ELM

Övladlarımız 1 yaşdan sonra "əlimizdən alına" bilər - Səbəb və nəticələr

© pixabay / frootQucağında körpəsini tutmuş ata
Qucağında körpəsini tutmuş ata - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxud, azyaşlıların məktəbəqədər təhsilə cəlb edilməsi nə qədər düzgündür?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir.

Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
ELM
Yeni nazirin təklifi narazılıqlara yol açdı: Ciddi fəsadlar yaradacaq

Elmi-pedaqoji araşdırmalar göstərir ki, insan ömür boyu öyrəndiyinin böyük bir hissəsini altı yaşına qədər mənimsəyir. Məhz bu dövrdə uşağın idraki və fiziki inkişafının təməli qoyulur. Bu təməlin nə qədər möhkəm və düşünülmüş olması şəxsiyyətin gələcək inkişafını təmin edir və onun həyat fəlsəfəsini, cəmiyyətə baxışlarını müəyyənləşdirir.

Bəs, uşağın 1 yaşından məktəbəqədər təhsilə başlaması onun şəxsiyyət kimi formalaşmasına necə təsir edəcək? Ümumiyyətlə, bu dəyişiklik nə dərəcədə düzgündür? Sputnik Azərbaycan-ın mövzu ilə bağlı sualına təhsil eksperti Kamran Əsədov aydınlıq gətirib.

K.Əsədovun sözlərinə görə, "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanuna əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilib: "Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması ilə yanaşı, bu sahənin inkişafının təkcə dövlət sərmayələri ilə deyil, həmçinin özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə təmin etmək məqsədi daşıyır".

Ekspert bildirib ki, məktəbəqədər təhsil Avropada yüksək ictimai əhəmiyyət kəsb edir və Avropa İttifaqının siyasətinin prioritetlərindən biridir: "Avropa İttifaqının üzv dövlətləri 3 yaşadək olan bütün Avropa uşaqlarının üçdə birinin və bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmasını hələ 2010-cu ilədək vəzifə olaraq qarşıya qoyub, 2020-ci ilədək isə uşaqların məktəbəhazırlıq təhsilinə cəlb olunma göstəricisinin yüksəldilməsini təklif edib".

© © KarikaturaKörpələr bağçaya gedir
Körpələr bağçaya gedir - Sputnik Azərbaycan
Körpələr bağçaya gedir

Əsədov hesab edir ki, uşaqların 1 yaşdan təlimlərə cəlb olunması müsbət addım olacaq: "Amma ilk növbədə həll edilməli olan bir neçə ciddi problem var. Belə ki, hər il 120 mindən çox uşaq dünyaya gəlir. Bu, o deməkdir ki, eyni yaşlı kifayət qədər uşaq var və onların hamısının məktəbəqədər təhsil müəssisəsi ilə təmin etmək mümkün deyil. Bundan başqa, məktəbəqədər təhsil müəssisələrində çalışanların heç də hamısının bilik və bacarıqları, təhsilləri bu sahə üçün yararlı deyil. Azyaşlıları təlimə cəlb etməmişdən əvvəl bu məsələlər öz həllini tapmalıdır".

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Эксперт в области образования Кямран Асадов

"Uşaqların 1 yaşdan məktəbəqədər təhsilinə cəlb edilməsi, əsasən, 3 səbəbdən vacibdir. Aparılmış tədqiqatlara görə, uşaqların erkən yaşdan təhsilinə qoyulan sərmayə iqtisadi və sosial baxımdan daha yüksək faydalılıq əmsalına malikdir. Tədqiqatlar göstərir ki, bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan dəfələrlə artıq gəlir gətirir" — müsahibimiz bildirib.

"Məktəbəqədər təhsil valideynlərə daha artıq dərəcədə dəstək olmaqla qadınların məşğulluq göstəricilərinə də müsbət təsir edir. Məktəbəqədər təhsil vasitəsilə uşaqlar arasında bərabərlik imkanlarının yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri arasında fərqlərin azalmasına gətirib çıxarır", – deyə ekspert vurğulayıb.

Maraqlıdır, məktəbəqədər təhsil xarici ölkələrdə necə tənzimlənib? Sualımıza cavab tapmaq üçün əvvəlcə dünyanın aparıcı dövlətindən — ABŞ-dan başlayaq. ABŞ təcrübəsində məktəbəqədər təhsil icbari hesab edilmir. Lakin 2013-cü ilin fevral ayında bəyan edilmiş, erkən yaşlı uşaqların təhsili üzrə "Obama planı"nda hər bir uşağın məktəbəqədər təhsillə təmin olunması təklif edilir. Bu məqsədlə böyük miqdarda investisiya yatırımı nəzərdə tutulur. Amerikada uşaqların məktəbəqədər təhsillə əhatə olunması həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir.

Çində isə məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir. Çində 3 yaşdan 6 yaşadək uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir.

Yaponiyada məktəbəqədər təhsil pilləsi məcburi deyil. Yalnız valideynlərin arzusu ilə adətən uşaqlar 4 yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul olduqları halda onların uşaqları 3 yaşından uşaq bağçasına götürülə bilər. Yaponiyada 1 yaşlı uşaqlar üçün körpələr evi var, lakin uşaqları belə erkən yaşdan ailədən ayırmaq məsləhət görülmür. Həmin müəssisələrə uşaqların yerləşdirilməsi valideynin körpəsini 3 yaşadək tərbiyə etmək imkanı olmamasını ciddi səbəblərlə əsaslandıran xüsusi müraciəti olduğu halda mümkündür.

Rusiyanın 2013-cü ildə təsdiq edilmiş "Məktəbəqədər təhsilin federal dövlət təhsil Standartı"na əsasən, bu təhsilin başlıca məqsədi uşağın şəxsiyyətinin, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin, sosial bacarıqlarının inkişaf etdirilməsidir. Bütün bunlara böyüklərlə və yaşıdları ilə əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət növləri vasitəsilə nail olmaq nəzərdə tutulur. Uşaqların fərdi inkişafı və sosiallaşması üçün inkişafetdirici təhsil mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir. Məktəbəqədər təhsil dövlət, özəl və bələdiyyə müəssisələrində həyata keçirilir.

Bütün bunlardan o nəticəyə gəlmək olar ki, dünyanın müxtəlif qabaqcıl təhsil təcrübələrində müəyyən məqamlarda fərqli baxışlar müşahidə edilsə də, konseptual yanaşma çox bənzərdir. Fərqli mədəniyyət, pedaqoji elm və təcrübənin inkişaf istiqamətlərinin özünəməxsusluğuna baxmayaraq, müxtəlif ölkələrdə pedaqoqlar oxşar problemləri həll edirlər.

Tədqiqatlar isə göstərir ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə almış uşaqlar istər idraki, emosional, istərsə də fiziki baxımdan ümumi təhsil müəssisələrində təhsilə daha hazırlıqlı olurlar. Burada uşaqlara kiçik problemlərin həllinə nail olmaq üçün müstəqil şəkildə çalışmaq, idraki və emosional, habelə fiziki fəaliyyətdə olmaq öyrədilir. Məktəbəqədər təhsil müəssisələrinə sosial bacarıqlar və davranış problemləri ilə gələn uşaqlarda bir müddət sonra bunların aradan qaldırıldığı müşahidə edilir.

Xəbər lenti
0