20:42 17 Oktyabr 2017
Canlı yayım
İmtahan prosesi

Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur

© Sputnik / Rahim Muradov
ELM
Qısa URL
63820

"Ali məktəblər boşuna fəaliyyət göstərirsə, dövlət niyə onları saxlamalıdır?"

BAKI, 23 dek — Sputnik. Azərbaycanda ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə qəbulla bağlı yeni qaydalar hazırlanacaq. Belə ki, ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı olmayacaq.

Bu, prezident İlham Əliyevin "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 21 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb. İndiyə qədər "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını Nazirlər Kabineti müəyyənləşdirib. Azərbaycan prezidentinin 21 dekabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın və Nazirlər Kabinetinin bu sahədə səlahiyyətləri ləğv edilib.

Digər dəyişiklik ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə daxil olan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydaları ilə bağlıdır. Qəbul qaydalarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlər hazırda TQDK-nın funksiyasını yerinə yetirən Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə verilib. Nazirlər Kabinetinə bir ay ərzində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması və ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Sözügedən yeniliyi Sputnik-ə şərh edən təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun sözlərinə görə, təhsil ocaqlarına qəbulun plan əsasında olması Sovet dövründən qalma ənənədir: "Bir fakta nəzər yetirək. Görək, bizim hər il ali məktəbi bitirmiş tələbələrimizin neçə faizi işlə təmin olunur? Onda baxıb görərik ki, dövlət ali təhsilə ayırdığı pulu havaya sovurmuş olub. O nöqteyi-nəzərdən hesab edirəm ki, mövcud dəyişikliklər qanunauyğundur və bu dəyişiklikləri bu gün yox, bir neçə il bundan qabaq etmək lazım idi".

"Ümumiyyətlə, qəbul üçün plan olmamalıdır. Qəbulun ən yaxşı qaydası odur ki, təhsil bazarı dolu olsun. Əmək bazarımız təhsil bazarından gedən kadrlarla təmin olunsun. Əmək bazarında da insanlar öz seçimlərini etsinlər. Yəni, istədiyi, bacaran kadrı oradan seçsinlər. Deməzdim ki, əmək bazarında 100 faiz ədalətli seçim olacaq. Çünki, orada da qohumbazlıq və s. var. Hər halda, əmək bazarı 70-80 faiz bunun öhdəsindən gəlir", — ekspert bildirib.

"Amma belə çıxır ki, bizim ali məktəblər boşuna fəaliyyət göstərir. Belə olduğu halda, dövlət niyə onları saxlamalıdır, maliyyələşdirməlidir? Ona görə də qəbul planı ləğv olunmalıdır. Amma konkret kadr hazırlayan ali məktəblər mütləq fəaliyyət göstərməlidir. Həmin ali məktəblərin də buraxdığı kadrlar istehsalatda çalışmalıdır", — Qulamoğlu əlavə edib.

Ekspert Fərmandakı digər dəyişikliyə də diqqət çəkib: "Yeni dəyişikliklə 2.2-1-ci bənd ləğv edilib. Həmin bəndə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyası, məhz qəbul planını həyata keçirir. Ümumiyyətlə, yaxşı olardı ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyası ləğv edilsin. Çünki, bu, artıq qurumdur. Əgər Təhsil Nazirliyi varsa, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyası nə üçündür? Bu, bəyəm ikinci Təhsil Nazirliyidir?".

Azərbaycan Təhsil Şurasının (ATŞ) sədri, professor Əjdər Ağayev də Sputnik-ə açıqlamasında, sözügedən dəyişikliyi bazar iqtisadiyyatı dövründə müsbət yanaşma adlandırıb: "Bu, ona görə yaxşıdır ki, orta məktəbi bitirənlər seçdikləri ixtisas üzrə ali məktəblərə qəbul ola bilsinlər. Burada əsas qüvvə universitetin təlim səviyyəsi və tələbkarlıqdır".

"Bu addım faydalı olacaq. Gənclər bir az stressdən uzaqlaşacaqlar. Çünki, qəbul olacaqlar, amma təhsil almaq məsuliyyəti də onların üzərindədir. İstər ödəniş baxımından, istər təlim-tədris baxımından, bunu məqsədəuyğun hesab edirəm. Bazar iqtisadiyyatında bu cür planlaşmaya ehtiyac yoxdur. Hər şey o qədər sürətlə inkişaf edir ki, o plan özünü doğrultmaya bilər. Amma layihələndirmə, xəritələndirmə özünü doğruldur", — Ağayev bildirib.

Qəbul qaydalarına gəlincə, ekspert ali məktəbə qəbulun sırf test yolu ilə keçirilməsinin tamamilə əleyhinədir: "Test uşaqları birtərəfli hazırlayır, məzunlar dünyagörüşünə malik olmurlar. İstərdim ki, qəbulda müsahibə olsun və yaxud yüngül bir yoxlamadan keçirilərək qəbul edilsin".

Əlaqədar

Sınaq imtahanlarının da qiyməti qaldırıldı
Azərbaycanda aşağı siniflərdə də imtahanlar keçirilə bilər
Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək
Qəbul imtahanlarının nəticələrinə görə müsbət dinamika müşahidə olunur
Qəbul imtahanlarının nəticələri ekspertlərin gözü ilə
Teqlər:
universitet, qəbul, test, imtahan, peşə, ixtisas, orta, ali

Əsas mövzular