12:25 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Azyaşlı oğlan uşağı

Paradoksal vəziyyətlə üz-üzəyik: Qanuna dəyişiklik edildi, amma icrası mümkün deyil

CC BY 2.0 / Donnie Ray Jones / Window
ELM
Qısa URL
8146 0 0

"Bağçalarda olan bu qədər çatışmazlıqların içində 1 yaşlı uşaqların qəbulu, çətin ki, özünü doğrulda bilsin"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Milli Məclisin iyul ayında keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəa dəyişdirilib. Dəyişikliyə əsasən, təlim-tərbiyə müəssisələrinə artıq 1 yaşından uşaq qəbul ediləcək.

Uşaq bağçası, arxiv şəkli
© Official web-site of President of Azerbaijan Republic

Əvvəllər bəzi uşaq bağçaları körpələri, ən yaxşı halda 1 yaş 6 aylıqdan qəbul edirdi. Yeni təhsil ilindən başlayaraq isə, bağçalara uşaq qəbulu 1 yaşından aparılacaq. Təbii ki, 1 yaşlı uşaqların əksəriyyəti yaxşı gəzə, danışa bilmir, həmçinin xüsusi qidalanır. Deməli, onların hər birinə xüsusi qayğı göstərmək lazım olacaq.

Bu zaman isə digər bir məsələ ortaya çıxır. Ölkəmizdə fəaliyyət göstərən bağçalar 1 yaşlı uşaqları qəbul edərək onlara qulluq edə biləcək? Bu iş bağçalarda necə tənzimlənəcək? Böyük qruplarda olduğu kimi, onlarla uşağa bir müəllimə baxacaq? Habelə, özəl bağçalarda bu yaş qurupundan olan uşaqlar üçün ödənişdə fərq olacaqmı?

Sputnik Azərbaycan məsələ ətrafında yaranmış bu və digər suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

Paytaxtda fəaliyyət göstərən özəl bağçalardan birinin müdiri Rasif Dünyamalıyev bildirib ki, məktəbəqədər təhsildə dəyişiklik ediləndən sonra bu məsələ gündəmdə idi: "Bağçalara qəbulun 1 yaşından olması gözlənilən hal idi. Bu qanun qüvvəyə minəndən, artıq biz xarici təcrübəni öyrənərək, bağçamızda 1 yaşlılar üçün xüsusi proqram hazırlamağa başladıq. Müəllim heyəti qurduq".

"Amma bağça sektorunda vəziyyət o qədər də ürəkaçan deyil. Çünki bu yaşda olan uşaqların qidalanması, yuxu rejimi fərqlidir. Onlar daha çox qucaq və qayğı istəyirlər. Bunları nəzərə alıb fəaliyyət göstərəcək müəssisə, demək olar ki, yoxdur" – o, qeyd edib.

R.Dünyamalıyevin sözlərinə görə, bir yaşlı uşaqlarla işləmək professionallıq tələb edəcək deyə, həmçinin çətin olduğu üçün bu sahəyə maraq ayıran olmayacaq: "Özəl müəssisələr bir yaşında olan uşaqlara xidmət göstərməkdən imtina edəcək. Onlar bu xidməti göstərməkdə çətinlik yaşadıqlarını bildirib, məsuliyyəti boyunlarına götürməkdən imtina edəcəklər. Və beləliklə məsuliyyətdən qaçacaqlar. Dövlət müəssisələri isə məcburən 1 yaşından uşaqları qəbul edəcək. Amma düşünürəm ki, hələ bu yeniliyə müəssisələr hazır deyil".

Həmsöhbətimiz yeni mövsümə ciddi hazırlaşdıqlarını da bildirib: "İndi biz yeni mövsümə hazırlaşırıq. Həmçinin iki bağçamızda sınaq üçün bir qrup açacağıq. Amma necə olacaq, təcrübə nə göstərəcək, bunu zamanla biləcəyik".

R.Dünyamalıyev qiymətlər məsələsinə də aydınlıq gətirib: "Qiymətlərə gəlincə, 1 yaşlı uşaqların qrupları digərlərinə baxanda, təbii ki, baha olacaq. Amma hər şeyi zaman göstərəcək".

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu məsələdə əsas problem uşaq bağçalarında kifayət qədər ixtisaslı kadr olmamasıdır: "Həm Bakı şəhəri üzrə, həm də rayon və kəndlərdə hələ də kifayət qədər ixtisaslı kadrlar yoxdur. Təəssüf ki, bu sahədə çalışanlar arasında qeyri-ixtisaslı və ya ümumiyyətlə təhsilsiz insanlar da çoxdur".

"Bundan başqa, 1-3 yaşlı uşaqlarla işləyə biləcək ixtisaslı kadrlar, tərbiyəçilər çatışmır. Bu da o deməkdir ki, 1 yaşlı bütün uşaqların uşaq bağçalarına cəlb olunması üçün hazırda infrastruktur və resurs yoxdur. Əgər bu yaş həddinə aid uşaqların valideynlərinin hamısı eyni vaxtda övladlarının bağçalara getməsini istəsə, ortaya ciddi sıxlıq, xaotik vəziyyət çıxacaq" — deyə ekspert vurğulanıb.

K.Əsədovun fikrincə, uşaq bağçalarına qəbul zamanı yaranan neqativ halların aradan qaldırılması üçün qəbulu onlayn şəkildə həyata keçirmək daha məqsədəuyğun olar: "Həmçinin, bu müəssisələrdə çalışanların bilik və bacarıqları yoxlanılmalıdır. Bir sözlə, bağçalarda olan bu qədər çatışmazlıqların içində 1 yaşlı uşaqların qəbulu çətin ki, özünü doğrulda bilsin".

Qeyd edək ki, hazırda respublikada 1677 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət, 40-ı özəldir. Bakı şəhərində isə 387 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Əlaqədar

Uşaq bağçadan çıxaraq itib: İtmə anının VİDEO-su
Uşaq bağçalarına ayrılan vəsaitin necə xərcləndiyi yoxlanılıb
Gəncədəki bağça olayı böyüdü: İşdən çıxarılanlar var
Valideynlərin əli ürəyinin üstündə qalıb: Bundan sonra övladımı bağçaya aparım, ya yox?
Uşaq bağçasında yaşanan qalmaqal parlamentə daşındı
Teqlər:
uşaq bağçaları, Rasif Dünyamalıyev, 1 yaş, Kamran Əsədov, ekspert, Milli Məclis, körpə, qanun, qiymət

Əsas mövzular