ELM

Nazirlik taleyin ümidinə buraxılanların məsələsinə aydınlıq gətirdi

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyi universitetdən məhrum olan abituriyentlərin taleyinə aydınlıq gətirdi

BAKI, 10 avqust — Sputnik. Sosial şəbəkələrdə Tempus Fondunun müsabiqə və imtahanlardan keçmiş, Macarıstan universitetlərinə qəbul olunmuş 200 azərbaycanlı abituriyentdən 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina etdiyi barədə məlumat yayılıb.

Facebook-un fəal istifadəçilərindən olan jurnalist Azər Sarıoğlu bildirib ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən imtina edib. Hansı ki, həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət etmə müddəti, eləcə də imtahanlar bitmişdi.

"Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, heç xəbər belə verməyib. Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 uşaq ortalıqda qalıb. Ağızlarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil" — deyə Sarioğlu yazıb.

Onun sözlərinə görə, Təhsil Nazirliyi məsələyə müdaxilə etsə də, bir nəticə hasil olmayıb.

Jurnalist hesab edir ki, Macarıstan hökuməti Azərbaycan-a qarşı açıq hörmətsizlik nümayiş etdirir.

"Müvafiq sənəd Macarıstan Respublikasının İnsan Resursları Nazirliyi tərəfindən imzalanıb və göründüyü kimi, konkret olaraq 200 yer ayrılması barədə öhdəlik götürülüb. Konkret olaraq "Azərbaycan Respublikasının 200 vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüdlər ayıracaqdır" yazılıb. Yəni hüquqi tənzimləmədə imperativlik (məcburilik) var" — deyə Sarıyev bildirib.

Digər facebook istifadəçisi Şahin Rzayev də bildirib ki, aldadılmış tələbələr arasında onun qızı Nəzrin Rzayeva da var. Onun sözlərinə görə, təqaüd veriləcək tələbələr soyadlarının əlifba sırası əsasında seçilib. Uşaqlar soyadlarındakı ilk hərfin ucbatından ziyan çəkiblər.

Bir sıra sosial şəbəkə istifadəçiləri bu problemin yaranmasına görə Azərbaycanın Təhsil Nazirliyini günahlandırıblar.

Təhsil Nazirliyi bu məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb.

Təhsil Nazirliyinin cavabında bildirilir ki, 2014-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramına uyğun olaraq, azərbaycanlı tələbələr Macarıstanda təhsil almaq imkanı qazanıblar.

İş Proqramında müəyyən olunmuş kvota üzrə ixtisas istiqamətlərinə müraciət edənlər arasında dil və ixtisas bilikləri, ümumi dünyagörüşü üstün olan namizədlərə üstünlük verilir.

Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş 3 universitetdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmur.

"Qeyd edək ki, namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy almış namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri Kommersiya Fondu vasitəsi ilə verilir. Ümumilikdə, 2015/2016-cı tədris ilində 51 nəfər, 2016/2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda tələbələr "Budapest Business School", "Corvinus University of Budapest", "University of Debrecen", "University of Szeged", "Eötvös Lorand University" kimi ali təhsil müəssisələrində təhsil almaqdadırlar" — deyə Nazirlikdən bildiriblər.

Bu il təqaüd proqramına müraciət edən namizədlərin sayı 1000 nəfərdən artıq olub. Təhsil Nazirliyi Macarıstanın müəyyən etdiyi təqaüd proqramına uyğun gələn 243 nəfər namizədin adını Macarıstan səfirliyinə göndərib. Macarıstan tərəfi kvota üzrə nəzərdə tutulan 200 nəfərdən 164 nəfər tələbəyə təqaüd ayrılması ilə bağlı qərar qəbul edib.

Xəbər lenti
0