08:27 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
267 0 0

Yüksək bal toplayan abituriyentlərin əksəriyyəti sonra niyə uğurlu nəticə göstərmir?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Həmişə universitetə yüksək balla daxil olan abituriyentlərdən yüksək nəticə gözləyirlər. Hər kəs onları gələcəyin peşəkar mütəxəssisləri sırasında görür. Amma heç də həmişə belə olmur.

Son zamanlar müşahidələr göstərir ki, müəllimlərin işə qəbulu, dövlət qulluğuna qəbul və s. imtahanlarda iştirak edib ən yüksək nəticə əldə etmiş şəxslər ali məktəblərə qəbul imtahanlarında 400-600 arası bal toplayıblar. 600-dan çox bal toplayıb universitetə qəbul olanlar isə işə qəbul imtahanlarında birincilərlə müqayisədə az bal toplayırlar.

Maraqlıdır, bu hal hansı səbəblərdən meydana çıxır? Sputnik Azərbaycan məsələnin səbəblərini araşdırıb.

Təhsil eksperti Kamran Əsədov deyir ki, işə qəbul imtahanlarında iştirak edənlər arasında ali məktəblərə 400-600 arası bal yığaraq qəbul olanların göstəriciləri daha yüksəkdir: "DİM tərəfindən 18 dekabrda dövlət qulluğuna qəbul olunmaq üçün keçirilən imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 3040 şəxs arasında ali məktəblərə 401-500 balla qəbul olan 676 nəfər olub. Onların da 292 nəfəri müvəffəqiyyət əldə edib. Bu da imtahanda iştirak edənlərin 43.2 faizini təşkil edir".

"Bundan başqa, ali məktəblərə 501-600 balla qəbul olmuş 468 nəfər dövlət qulluğuna qəbul olmaq üçün qeydiyyatdan keçib. Onlardan da 256 nəfəri uğur qazanıb. Bu da 54.7 faiz nəticə əldə etmək deməkdir" — Əsədov qeyd edir.

Ekspertin sözlərinə görə, ali məktəblərə 601-700 arası bal toplayaraq qəbul olunmuş məzunlardan da 166 nəfəri dövlət qulluğuna qəbul olmaq üçün qeydiyyatdan keçib: "Onlardan da 113 nəfəri müvəffəqiyyət qazanıb".

K.Əsədov deyir ki, aşağı bal toplayan abituriyentlərin nəticələri isə acınacaqlıdır: "Belə ki, qəbul imtahanlarında 101-200 arası bal toplayan abituriyentlərdən 104 nəfəri dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verib. Onların da cəmi 7 nəfəri uğurlu nəticə əldə edə bilib. Qəbul imtahanlarında 201-300 bal toplayan abituriyentlərdən 531 nəfər dövlət qulluğu imtahanında iştirak edib. Onlardan cəmi 82 nəfəri imtahandan keçə bilib".

"Dövlət qulluğuna imtahanlarda ali məktəbə 301-400 balla qəbul olan 743 nəfər də iştirak edib ki, onlardan da cəmi 215 nəfəri imtahanı uğurla başa vurub. Bu da vəziyyətin artıq nə yerdə olduğunu göstərir" — müsahibimiz vurğulayır.

Dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov da bildirir ki, 650-dən yuxarı bal toplayan abuturiyentlərin əksəriyyəti təhsil proqramını mənimsəyərək öyrənmir: "Onlar əzbərçiliyə üstünlük verirlər. Ona görə də belə problemlər ortaya çıxır. Test sistemi elə qurulub ki, orada göz yaddaşı, hər hansısa test etmək bacarığı, cavablar arasında nəisə ixtisar edərək nəticəyə gəlmək və daha tez nəticəyə varmaq kimi yollardan istifadə edirlər".

Hüseynovun sözlərinə görə, bu üsullara ən çox repetitor yanına gedən abituriyentlər əl atırlar: "Müəllimlər şagirdlərə qısa yolları öyrətdikləri üçün belə olur. Əzbərçilik sayəsində yüksək bal toplayıb universitetə daxil olurlar. Universitet vaxtı yüksək bal topladıqlarına da arxayın olub oxumurlar. Aşağı bal toplayan abituriyentlər isə kurslara və təlimlərə qoşularaq özlərini daha çox inkişaf etdirirlər. Nəticədə də onlar daha çox uğur qazanmış olurlar".

Əlaqədar

Təhsil almaq üçün xaricə üz tutanlar bunun sonrasını da düşünsünlər
Dəyişiklik: Təhsil Nazirliyinə yeni səlahiyyətlər verildi
Məleykə Abbaszadə məktəb təhsilindən narazılığını bildirdi
Təhsil Nazirliyi: Valideynlərin etirazı haqlı çıxarsa...
"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"
Əsədov: “Erkən nikahlar qızların təhsilinə əngəl yaradır”
Teqlər:
700, 650, 600, 500, 400, dövlət qulluğu, İlyas Hüseynov, nəticə, bal, Kamran Əsədov, qəbul, faiz, ali məktəb, təhsil, universitet, ekspert, abituriyent

Əsas mövzular