20:17 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Orta məktəb müəllimi, arxiv şəkli

"Müəllimlərin sinifdə ləhcə ilə danışmaları yolverilməzdir"

© Sputnik
ELM
Qısa URL
14047 0 0

"Dünyanın bir çox ölkələrində öz ana dilində sərbəst, normal dil normalarına uyğun danışa bilməyən müəllimlərin siniflərə daxil olmasına icazə verilmir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. "Hamımız ali təhsilli olduğumuz üçün evdə ləhcə və dialektdən istifadə etmirik. Ancaq bir neçə gün öncə oğlumun ləhcə ilə danışdığının fərqinə vardım. Ondan niyə belə danışdığını soruşduqda, "müəllimlərimiz də belə danışır" deyə cavab verdi".

Bu sözləri Sputnik Azərbaycan-a valideyn Leyla İbrahimova deyib. O, qeyd edib ki, övladının müəllimi ilə görüşüb və vəziyyəti müzakirə ediblər.

Maraqlıdır, ləhcə və dialektlə danışan müəllimlərin təhsil müəssisələrində çalışması nə qədər məqsədəuyğundur? Sputnik Azərbaycan məsələni ekspertlərlə müzakirə edib.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, dünyanın bir çox ölkələrində öz ana dilində sərbəst, normal dil normalarına uyğun danışa bilməyən müəllimlərin siniflərə daxil olmasına icazə verilmir: "Misal üçün, 2017-ci ildə İranın Təhsil Nazirliyi fars dilində təmiz danışa bilməyən, ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsini yasaqlayan qərar qəbul edib. Ukrayna Təhsil Nazirliyində də xüsusi komissiya var. Həmin komissiya müəllimlərin Ukrayna dilində təmiz danışması ilə bağlı attestasiyalar keçirir. Yalnız bu attestasiyadan keçən müəllimlər auditoriyaya buraxılır".

K.Əsədov hesab edir ki, Azərbaycanda da belə bir qanunun qəbul edilməsinə ciddi şəkildə ehtiyac var: "Amma bu qanunun olmaması icazə vermir ki, auditoriyada mühazirə oxuyan və ya orta məktəbdə dərs deyən müəllim ləhcə, dilalektlə danışsın, ana dilinin normalarına əməl eləməsin. Müəllim bütün cəhətləri ilə şagirdlərə nümunədir. Xüsusilə də onun nitqi aydın, səlis və anlaşıqlı olmalıdır".

"Təəssüf ki, bəzi müəllimlərin nitqində ciddi qüsurlar müşahidə olunur. Hətta aid olduğu bölgənin ləhcəsi ilə danışanlar da az deyil. Düşünürəm ki, ilk növbədə müəllim qətiyyən ləhcə və dialektlə danışmamalıdırlar. Çünki məhz bu peşənin sahibləri, yüzlərlə uşağın nitq qabiliyyətinin, danışıq vərdişinin və ümumiyyətlə leksikonunun formalaşmasında bilavasitə iştirak edirlər" – deyə ekspert bildirib.

Hazırda "Dövlət dili haqqında", "Qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi haqqında", "Azərbaycan dili və Azərbaycan əlifbası haqqında", "Kargüzarlıq haqqında" qanunların olduğunu qeyd edən müsahibimiz bildirib ki, problemlər bu qanunlara əməl edilməməsi ilə bağlıdır: "Müvafiq təhsil idarəetmə qurumları mütəmadi olaraq bununla bağlı monitorinqlər aparmalıdırlar. Orta və ali məktəblərdə Azərbaycan dilini bilməyən, dialektlə, ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsi arzu edilən deyil".

Bakı Mühəndislik İnstitutunun prorektoru Yavər Məmmədov qeyd edib ki, dil insan fikrinin, insan mənəviyyatının, psixologiyasının parlaq güzgüsüdür: "Bütün incəlikləri özündə daşıyan ana dilini nitqə çevirmək isə ayrıca bir məharətdir. Gözəl ahəngdar danışığa yiyələnməkdə, nitqin inkişafında orta məktəblərin, məktəb müəllimlərinin rolu daha böyükdür".

"Dilin öyrənilməsi ümumu dövlət məsələsidir. Böyüməkdə olan nəslin rabitəli nitq vərdişlərinə yiyələnməsi üçün isə hər bir müəllim məsuliyyət daşıyır. Şagirdlərin beyni ağ vərəqdir. Onların beyninə nə yazılırsa, bu, onların təhsilinə təsir göstərir. Bu da şagirdlərin maariflənməsində, şəxsiyyət kimi formalaşmasında öz səmərəsini verməlidir" – deyə həmsöhbətimiz əlavə edib.

Y.Məmmədov, xüsusilə vurğulayıb ki, dil təmizlik sevir: "Şivə, ləhcə və dialektlər dili korlayır, kobudlaşdırır, çox vaxt mənasına xələl gətirir. Ədəbi dili pozan, korlayan hallara ciddi müqavimət göstərmək lazımdır. İlk olaraq müəllimin özü danışığında ləhcə və dialektlərə, şivələrə yol verməməlidir".

Rektor müavininin fikrincə, əsasən də ibtidai sinif müəllimləri bu məsələdə diqqətli olmalıdırlar: "Çünki uşaqlar dərs saatının daha çox hissəsini məhz bir müəllimi görməklə, dinləməklə, ünsiyyətlə keçirir və ən əsası şagirdlərin ilk bilik təməlini ibtidai sinif müəllimləri qoyur. Bununla yanaşı, yuxarı siniflərdə də ana dili və ədəbiyyat müəllimləri şagirdlərə nümunə olmalıdırlar. Ədəbi dildə danışan müəllim öz şagirdindən bunu tələb etməli, uşaqların dilindəki qüsurları pedaqoji ustalıqla aradan qaldırmalıdır".

"İlk öncə pedaqoq öz səsini, nitqini tərbiyə etməlidir ki, qarşısındakı şagirddən də bunu tələb etsin. Fərqi yoxdur, istər rayon, kənd məktəblərində, istərsə də şəhər məktəblərində dərs deyən müəllim şagirdlərlə öz ləhcəsində danışmamalıdır. Bu, böyük pedaqoji qüsurdur. Müəllim müasir təlim texnikasından daha geniş istifadə etməlidir. Məsələn, ifadəli oxu, xüsusilə şagirdlərin danışıq bacarığını artırır, nitqinə müsbət təsir göstərir" - deyə o vurğulayıb.

Y.Məmmədov qeyd edib ki, orta məktəblərdə bəzi siniflərdə "Nitq mədəniyyəti" fənninin tədris olunmasına baxmayaraq, şifahi nitqə yenə də daha az diqqət yetirilir: "Belə ki, şagirdlərə lap aşağı siniflərdən ədəbi-bədii danışıq vərdişi aşılanmalıdır ki, bu nöqsanlar ardan qaldırılsın. Çox zaman yerli dialekt və şivənin mənfi cəhətləri ilə mübarizə aparmaq, şagirdləri ədəbi dilə alışdırmaq əvəzinə, müəllimlər özləri yerli dialektin təsirinə düşürlər".

"Ali təhsil müəssisələri yüksək ixtisaslı kadrlar yetişdirməklə məşğuldur. Bu kadrları yetişdirən hər bir müəllimin özü mütəxəssisdir. Elə müəllim var ki, hansısa sahədə çox güclü və əvəzsiz kadrdır. Hər zaman yüksək nəticələr əldə edib, beynəlxalq və yerli müsabiqələrin qalibi olub. Lakin bu insanın danışığı ləhcə və dialektdən ibarətdir və bunu düzəltmək mümkün deyil. Xüsusi ilə də Türkiyədə təhsil almış müəllimlər bir çox hallarda Türkiyə ləhcəsində tədris aparırlar. Tələbə də həmin müəllimlə çox ünsiyyətdə olduğu üçün onun danışıq tərzini özündə cəmləşdirir. Sonda həmin ləhcə və dialekt müəllimdən tələbəyə keçir. Buna yol verməmək üçün tələbələr özləri çalışmalıdır ki, düzgün danışıq qaydalarına riayət edib, fikirlərini ədəbi dildə ifadə edə bilsinlər" - deyə müsahibimiz əlavə edib.

Əlaqədar

Azərbaycanlı müəllimdən beynəlxalq uğur
İlham Əliyev Azərbaycan müəllimlərinə müraciət etdi
Müəllimlər diaqnostik qiymətləndiriləcək
Ekspert: “Nümunəvi müəllimləri barmaqla saymaq olar”

Əsas mövzular