18:03 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
79 0 0

Müəllimlərin işə qəbulu imtahanında təqdim olunan vakant yerlərin sayı müəllim olmaq istəyənlərin sayından qat-qat azdır

BAKI, 28 iyul — Sputnik. Azərbaycanda pedaqoji təhsili olan böyük bir "işsizlər ordusu" var. Hər il bu ixtisası bitirən məzunların sayı artsa da, onların çox cüzi hissəsi müəllim kimi fəaliyyət göstərə bilir. Yerdə qalanlar isə, illərlə iş axtarmalı olur, yaxud da ən yaxşı halda hansısa hazırlıq kurslarında müvəqqəti "başlarını girələyirlər".

Sputnik-ə müraciət edən Nərgiz Əliyeva da pedaqoji təhsilli işsiz "müəllim"lərdən biridir. Beş ildir Dillər Universitetini bitirsə də, yaşadığı Ağstafa rayonunda ixtisasına uyğun iş tapa bilmir. Yəni, rayonda, hətta yaxın rayonlarda hansısa orta məktəbdə ingilis dili müəllimi üçün vakansiya verilmir.

"Müəllimlərin işə qəbulu imtahanında iki dəfə iştirak etmişəm. İkisində də yüksək nəticə əldə etmişəm. Amma, hələ də vakansiya gözləyə-gözləyə qalmışam. Cəmi bir dəfə 1 illik müqavilə əsasında bir kənd məktəbində çalışdım, sonra da onu da dayandırdılar", — deyir Nərgiz.

O, təhsil aldığı illərə (4 il bakalavr, 2 il magistr) və həmin illərdə çəkdiyi zəhmətə çox heyfslənir: "Peşəmi çox sevirəm, ali məktəbin hər iki pilləsini də "Fərqlənmə diplomu" ilə bitirmişəm. Lakin nə fayda?! Harda işləyim? Potensialımı harada reallaşdırım? İş tapa bilməyəcəkdimsə, 11 il orta, 6 il də ali təhsil almaq mənə lazım idimi?".

Məsələni Sputnik-ə şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məzunlara təqdim olunan vakant yerlərin sayı həmin məzunların sayından qat-qat azdır: "Qəbul imtahanlarında plan yeri əmək bazarına uyğunlaşdırılıb həyata keçirilməlidir. Amma bizdə bunu nəzərə alan yoxdur. Bu yaxınlarda keçiriləcək imtahanlara 31 min namizəd sənəd təqdim edib. Amma vakant yerlərin sayı heç 3 min deyil".

"Çox sayda işsiz müəllim olduğu halda, yenə də müəllimlik ixtisasına qəbul aparılır. Bu da işsizlərin sayını çoxaltmaqdan başqa bir şey deyil", — K. Əsədov bildirib.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə hesab edir ki, müəllimlik peşəsində coğrafi məhdudiyyət olmamalıdır. "Kim müəllim işləmək istəyirsə, harda iş varsa, ora getməlidir", — o, Sputnik-ə açıqlamasında deyib.

"Əsas yerlər kənddə, dağlıq yerlərdədir. Belə yerlərdə güzəştlər edilir və əmək haqqı şəhərdən fərqli olaraq daha çoxdur. Əksəriyyət bununla razılaşmır, hamı öz evinə yaxın yerdə işləmək istəyir və buna görə nazirliyi günahlandırır. Bu, doğru deyil", — Ə. Ağayev vurğulayıb.

Ekspertin sözlərinə görə, əvvəllər kimisə tam ştatlı müəllim kimi işə götürmək üçün, həmin məktəbdə 12 saat əlavə dərs olmalı idi: "İndi bu limit 18 saatdır. Bu qərarın verilməsində məqsəd də ondan ibarətdir ki, müəllim daha çox saat qarşılığında daha çox maaş alsın".

Mövzu ilə əlaqədar son iki gündə Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimizin hamısı boşa çıxdı.

Əlaqədar

Rayonlarda İnformatikanı tədris edən müəllimlər kompüterdən istifadəni bacarmırlar
Təhsil Nazirliyi müəllimlərin maaşının kəsilməsinə münasibət bildirdi
Prezident müəllimlərin maaşını artırdı
"Qabaqcıl müəllim o müəllimdir ki, innovasiyaları mənimsəməklə başqalarından fərqlənir"
Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarılıb
Müəllimlər İnstitutu ADPU-ya birləşdirilib
Teqlər:
Təhsil Nazirliyi, Əjdər Ağayev, Kamran Əsədov, Dillər Universiteti, imtahan, müəllim, "işsizlər ordusu", pedaqoji təhsil

Əsas mövzular