22:15 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
İmtahanın gedişi

Tarif Şurasının açıq buraxdığı sual: hər kəs ona cavab axtarır

Sputnik/Fuad Həsənov
ELM
Qısa URL
57513

Hazırda cəmiyyət "Doktoranturaya veriləcək imtahanların qiyməti nə qədər olacaq" sualı üzərində baş sındırır

BAKI, 15 mart — Sputnik. Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxıb və müvafiq qərar qəbul edib. Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib. Belə ki, qərara əsasən, orta ixtisas məktəblərinə, ali təhsilin bakalavr pilləsinə, magistr və baza ali tibb təhsili əsasında rezidenturaya qəbul üçün ödənişlər nəzərdə tutulur.

Xəbər dərc olunandan sonra Sputnik Azərbaycan-ın redaksiyasına gələn çoxsaylı suallar arasında "Doktoranturaya veriləcək imtahanların qiyməti nə qədər olacaq" sualı da olub. Sputnik Azərbaycan-ın əməkdaşı bununla bağlı DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb. X. Xanlarzadə qeyd edib ki, doktorantura imtahanlarına onlar cavabdeh deyillər: "Bu pillədə imtahan universitetlər tərəfindən apardığı üçün qiymətləri də onlar müəyyən edəcək".

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycanın bir neçə böyük universitetinə üz tutub. Azərbaycan Texniki Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, doktoranturaya qəbul imtahanları pullu deyil və hələlik bu haqda heç bir yeni qanun qəbul edilməyib: "Bir sözlə, doktoranturaya imtahan pulsuzdur".

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Departamentinin müdiri Araz Ağayev da bildirib ki, hələ bu məsələ ilə əlaqədar ADU-nun Elmi Şurasının hər hansı bir qərarı yoxdur: "Qərar qəbul edildikdə bu barədə KİV-ə məlumat veriləcək".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Magistratura və doktorantura şöbəsinin rəhbəri Zöhrab Xəlilov deyib ki, universitetlərində ödənişli imtahan yoxdur: "Bu günə kimi bizdə heç vaxt ödənişli imtahan olmayıb. İmtahanlar oktyabr ayında olacaq. O vaxta kimi hansı qanunlar qəbul ediləcək, bilmirəm. Hələ ki, belə bir məsələ gündəmdə deyil".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramovun sözlərinə görə, gələcəkdə Nazirlər Kabineti, Təhsil Nazirliyi ümumi rəyə gələrsə və Tarif Şurası qərar qəbul edərsə, doktorantura pullu ola bilər: "Amma indiki vəziyyətdə doktoranturaya qəbul imtahanları pulsuzdur".

Bakı Mühəndislik Universitetinin (BMU) mətbuat xidmətinin rəhbəri Rəcəb Rza məsələni belə şərh edib: "Universitet yeni yaranıb. Bu haqda hələlik konkret bir qanun yoxdur. Tezliklə Elmi Şurada toplantı olacaq və orada bu məsələyə də baxılacağı gözlənilir".

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova qeyd edib ki, təhsilin doktorantura pilləsinə qəbul universitet daxilində həyata keçirildiyinə görə, Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi pullu imtahan prosesinin bu prosesə aidiyyəti yoxdur: "BDU-da Doktoranturaya qəbul imtahanları pulsuz həyata keçirilir. Gələcəkdə maddi problem yaranarsa, bu məsələyə baxılacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNEC-də doktoranturaya qəbulun ödənişli olması müzakirə edilməyib.

Əlaqədar

9-cu sinif şagirdləri buraxılış imtahanı verib
Buraxılış imtahanlarının tarixi məlum oldu
İmtahan prosesini cəmiyyətə etibar edən universitet
Dövlət İmtahan Mərkəzinin nümayəndəsi: "Monitorinqin nəticələri ürəkaçan deyil"
Deputatlar dil imtahanından keçəcək: Kim onu verə biləcək, kim yox?
Müəllimlərin imtahanı ilə bağlı böyük qalmaqal
Teqlər:
Tarif (qiymət) Şurası, DİM, qəbul imtahanları, doktorant, Sputnik Azərbaycan, Dövlət İmtahan Mərkəzi, universitet, doktorantura, tələbə, Azərbaycan

Əsas mövzular