04:55 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Orta məktəbdə informatika dərsi. Arxiv şəkli

Rayonlarda İnformatikanı tədris edən müəllimlər kompüterdən istifadəni bacarmırlar

© Foto : Nəcəf Nəcəfli/xeberler.az
ELM
Qısa URL
502260

Müəllimlərin kompüterdən anlayışı yoxdur, uşaqlar isə yeni texnologiyaları onlardan çox bilirlər. Müəllim uşaqdan az bildiyinə görə, kompüter otaqlarını uşaqların üzünə bağlayır.

BAKI, 8 iyun-Sputnik. "İnformasiya-kommunikasiya texnologiyaları təhsilin keyfiyyətinə təsir etməklə iqtisadi inkişafın katalizatoru ola bilər. Bu gün ölkəmizdə təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, təəssüf ki, ciddi problemlər yaşanmaqdadır".

Vəfa Vəliyeva - təhsil məsələləri üzrə ekspert
Sputnik/Pəri Abbaslı
Vəfa Vəliyeva - təhsil məsələləri üzrə ekspert

Bu sözləri, İKT-nin Azərbaycanın ümumtəhsil məktəblərində tətbiqinin və öyrədilməsinin vəziyyətini Sputnik-ə şərh edən təhsil məsələləri üzrə ekspert, Xəzər Universiteti Dünya məktəbinin İT üzrə mütəxəssisi Vəfa Vəliyeva deyib. O, qeyd edib ki, hazırda bütün dünyada İKT-nin təhsilə tətbiqinin gündəmə gəlməsi ilə pedaqoji heyətin, ümumtəhsil müəssisələrinin rəhbərlərinin əlavə təhsilə cəlbi aktual məsələyə çevrilib.

"Düzdür, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin rəhbərləri üçün əlavə təhsilin istiqamətlərindən biri olan ixtisasartırmanın yeni model əsasında reallaşdırılmasına başlanılıb. Lakin İKT-nin məktəblərdə tətbiqində ciddi problemlər qalmaqdadır", — deyən ekspert bildirib.

O, mövcud problemləri belə sıralayıb: "Maliyyə çatışmazlığı; kompüter biliklərini öyrənməyə əlavə vaxt və enerji sərf etdiklərinə görə müəllimlərin əməyini stimullaşdıran sistemin olmaması; məktəblərdə İKT-dən istifadənin üstünlükləri və imkanları ilə bağlı maarifləndirmə işinin yetərincə olmaması, mövcud olan İKT-dən, o cümlədən kompüter və internetdən səmərəli istifadə edilməməsi; ana dilimizdə konkret fənn sahəsində İKT-dən istifadə edilməsi üzrə metodikanın olmaması, elektron tədris vəsaitlərinin hazırlanması işinin ləng getməsi; bir çox müəllimlərin kompüterdən dərsin gedişinə kömək etmək məqsədilə deyil, yalnız görüntü xatirinə istifadə etməsi; kompüterdən çox istifadə edilməsi nəticəsində, bir sıra müəllimlərin öz avtoritetlərinin aşağı düşəcəyindən qorxması və bu səbəbdən onun əleyhinə olması; uşaqların çoxunun, xüsusən yuxarı sinif şagirdlərinin kompüterdən istifadə bacarıqlarının müəllimlərdən üstün olmasının dərs prosesində müəllimlər üçün diskomfort yaratması; xüsusilə yaşlı müəllim heyətinin kompüterdə işləməyə az meylli olması".

Vəfa Vəliyeva İKT üzrə təhsilin keyfiyyətini artırmaq üçün məktəblərdə görülməsi vacib olan məsələlərə də toxunub. O, qeyd edib ki, ölkədə və məktəbdə İKT ilə bağlı mövcud vəziyyətin monitorinqi, texniki təchizatın, pedaqoji heyət arasında İKT üzrə məlumatlılığının, savadlılığının, təcrübə səviyyəsinin müəyyənləşdirilməsi, məktəbin informasiyalaşdırılması istiqamətinin dəqiqləşdirilməsinə ehtiyac var.

"Məktəbdə lokal, həmçinin internetə qoşulan qlobal şəbəkənin qurulması, multimedia mərkəzlərinin yaradılması da önəmlidir. İKT sahəsində yüksək biliyi və bu sahədə layihədə nəzərdə tutulan metodiki köməklikləri etmək bacarığı olan, həmçinin İKT avadanlığının sazlığına cavabdeh olan işçilərin məktəblərdə olması vacibdir. Şagirdlərə dərsdənkənar vaxtlarda İKT-dən istifadə üçün şərait yaradılmalıdır", — mütəxəssis vurğulayıb.

V.Vəliyeva sözügedən problemlərin həllindən əldə olunacaq nəticələri də qeyd edib: "Multimedia vasitələri, kompüter öyrədici proqramlar və ya avtomatlaşdırılmış öyrədici sistemlər şagirdlərin müstəqil idrak fəaliyyətini səmərəli təşkil etməyə imkan verəcək. İnteraktiv rejimdə deyilən dərslər tədrisin canlanmasına xidmət etməklə təhsilin motivasiyasını daha da yüksəldəcək. Müəllim dərsi başa salmaq üçün lövhədə tabaşirlə yazmaq, şəkil çəkmək və ya plakatlar asıb-çıxarmaq kimi yorucu işdən azad olacaq, əvəzində kompüterdə hazırladığı təqdimat vasitəsilə dərsi uşaqlar üçün daha cəlbedici, maraqlı, rəngarəng və başa düşülən formada izah edə biləcək".

Ekspert İKT-nin müəllimlər üçün faydalarını da qeyd edib: "Bu, şagirdlərlə ünsiyyətdə rahatlığı və hər bir şagirdlə maksimum çox işləməyi təmin edəcək. Üstəlik eyni dərs prosesində müxtəlif hazırlıqlı uşaqlara fərqli yanaşmaya və adaptasiyalı öyrətmə sisteminin tətbiqinə imkan verəcək".

V. Vəliyeva qeyd edib ki, məktəblərdə ixtisaslı kadrlardan ibarət İKT üzrə direktor müavinlərinin olması vacibdir: "Bu problemlər təhsildə sürətlə inkişaf edən İKT sahəsindəki boşluqdan xəbər verir. Xüsusən də rayonlarda çox acınacaqlı haldır ki, informatikanı tədris edən müəllimlərin belə, İKT bacarıqları olduqca aşağıdır və demək olar ki, heç yoxdur. Məktəblərdə az-çox kompüterlər var, amma təəssüf ki, elə bacarıqsızlıq üzündən xarab olaraq sıradan çıxırlar. Ona görə də hesab edirəm ki, məktəblərdə İKT üzrə direktor müavinlərinin olması zəruridir. Ən azından bu sahəyə nəzarəti təmin etmək üçün o kadrlara ehtiyac var".

Ekspert hazırda çalışdığı Xəzər Universiteti Dünya məktəbində sadaladığı problemlərin həllini tapdığını bildirib. "Şagirdlərimizin qurduğu layihələrlə biz bütun müsabiqələrdə iştirak edirik. Məktəb daxilində ildə 2 dəfə olmaqla "kiçik elmi işlər" musabiqəsi təşkil edirik. Bütun fənnlərdən hazirlanan təqdimatlar juri və sagirdlər tərəfindən cox maraqla qarşılanır. Təqdimatin nəticələrinə görə mükafatlandırma olur. Bu isə şagirdlərdə gələcəkdə özlərini daha da inkişaf etdirməyə stimul yaradır. Düşünürəm ki, bu qəbildən olan sistem dövlət məktəblərinə də tətbiq edilməlidir".

Əlaqədar

"Qloballaşma dövründə milli özünəməxsusluğun qorunması elmdən keçir"
“Vaxt var idi təhsilə görə qızları öldürürdülər”
"Bu qərar təhsildə fasiləsizliyi təmin edəcək"
"12-13 faizlə təhsil kreditlərinin alınması əlverişli olmaz"
Təhsil Şurası: Tədris həftəsinin artırılmasının təhsilin keyfiyyətinə təsiri yoxdur
Azərbaycan təhsilində yeni dövr başlayır
Teqlər:
Vəfa Vəliyeva, Xəzər Universiteti Dünya məktəbi, İnformasiya-kommunikasiya texnologiyaları, şagird, təhsil, məktəb, kompüter, müəllim

Əsas mövzular