21:52 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
1478 0 0

Tərtər rayonundakı 47 məktəbdən 30-nun sinif otaqları bu günə kimi də odun sobaları ilə qızdırılır

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Havaların soyuması bölgələrdə fəaliyyət göstərən təhsil ocaqlarının qış mövsümünə hazır olub-olmaması məsələsini aktuallaşdırıb. Paytaxt məktəblərindən fərqli olaraq, rayonlardakı təhsil ocaqlarında mərkəzləşdrilmiş istilik sistemləri mövcud deyil.

Qaradağlı kənd orta məktəbinin binası
© Sputnik / Ramil Ibrahimov
Qaradağlı kənd orta məktəbinin binası

Cəbhə bölgəsi olan Tərtər rayonunda 47 məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 30-nun sinif otaqları bu günə kimi də odun sobaları ilə qızdırılır. Belə məktəblərdən biri də cəbhə xəttinin, təqribən 4 km-də yerləşən, 398 şagirdin təhsil aldığı, Tərtərin Qaradağlı kənd orta məktəbidir.

Yaşar Quliyev adına olan təhsil ocağının binası, 1977-ci ildə istifadəyə verilib. Məktəbin direktoru Eldəniz Ələsgərovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, keçmiş ittifaqın son illərinə qədər məktəbdə mərkəzləşdirilmiş istilik sistemi mövcud olub. Amma SSRİ dağılan ərəfədə həmin istilik sistemi sıradan çıxıb. Elə o dövrdən də, qış aylarında sinif otaqlarının isidilməsində dədə-baba üsuluna keçilib və odun sobalarından istifadə edilir.

Qaradağlı kənd orta məktəbinin direktoru Eldəniz Ələsgərov
© Sputnik / Ramil Ibrahimov
Qaradağlı kənd orta məktəbinin direktoru Eldəniz Ələsgərov

Ötən mövsüm binanın cari təmiri zamanı isə, sovet dönəmindən qalan istilik radiatorları sökülərək, lazımsız metal kimi məktəbin həyətyanı sahəsinə yığılıb. Müsahibimiz deyir ki, yanacaq kimi istifadə etdikləri odun sarıdan çətinlik yoxdur, amma məktəbin qızdırılması üçün müasir istilik sisteminin quraşdırılması təhsil ocağı üçün vacib amildir.

SSRİ vaxtından qalmış istilik radiatorları sökülərək məktəbin həyətinə yığılıb
© Sputnik / Ramil Ibrahimov
SSRİ vaxtından qalmış istilik radiatorları sökülərək məktəbin həyətinə yığılıb

"Məktəbin qış mövsümündə, təqribən 31,8 kubmetr oduna tələbatı var və odunla tam təmin olunuruq. Nəzərdə tutulub ki, Tərtər Regional Təhsil İdarəsinin xətti və QHT-lərdən birinin dəstəyi ilə məktəbin bir korpusu müasir istilik sistemi ilə təchiz olunsun. Mənə belə gəlir ki, növbəti yay tətilində bu işlər başlanacaq və yeni təhsil ilinə qədər yekunlaşacaq" — direktor bildirir.

Müsahibimiz onu da əlavə edir ki, ötən mövsüm cari təmir zamanı sinif otaqlarının böyük bir qisminə taxta döşəmə vurulsa da, məktəbdə hələ də beton döşəməli sinif otaqları da var. Rayonun cəbhə xəttində yerləşməsi və sözügedən çətinliklərə baxmayaraq, direktor verilən təhsilin nəticəsindən razılıq edir. Onun sözlərinə görə, son 5 ildə məktəbin 60 şagirdi yüksək imtahan balı ilə respublikanın müxtəlif ali məktəblərinə qəbul olublar.

Qaradağlı kənd orta məktəbində tədris prosesi
© Sputnik / Ramil Ibrahimov
Qaradağlı kənd orta məktəbində tədris prosesi

Rayonun 17 məktəbində isə təbii qaz, maye yanacaq və elektriklə işləyən müasir istilik sistemləri quraşdırılıb. Belə məktəblərdən biri də elə Qardağlı kəndi ilə həmsərhəd olan Gəngərli kəndindəki məktəbdir.

Kəngərli kənd orta məktəbi
© Sputnik / Ramil Ibrahimov
Kəngərli kənd orta məktəbi

Şəhid Sərdar Zeynalov adını daşıyan olan məktəbin binası 2012-ci ildə istifadəyə verilib. Hazırda 177 şagirdin təhsil aldığı məktəbdə maye yanacaq vasitəsiylə işləyən qazanxana mövcuddur. Təhsil ocağının rəhbəri İmran Məmmədovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə qış fəslinin başlaması ilə əlaqədar, yəni noyabr ayının 15-də istixana tam gücü ilə fəaliyyətə başlayacaq.

Şəhid Sərdar Zeynalov adına məktəbin direktoru İmran Məmmədov
© Sputnik / Ramil Ibrahimov
Şəhid Sərdar Zeynalov adına məktəbin direktoru İmran Məmmədov

"Bizim məktəb 1923-cü ildən ibtidai məktəb olaraq fəaliyyətə başlayıb. 1965-ci ildə ümumi, 1986-cı ildə tam orta məktəbə çevrilib" — Məmmədov danışır.

Onun sözlərinə görə, yeni bina istifadəyə verilməmişdən əvvəl keçmiş bəy evlərindən birinin binası məktəb üçün uyğunlaşdırılıbmış: "Ərazidə əlavə sinif otaqları da tikilmişdi. O vaxt məktəbi odunla qızdırırdıq. Çətin idi. Amma indi bütün sinif otaqlarında müasir istilik sistemi quraşdırılıb. Həftə ərzində 1 ton maye yanacaq sərf edilir. Aprel ayının sonuna qədər də qazanxana işləyəcək".

Kəngərli kənd orta məktəbinin sinif otağında quraşdırlmış müasir istilik sistemi
© Sputnik / Ramil Ibrahimov
Kəngərli kənd orta məktəbinin sinif otağında quraşdırlmış müasir istilik sistemi

Tərtər Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirildi ki, məsələ gündəmdədir, rayon məktəblərinin müasir istilik sistemləri ilə təmin olunması dövlət proqramına salınıb və 2019-cu ildən prosesə başlanacaq.

Əlaqədar

Məktəblilər üçün maraqlı yenilik
Bakıda orta məktəb şagirdi qan tökdü
Azərbaycanda məktəb direktorunun "fironluğu"
Bakı məktəblərinin birində şagirdi bıçaqlayıblar
Məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI
Teqlər:
istilik sistemləri, odun, Qaradağlı kəndi, direktor, soba, Sputnik Azərbaycan, şagird, Tərtər, təhsil, məktəb, soyuq, qaz

Əsas mövzular