azərbaycan-ın əməkdaşı da ilk dərs gününün necə keçdiyini müşahidə etmək üçün paytaxtın bir neçə məktəbinə baş çəkib.

Yolumuzu ilk olaraq paytaxtın 49 saylı məktəbindən saldıq. Hər yeni tədris ilində olduğu kimi, bu tədris ilində də ön sırada dayananlar məktəbə ilk qədəmlərini qoyan birincilərdir. Valideynlərin gözündə sevinc, körpələrin gözündə isə həyəcan... Onlar arasında əllərində çiçək dəstələri ilə parta arxasında əyləşməyə tələsən də var, qəmgin dayanıb anasının ətəyindən bərk-bərk yapışan da...

Məktəbdə Bilik günü
© Sputnik / Zulfiyya Guluyeva.
Məktəbdə Bilik günü

Hər il olduğu kimi, bu il də məktəblərdə açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Himnimiz səsləndikdən sonra məktəbin direktoru Təhminə Əsədova şagirdləri salamlayaraq onlara yeni dərs ilində uğurlar arzuladı. Məktəbin bu ilki məzunlarının göstəriciləri barədə məlumat verən T. Əsədova şagirdlərə yeni dərs ilində məsuliyyətli olmağı, dərslərinə qarşı diqqətli davranmağı tövsiyə etdi. Daha sonra bu il məktəbə ilk qədəmlərini basan 1-ciləri, onların valideynlərini təbrik edən direktor, hər kəsi nizam-intizamlı olmağa səslədi.

Məktəbdə dərslər bir növbə olduğundan, bu təhsil müəssisəsinin yuxarı siniflərində təhsil alan şagirdlər də birincilərin sevinclərinə şahidlik etmək imkanından yararlandılar. Məktəbdə diqqətimizi çəkən daha bir məqam isə şagirdlərin vahid məktəbli forması ilə Təhsil Nazirliyinin göstərişinə əməl etməsi oldu.

Taleh Bağırov adına 59 saylı tam orta məktəbdə də mənzərə ürəkaçan idi. Burada da birincilər arasında məktəb həyəcanı hiss olunurdu. Bu il 1-ci sinfi qəbul edən məktəbin ibtidai sinif müəlliməsi Sara Mahmudova da onlar qədər həyəcanlı olduğunu gizlətmədi. Müəllimə deyir ki, 1-ci sinfə dərs demək şərəfli və məsuliyyətli işdir: "Məktəbdə uşaqlara ilk qələm tutmağı öyrətmək, onlara ilk hərfi keçmək çox xoş bir hissdir. Biz ibtidai sinif müəllimləri çalışmalıyıq ki, bu şagirdlərə həm elm öyrədək, həm də ana əvəzi olmağı bacaraq. Bu ikisini bacaran müəllim düşünürəm ki, savadlı gələcək yetişdirə biləcək. Mənim də amalım dərs deyəcəyim şagirdləri savadlı, Vətənə layiq vətəndaş kimi böyütməkdir".

Məktəbdə Bilik günü
© Sputnik / Zulfiyya Guluyeva.
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Bilik günü
Paytaxtın 20 nömrəli məktəb-liseyində də qələbəlik idi. Ən çox həyəcan isə yenə də birincilərin simasında hiss olunurdu. 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova şagirdləri salamlayaraq yeni dərs ilində onlara uğurlar arzuladı. Direktor məktəb məzunlarının uğurlarından danışaraq, 2019-2020-ci tədris ilinin məzunlarından da böyük gözləntisi olduğunu dilə gətirdi.

Bu il birinci sinfini qarşılayan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Yeganə Əsədova isə parta arxasına ilk dəfə əyləşəcək şagirdlərini qəbul etməyə tam hazır olduğunu deyir. Onun sözlərinə görə, bu təhsil müəssisəsində "Əməkdar müəllim", "Elmlər namizədi", "İlin müəllimi" müsabiqəsinin qalibi olan müəllimlərin çalışması müəllim və şagird heyətini təhsilə daha da ruhlandırır: "Əminəm ki, sinfimiz birincilər arasında birinci olacaq. Bunun üçün üzərimizə düşən vəzifəni hər zaman olduğu kimi şərəflə icra edəcəyik. Çalışacağıq ki, məktəbimizin adı hər zaman olduğu kimi öndə çəkilsin".

Məktəblərin bir neçəsində apardığımız müşahidələr göstərdi ki, paytaxtda həm pedaqoji heyət, həmçinin də şagirdlər yeni dərs ilinə həvəslə başlayıblar.

Məktəbdə Bilik günü
© Sputnik / Zulfiyya Guluyeva.
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Bilik günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtın ümumi təhsil məktəblərində Bilik günü qeyd olunub, məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar: "Məktəblərdə ilk dərs məşğələsinin ibtidai siniflərdə "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütailə-mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunması şagirdlərin tədris ilinə daha həvəslə başlamasına şərait yaradır. Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunlar iştirak ediblər. 

"Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrə əsasən, dərslər pedaqoji və şagird heyəti tərəfindən dövlət himninin ifası ilə başlanıb. Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə sağlam həyat yaşamaq üçün idmanla məşğul olmağın faydaları barədə ətraflı məlumat veriblər. V-IX siniflərdə şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığından söhbət açılıb. Yuxarı siniflərdə isə Azərbaycanın keçdiyi inkişaf yollarından bəhs edilib. Qeyd edək ki, ilk dərslərin bütün ümumi təhsil məktəblərində vahid mövzulara həsr olunması şagirdlərin tədris ilinə daha fəal başlamasına və səmərəli müzakirə mühitinin təşkilinə imkan verir. Məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib. Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq. Məlumat üçün bildirim ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq. Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48 000-dən çox şagird elektron qeydiyyatdan keçib”.

Əsas mövzular