ELM

Universitetlərə qəbul asanlaşır - Abituriyentlərin şansı artacaq

© Sputnik / Nigar MaharramAbituriyentlər imtahan zamanı, arxiv şəkli
Abituriyentlər imtahan zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Ali məktəblərdə hazırlıq qrupların yaradılması gənclərin xaricə getməsinin, ölkədən kənara maliyyə axınının qarşısını alacaq, universitetlərin maliyyə gücünü artıracaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. "2018-ci ildə "Təhsil haqqında" qanuna dəyişiklik edildikdən sonra ali məktəblərdə hazırlıq qruplarının yaradılması məsələsi sənəddə öz əksini tapıb. Bu, ali təhsil müəssisələrində boş qalmış plan yerlərinin hazırlıq qrupları hesabına doldurulması mahiyyəti daşıyır".

Bunu təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, bu məsələ Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında əsas istiqamətlərdən biridir: "Əsas məsələ təhsilin əhatə dairəsinin genişlənməsi, təhsilin əlçatanlığının təmin olunmasıdır. Kifayət qədər bal toplamayan abituriyentlər xarici ölkələrə üz tuturlar. Əgər ali məktəblərdə hazırlıq qrupları yaradılsa, onlar xaricə getməyəcək və hazırlıq qruplarda təhsil alacaqlar. Bir ildən sonra isə onlar abituriyentlərlə eyni yox, bir il müddətində əldə etdikləri bilik və bacarıqlardan imtahan verəcəklər. Əgər onlar keçid balını toplayarsa, qəbul imtahanında iştirak edəcəklər. Bu, onların şansını artıracaq və universitetə qəbul olmaq bu yeniliklə asanlaşır".

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM imtahanlarla bağlı vacib məqam açıqladı

O bildirib ki, hazırlıq qruplarının ödənişli olması nəzərdə tutulur: "Hazırlıq qruplarının yaradılması müsbət addımdır və müddət 1 ildir. Universitetlər plan yerlərini özləri müəyyənləşdirir və bu, onların maliyyə dövriyyəsini də formalaşdırır. Plan yerləri tam dolmayanda universitetlər maliyyə itkisinə məruz qalır və bu, əmək haqların verilməsinə, sosial layihələrin həyata keçirilməsinə, infrastrukturun maliyyələşməsinə mane olur. Amma hazırlıq qrupları universitetlərin maliyyə itkisini balanslaşdıracaq".

Ekspert qeyd edib ki, Azərbaycanda onsuzda ali təhsil alanların sayı çox azdır: "Ölkə vətəndaşlarının yalnız 17 faizi ali təhsillidir. Dövlət başçısının da sərəncamlarında qeyd olunur ki, ölkədə ali təhsil alanların sayı artmalıdır. Hazırlıq qrupların yaradılması gənclərin xaricə getməsinin, ölkədən kənara maliyyə axınının qarşısını alacaq, universitetlərin maliyyə gücünü artıracaq. Bu, mütləq tətbiq edilməlidir. Sovet dövründə də bu, olub və o vaxt hazırlıq qruplarını bitirənlər ixtisası üzrə təhsilini davam edirdilər".

Qeyd edək ki, may ayında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı hökumətdə müzakirə edilən bəzi təklifləri açıqlayıb: "Hazırlıq qruplarına qəbul üçün bal müəyyənləşdiriləcək. Abituriyentlər bu balı topladıqları zaman istəklərinə uyğun olaraq həmin hazırlıq qruplarında təhsil alacaqlar. Hazırlıq qruplarında təhsil aldıqdan sonra isə yenidən qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunacaqlar. Hazırlıq qruplarında təhsil almaq abituriyentə üstünlük verməyəcək. Təkliflər hazırda hökumət tərəfindən müzakirə edilir. Qaydalar təsdiq edildikdən sonra DİM onun tətbiq mexanizmi barədə açıqlama verəcək".

Xəbər lenti
0