ELM

Müəllimlərin maaşlarının artırılmasına ehtiyac var idi - Yeni qərar alqışlanır

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
"Ali məktəblər müxtəlif təlim kursları təşkil edə bilər, müxtəlif layihələrdə iştirak etməklə vəsait qazana bilər"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin, ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək. Bu məsələ "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə öz əksini tapıb.

© Sputnik / Murad OrujovKamran Əsədov
Müəllimlərin maaşlarının artırılmasına ehtiyac var idi - Yeni qərar alqışlanır - Sputnik Azərbaycan
Kamran Əsədov

Nizamnamədə o da qeyd edilir ki, ali təhsil müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Maraqlıdır, bu dəyişikliklər nələrə səbəb olacaq? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov deyib ki, son illər dövlət büdcəsindən ali təhsilə 180 mln. manata yaxın vəsait ayrılır: "Bu məbləğin 35-40 mln. manatı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun, tələbə hesabı maliyyələşmə mexanizminə keçməyən 5 universitetə ayrılır. Yerdə qalan 140 milyon. manata yaxın vəsait isə digər universitetlər arasında tələbə hesabı maliyyələşmə mexanizminə əsasən bölüşdürülür".

"Təhsilin maliyyələşdirilməsi dövrümüzdə əksər dünya dövlətlərinin sosial siyasətinin prioritetlərindən hesab edilir. Amma ölkəmizdə təhsil büdcədən asılı halda fəaliyyət göstərir. Ümumilikdə, ali təhsilin infrastrukturunun formalaşdırılması və saxlanması, çalışanların əməkhaqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi kimi məsələlərin hamısı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu da dünyada qəbul edilməyən haldır. Amma ali təhsil müəssisələri ilə orta ümumtəhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən qədər anlaşılandır" – deyə ekspert qeyd edib.

K.Əsədovun sözlərinə görə, son 2 il ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif addımlar atılsa da, bu sahədə daha ciddi islahatlara ehtiyac var: "Faktiki olaraq təhsil sektorunda çalışanların böyük bir qisminin digər iqtisadi fəaliyyət sahələrində aktiv fəaliyyət imkanlarının olmaması onların əlavə gəlirlər əldə etmək imkanlarını azaldır və nəticədə bu sahədə çalışan insanların maliyyə təminatı zəif hesab edilir. Çünki müəllimlərin, təxminən, 300 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda onların fəaliyyətindən keyfiyyət tələb etmək mümkün deyil".

Müsahibimiz hesab edir ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffaflığının artırılmasına ciddi ehtiyac var: "Universitetlərə ayrılan vəsaitlərdən dəfələrlə az məbləğdə təmir-bərpa işlərinin görülməsinin şahidi oluruq. Düzdür, dövlət büdcəsindən təhsilin pillələri üzrə ən az xərc ali təhsilə ayrılır. Buna baxmayaraq, universitetlərin özlərinin də tələbələrin təhsil haqqından kifayət qədər gəlirləri mövcuddur".

"Bundan sonra universitetlər təkcə büdcədən asılı olmayacaq. Eyni zamanda, ixtisaslara uyğun xidmətlər göstərib, gəlir əldə edəcəklər və bu da universitet əməkdaşlarının əmək haqqının artırılmasına yönəldiləcək. Yəni artıq universitetlər əmək, istehsal bazarında birbaşa özləri iştirak edəcək. Universitetlərdə layihələr hazırlanacaq, kəşflər ediləcək, tərcümə, təhsil xidmətləri göstəriləcək" – deyə o vurğulayıb.

© Sputnik / Irade JELILAzərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Bahadur Bilalov
Müəllimlərin maaşlarının artırılmasına ehtiyac var idi - Yeni qərar alqışlanır - Sputnik Azərbaycan
Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Bahadur Bilalov

Dəyişikliyə Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Bahadur Bilalov da münasibət bildirib. Onun sözlərinə görə, artıq bir neçə ildir bütün ali məktəblər özünümaliyyələşdirmə formasında fəaliyyət göstərir.

"Faktiki olaraq dövlət büdcəsindən ali məktəblərə vəsait ayrılmırdı. Ali məktəbin büdcəsi tələbələrin ödədiyi təhsil haqlarına əsasən formalaşır. Əgər tələbə dövlət hesablı proqrama düşürsə, onun təhsil haqqını Maliyyə Nazirliyi ali məktəbin hesabına köçürür. Əgər tələbə ödənişli əsaslarla ali məktəbə qəbul olunursa, təhsil haqqını özü ödəyir. Bir daha təkrar edirəm, ali məktəblər dövlətdən heç bir əlavə vəsait almır" - deyə həmsöhbətimiz bildirib.

B.Bilalov təhsil müəssisələrinə əhaliyə əlavə xidmətlər göstərməklə vəsait əldə etmək barədə verilmiş hüquqdan da danışıb: "Yəni ali məktəblər müxtəlif təlim kursları təşkil edə bilər, müxtəlif layihələrdə iştirak etməklə vəsait qazana bilər. Əldə olunan vəsaitin 40 faizi müəllimlərin sosial məsələlərinin yaxşılaşdırılmasına yönəldiləcək".

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qida məhsullarının texnologiyası kafedrasının müəllimi, texnika elmləri namizədi, dosent Elsevər Fərzəliyev isə hesab edir ki, yeni qərarın qəbulundan sonra büdcədənkənar maddi mənbələrin axtarılıb tapılması üçün daha çox cəhdlər olacaq.

"Bu qərar eyni zamanda əməkdaşların iqtisadi durumunun yaxşılaşmasına səbəb olacaq. Onların rifah halını yüksəldəcək. Həmçinin ali təhsil müəssisələrində təsərrüfat hesablı müqavilələrin bağlanması işinin də sürətləndirilməsinə səbəb olacaq" – deyə Ü.Fərzəliyev vurğulayıb.

Xəbər lenti
0