21:27 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Tələbələr, arxiv şəkli

Məmur övladlarına xaricdə təhsil almaq qadağan edilməlidir?!

© AZƏRTAC REPORT
ELM
Qısa URL
183910

Rəhman Yansukov: "Xaricdə təhsil ölkədə əsl milli idarəedici elitanın formalaşmasının qarşısını alır, kadrların beyinlərinin yuyulmasına səbəb olur, sosial bərabərsizlik yaradır, hakim sinfi xalqdan ayırır"

BAKI, 20 yan-Sputnik. Xaricdə təhsil bu gün bütün postsovet ölkələrində olduğu kimi Azərbaycanda da populyardır. Amma xaricdə təhsil sıravi azərbaycanlılar üçün bahalı və bir çox hallarda əlçatmazdır. Məlumdur ki, xaricdə təhsil alan azərbaycanlıların əksəriyyəti ya dövlətdə önəmli vəzifə tutan şəxslərin uşaqlarıdır, ya da maddi cəhətdən imkanlı ailələrin. Amma o da faktdır ki, Azərbaycanda geniş maddi imkanlara malik olmaq üçün bir şəkildə yüksək vəzifə tutmuş şəxslərlə qohumluq, dostluq, tanışlıq əlaqələrin olmalıdır.

Hər il Azərbaycandan milyonlarla vəsait təhsil almaq adı ilə xaricə axır. Mütəxəssislər o fikirdədirlər ki, uşaqlarını xaricdə təhsilə yönəldənlər haradasa haqlıdırlar. Çünki Azərbaycan təhsili müasir dünyanın tələblərinə cavab vermir. Bu gün Azərbaycan üçün təhsil problemi Qarabağ problemi qədər həlli vacib və təxirəsalınmazdır. 

Amma ölkədə təhsillə bağlı ciddi fikir ayrılıqları var. Məsələn, əhalinin ictimai-siyasi cəhətdən fəal olan təbəqəsi o fikirdədir ki, Azərbaycanın siyasi elitası öz uşaqlarına xaricdə təhsil verdiyindən, ölkə təhsilinin inkişafı onun üçün maraqlı deyil. Bir qisim isə fikirləşir ki, ölkədə təhsil islahatları lazımi səviyyədə aparılmır, çünki bunu bacaracaq kadrlar yoxdur. Üçüncülər düşünür ki, təhsilə dövlət tərəfindən ayrılan vəsaitlər korrupsiyaya məruz qalır. Dördüncülər ölkə təhsilini inkişaf etdirməyin yolunu pullu təhsil sisteminə keçiddə görürlər. Lakin bütün bu müzakirələr yenə də ölkənin təhsil problemini çözmək istiqamətində ip ucları vermir. Və bütün baxışlar yenidən xarici təhsil ocaqlarına istiqamətlənir.

Ötən ilin sonlarında Rusiya Dövlət Dumasına növbəti dəfə dövlət idarələrində işləyən məmurların övladlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi daxil olub. Sənəd Dumanın qanunvericilik bazasında qeydiyyata alınıb. Bu sənəd “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əlavə kimi nəzərdə tutulub.  

Kasıb və varlı üçün təhsil imkanları
© Karikatura
Kasıb və varlı üçün təhsil imkanları

“Layihə öz uşaqlarını xaricdə oxudan valideyn-məmurlara, dövlət şirkətlərinin və korporasiyalarının top-menecerlərinə istiqamətlənib. Bu, ölkədə əsl milli idarəedici elitanın formalaşmasının qarşısını alır, kadrların beyinlərinin yuyulmasına səbəb olur, Rusiyada sosial bərabərsizlik yaradır, hakim sinfi xalqdan ayırır” – qanun layihəsi ilə bağlı izahatda bildirilir. 

Layihənin müəllifi, RFKP-dən olan deputat Valeri Raşkin qeyd edib ki, bu qadağa məmurlara ölkədə təhsilin keyfiyyətinin artırılması üçün stimul verəcək. 

Analoji qanun layihəsi Rusiya Dumasının aşağı palatasına hələ ötən ilin avqustunda daxil olmuşdu. O təşəbbüsün müəllifi,  “Avanti” vətənpərvər biznesin inkişafı üzrə Sahibkarlar Assosiasiyasının prezidenti Rəhman Yansukovun izahına görə, istənilən rusiyalı yeniyetmə xarici xüsusi xidmətlərin nəzarət obyekti ola bilər: “Ona görə də, məmur uşaqlarına xaricdə təhsil qadağan edilməlidir. Uşağının xaricdə oxumasını istəyənlər, vəzifədən istefa verərək bu arzularını reallaşdıra bilərlər. Ya Rusiyada vəzifə, ya da xaricdə təhsil”.

Bəs Azərbaycanda məmur övladlarının xaricdə təhsil almasını qadağan edən addıma ehtiyac varmı?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a verdiyi açıqlamada deyib ki, Rusiyanın bu addımı populist xarakter daşıyır. 

“Müasir Rusiya təhsili dünyada qabaqcıl sıralarda yer almır. Bunu imperiya təkəbbürü ilə edirlər ki, bütün sahələrdə Qərblə rəqabət gücündə olduqlarını sübut etsinlər. Azərbaycanda isə belə bir addımın atılması təhsilimizin daha da ölü vəziyyətə salınmasına gətirib çıxarar. Çünki bizim indiki resurslarla Qərbin təhsilinə qarşı hansısa alternativ yaratmaq imkanımız yoxdur. Hər bir halda mən bunun  əleyhinəyəm və qətiyyən inkişaf etmiş ölkələrdəki təhsildən qorxmaq lazım deyil” – millət vəkili bildirib. 

Bununla belə, Fazil Mustafa deyib ki, Ukrayna və başqa yerlərdəki zəif təhsil dalınca getmək məsələsini isə  düşünmək lazımdır: “Düşünməliyik, necə edək ki, pulumuz həmin ölkələrin büdcəsinə getməsin.”

Millət vəkili Zahid Oruc isə o fikirdədir ki, Rusiya Dumasındakı layihə müəllifləri təşəbbüslərini böyük ideallarla bağlasalar da, dünyada təhsil məkanı sərhədsiz olaraq qalmaqda davam edir. O üzdən qanun layihəsinin siyasi konteksti daha çox qabarıb üzə çıxır. Qərbin sanksiyaları fonunda Rusiya siyasi elitası aktiv bir şəkildə cavab tədbirləri həyata keçirir. Görünür, təhsil ictimaiyyəti də prosesdən kənarda qalmaq istəmir və Avropa ilə savaşda Putinin səngərində yer aldıqlarını göstərməyə çalışırlar. 

Deputat hesab edir ki, təhsil hüququ heç bir vəchlə məhdudlaşdırıla bilməz. 

“Məmur övladı olmaq xüsusi yasaqlara gətirib çıxarsa, nəticədə övladları ilə üzə-üzə qoyulan böyük məmur kütləsi yaranacaq. Digər tərəfdən, casus ovu təkcə intellektuallar arasında deyil, bütün təbəqələr arasında aparılır. Buna görə də, hamını sərhədlərin içərisinə yığaraq kəşfiyyat təhlükəsindən qorunmaq mümkün deyil” – Zahid Oruc bildirib. 

O qeyd edib ki, qadağa qoymaq yox, ölkədə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün alternativ proqramları işə salmaq lazımdır.  

Deputat xaricdə təhsil proqramını milli universitetlərə inamsızlıq ideologiyası ilə əlaqələndirməyi də düzgün saymır. “Qabaqcıl beyinlərə qoyulan investisiyalar heç zaman itmir. Kim istəməz ki, Azərbaycanın elmi müəssisələri aparıcı elmi ixtiralara, təcrübi tətbiqə və digər parametrlərə görə öndə olsun? Bir əsr əvvəl mütəfəkkirlərimizin Qori seminariyasına yolunu bağlasaydılar, təsəvvürə gətirmək mümkün deyil, Cümhuriyyət ideallarını daşımağa hazır olan məhdud saylı intellektuallarımız haradan tapılardı. Ona görə Azərbaycanın dünyaya açılması üçün həyata keçirilən istənilən proqrama mən yalnız tərəfdar olmağa üstünlük verirəm. Xalqın natamamlıq kompleksini yaradan başqa amillərdir” – Zahid Oruc əlavə edib.

Əsas mövzular