ELM

Dövlət aztəminatlı ailələrin əsas ehtiyaclarından birini öz çiyninə götürür

© Sputnik / Murad OrujovÜnvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli
Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Peşəni seçən adamlara baxanda, bunlar o qədər də imkanlı ailələr deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu, "Peşə təhsili haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 20-ci maddəsində (Peşə təhsili müəssisəsində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi) deyilir ki, qanunla müəyyən edilmiş qaydada sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; I, II və III qrup əlillər; şəhid ailələrinin üzvləri; 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Эксперт в области образования Кямран Асадов

Qeyd edək ki, "Peşə təhsili haqqında" qanun layihəsi parlamentdə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda Azərbaycanın peşə orta-ixtisas təhsil müəssisələrində 18 min tələbə təhsil alır: "Onların 13 minə yaxını dövlət büdcəsinin vəsaiti hesabına, yəni ödənişsiz olaraq təhsil alır. Yerdə qalan hissəsi isə ödənişli əsaslarla təhsil alır"

"Uzun müddətdir ki, orta-ixtisas təhsil müəssisələri əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını həyata keçirə bilmirdilər. Bunun əsas səbəbi odur ki, maddi-texniki bazaları, infrastrukturları olduqca aşağı səviyyədə idi. Lakin son 2 ildə bu pillədə təhsil alanlar üçün kifayət qədər geniş imkanlar açacaq, yeni resursların formalaşdığı peşə təhsili müəssisələri fəaliyyətə başlayıb" — Əsədov bildirib.

Onun sözlərinə görə, hətta 2 il bundan əvvələdək burada tədris olunan dərs vəsaitləri 1970-80-ci illərdə çap olunmuş bu və ya digər peşəyönümlü ixtisaslar üzrə dərsliklər olub: "Maşınqayırma, bu və ya digər texniki sahə ilə bağlı olan peşə məktəblərində avadanlıqlar olduqca keyfiyyətsiz vəziyyətdə, hətta yox dərəcəsində idi. Amma son 2 ildə 10-na yaxın peşə ixtisas təhsil müəssisəsi yenidən qurulub və bərpa edilib. 2017-ci ildə 9-cu sinfi əla qiymətlərlə bitirənlər də bu pillədə təhsillərini davam etdirmək üçün müraciət ediblər".

Ekspertin fikrincə, əgər peşə təhsili müəssisələrində ən çox təhsil haqqı illik 650 manat idisə, keçən ildən etibarən bu rəqəm illik ən çox 500 manat, ən az isə 300 manat məbləğində müəyyən olunub: "Buna da baxmayaraq, kütləvi şəkildə maddi imkanı zəif olan şəxslər bu pillədə təhsil almaq istəsələr də, imkanları olmayıb. Lakin "Peşə təhsili haqqında" qanun layihəsinin qəbul edilməsi gənclərin bu pillədə təhsil almalarına ciddi şəkildə müsbət təsir göstərəcək".

"Statistik məlumatlara əsasən, orta ümumtəhsil məktəblərinin 9-cu sinfi bitirən şagirdlərin yalnız 70 faizi təhsilini davam etdirirlər. Yerdə qalan hissə isə ya orta ixtisas təhsil müəssisələrinə, ya da peşə məktəblərinə üz tutur. Cənubi Koreya, Finlandiya, Fransada 50 faizədək kadrları birbaşa istehsalata peşə məktəbləri buraxırlar. Azərbaycanda da peşə təhsili müəssisələrinə marağın artırılması diqqət mərkəzindədir. Qəbul edilmiş qanun bu sahəyə müsbət təsir göstərəcək" — K.Əsədov bildirib.

© Photo : UNECƏli Əlirzayev
Əli Əlirzayev - Sputnik Azərbaycan
Əli Əlirzayev

Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, professor Əli Əlirzayev isə Sputnik Azərbaycan-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Bu, dövlətin sosial siyasətidir. Hər bir Azərbaycan vətəndaşının pulsuz təhsil almaq hüquq var. Bizdə güzəştlər həmişə olub. Yoxsulluğu təyin etmək nisbidir".

"Amma fakt odur ki, peşə texniki məktəblərdə təhsil alanlar akademik, professor olmayacaqlar. Bu insanlar gələcək həyatlarını sadə əmək üzərində quranlardır. Peşəni seçən adamlara baxanda, bunlar o qədər də imkanlı ailələrdən deyillər. Belə insanlara da biz güzəşt etməliyik. Həmin qrup şəxslərin seçimi özü elə sosial məsələdir" — Əlirzayev vurğulayıb.

"Digər tərəfdən, peşə təhsili müəyyən mənada sifariş sistemi ilə əlaqəlidir. Dövlət də ən böyük sifarişçidir. Bunlar hamısı pulsuz olsa, daha yaxşıdır. Amma bunun da müəyyən xərcləri var, büdcəyə də çox yük olmamalıdır" — o, əlavə edib.

Xəbər lenti
0