09:59 17 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Auditoriyada tələbələr, arxiv şəkli

Hansı tələbələrə maaş veriləcək?

© Foto: BMU mətbuat xidməti
ELM
Qısa URL
3708 0 0

"Dünya təcrübəsində əmək bazarının ən az 25-30 faizi məhz peşə təhsil müəssisələrinin məzunları təşkil edir, Azərbaycanda isə bu, hətta, 1 faiz həcmində belə deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda yeni hazırlanan "Peşə təhsili haqqında" qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub. Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

Onun sözlərinə görə, "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb: "İndiyədək Azərbaycanda belə bir qanun olmayıb. Yəni peşə təhsilinin tarixində ilk dəfədir ki, qanun layihəsi hazırlanır və onun formalaşdırılmasında həm yerli, həm də beynəlxalq təcrübədən istifadə edilib".

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

A.Əlilinin dediyinə əsasən, peşə təhsili sahəsində bir çox təcrübəni araşdıran İşçi Qrup bu qənaətə gəlib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da peşə təhsili dövlət, özəl, bələdiyyə mülkiyyəti formasında inkişaf edir və bu variant məqbul hesab olunub.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında, əsas problemlərdən birinin əmək bazarında ixtisaslı kadrların çatışmaması olduğunu deyib: "Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsi bir çox hallarda birbaşa təhsil, pedaqoji yönümlü ixtisaslar və yaxud da istehsalatın aşağı səviyyəsi üçün kadr hazırlığını həyata keçirə bilmir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun müddət ərzində ölkədə fəaliyyət göstərən 107 peşə məktəbinin 4-ü istisna olmaqla 100-dən çox peşə məktəbi yalnız sənəd üzərində fəaliyyət göstərib. Və onlar istehsalata, əmək bazarına kadr buraxa bilmirdilər".

"Amma dünya təcrübəsində əmək bazarının ən az 25-30 faizi məhz peşə təhsil müəssisələrinin məzunları təşkil edir. Azərbaycanda isə bu, hətta, 1 faiz həcmində belə deyil" — ekspert bildirib.

Onun qənaətincə, peşə məktəbində çalışanlara təqaüdlərin və çalışdıqları işə görə onlara əmək haqlarının müəyyən edilməsi bu sahəyə gənclərin cəlb olunmasına müsbət təsir edəcək: "Bu gün Azərbaycanda peşə məktəblərində təhsil alanların sayı 15 minə yaxınlaşır. Bu, kifayət qədər ciddi rəqəmdir. Dövlət başçısı tərəfindən ötən il peşə agentliyi də yaradılıb və bundan sonra maddi-texniki bazası bərbad vəziyyətdə olan peşə məktəblərində inqilabi dəyişikliklər həyata keçirilməyə başlanılıb".

K. Əsədovun sözlərinə görə, gənclərin 4 il ərzində ali təhsil alıb vaxt itirməyindənsə, birbaşa 6 ay, 1 ildə əmək bazarına lazım olan kadr kimi yetişməsi daha müsbət addım olar: "Hazırda Azərbaycanda 160 minə yaxın tələbə təhsil alır. Onların heç də hamısı ali təhsillərini başa vurduqdan sonra işlə təmin olunmur. Və öz ixtisaslarından fərqli sahələrdə çalışmağa başlayırlar. Lakin peşə məktəblərində meyl edən şəxslər birbaşa qısa zamanda ixtisasları üzrə peşəkar kadr kimi yetişib işlə təmin olunmaları müsbət haldır".

"Qanun layihəsinə görə, heç də bütün peşə məktəblərində təhsil alan tələbələr əmək haqqı almayacaqlar. Birbaşa ixtisası üzrə istehsalatda çalışanlar gördükləri işin müqabilində əmək haqqı alacaqlar. Məsələn, kimlərsə rəngsazlıq üzrə peşə təhsili alırsa, müəyyən şirkətlər həmin tələbələri öz işlərinə cəlb edən zaman gördükləri işin müqabilində onlara əmək haqqı müəyyən edəcəklər" — həmsöhbətimiz vurğulayıb.

Bununla belə, onun qənaətincə, bu, heç də o demək deyil ki, peşə məktəblərində təhsil alanların hamısı əmək haqqı ilə təmin olunacaqlar: "Orada yalnız birbaşa istehsalat ilə məşğul olanlar və əmək fəaliyyəti göstərənlər üçün nəzərdə tutulub".

Mütəxəssis, peşə məktəblərinin birbaşa əmək bazarı üçün kadr hazırladığına diqqət çəkib: "Məsələn, Cənubi Koreyada belə bir konsepsiya mövcuddur. Hər hansı bir şirkət, korporasiya biznes layihəsi həyata keçirəcəksə, 1 il öncə peşə məktəblərinə həmin sahələr üzrə kadr hazırlanması üçün sifariş verir. Və korporasiyalar həmin şəxsləri təhsil aldıqları müddətdə işə cəlb edirlər. Bu zaman onlara əmək haqqı verilir".

Əjdər Ağayev, təhsil eksperti
© Foto : STR
Əjdər Ağayev, təhsil eksperti

"Bu qanun layihəsinin həyata keçirilməsi Azərbaycan gənclərinin vaxt itkisinə yol vermədən birbaşa peşə məktəblərinə meyillənməsinə gətirib çıxardacaq. Həm təqaüdlərin, həm də müəyyən peşə sahələri üzrə məşğul olan tələbələrə əmək haqqının verilməsi gənclərin bu sahəyə meyllənməsinə gətirib çıxaracaq. Onların işlə təmin edilməsi yüksək səviyyədə olacaq. Məsələn, zərgərlik, aşpazlıq ixtisası üzrə təhsil alanlar işlə təmin ediləcəklər. Təhsil aldığı müddətdə işlə təmin edilib əmək haqqı alacaqlar. Bu qanun layihəsinin tətbiqi töhfəsini verəcək" — Əsədov vurğulayıb.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yeni qanun layihəsi tələbələrə təqaüdün verilməsi, ümumiyyətlə, onların təcrübə müddətində istehsalat fəaliyyətlərinə görə əmək haqqın verilməsi ilk növbədə abituriyentlərin peşə məktəblərinə marağının artmasına yönəlib: "Azərbaycanda peşə məktəblərinə maraq həmişə zəif olub. Əgər əmək haqqı, təqaüd varsa, peşə məktəblərində öz yerini tapan gənclərin sayı çox olacaq. Təhsil alan gənc zəhmətinin nəticəsini elə oradaca əmək haqqı almaqla görəcək. Bu əmək haqqı onun yaşayışına təsir edəcək".

"Digər tərəfdən, peşəsinə mükəmməl yiyələnməsinə təsir göstərəcək. Peşə təhsili ilə əlaqədar islahatlar və qanundakı yeni yanaşma, dəyişikliklər faydalıdır" — Ə. Ağayev əlavə edib.

Əlaqədar

Vəliyeva: “Təhsil ümumxalq işidir”
Təhsil Nazirliyindən valideynlərə çağırış
Təhsil ekspertindən xəbərdarlıq: bataqlıqdan qurtulun
Millət vəkili təhsil haqlarına görə naziri topa tutdu
Azərbaycan təhsilində inqilabi dəyişiklik
Teqlər:
Amil Əlili, "Peşə təhsili haqqında" qanun layihəsi, Əjdər Ağayev, Sputnik Azərbaycan, Kamran Əsədov, peşə, təhsil, ekspert, tələbə, Azərbaycan

Əsas mövzular