01:04 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
497 0 0

"Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2016-cı ilin aprel ayında İmişli Rayon Təhsil Şöbəsində aparılan yoxlama nəticəsində qeyd olunan nöqsan aşkar olunub"

BAKI, 15 apr — Sputnik. "İmişli Rayon Təhsil Şöbəsindən daxil olan məlumata əsasən bildiririk ki, rayonun ümumi təhsil müəssisələrində çalışan müəllimlərə 2013-cü ilin avqust ayında 2 gün artıq əməkhaqqı ödənilib. Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2016-cı ilin aprel ayında İmişli Rayon Təhsil Şöbəsində aparılan yoxlama nəticəsində qeyd olunan nöqsan aşkar olunub".

Bu fikirlər, İmişli rayonunda müəllimlərin maaşlarından 2 günlüyün tutulması ilə bağlı, Sputnik-in göndərdiyi sorğuya Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olan cavabda əksini tapır. Nazirlik bildirir ki, qeyd olunan məsələ rayonun ümumi təhsil müəssisələrinin pedaqoji şuralarında müzakirə olunub və müəllimlərin razılığı ilə onlara artıq ödənilmiş əməkhaqqının aprel ayının əməkhaqqından tutulması barədə məktəblərin pedaqoji şuralarında qərar qəbul edilib.

Qeyd edək ki, İmişli rayonu, Sarıxanlı kəndi 1 saylı tam orta məktəbin müəllimlərinin maaşları kəsilib. Bu barədə sözügedən məktəbdən Sputnik-ə məlumat daxil olub. Şikayət məktubunda qeyd olunur ki, 2013-cü ilin avqustunda İmişli rayonun kənd məktəblərində çalışan müəllimlərə 2 gün əlavə məvacib yazılıb.

"Lakin bu il qərar qəbul edilib ki, həmin 2 günlük əlavə məvacib, 2016-cı ilin aprel ayında müəllimlərə veriləcək maaşdan çıxılsın. Axı bizə verilən əlavə iki günlük maaşdan 3 il keçir. Niyə mühasibin və məktəb direktorunun səhvini biz müəllimlər ödəməliyik? Və bu hansı qanuna, məntiqə uyğundur?", —deyə məktubda vurğulanır.

İmişli rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov Sputnik-ə açıqlamasında, müəllimlərin aprel ayı üzrə maaşlarından iki günlüyün tutulmasını təsdiqləyib: "Mühasib səhv edib və müəllimlər 2 gün əlavə əmək haqqı alıblar. Sonrakı illər iki gün əlavə maaş müəllimlərdən tutulmayıb. Yoxlamanın nəticəsində bildirildi ki, həmin pullar qaytarılmalıdır. Hal-hazırda müəllimlərin məvacibləri artırılıb, onlar da əlavə verilmiş iki günün pulunu dövlətə qaytarmalıdırlar".

Məsələ ilə bağlı Hesablama Palatasına göndərdiyimiz sorğuya, Palatanın aparat rəhbəri Məhəmmədəli Süleymanovun imzası ilə cavab məktubu daxil olub. "Bildiririk ki, Azərbaycan Respublikası Hesablama Palatasının İş planına uyğun İmişli rayon Təhsil şöbəsində aparılan audit başa çatmayıb və nəticələri ilə bağlı Hesablama Palatasının Kollegiyası tərəfindən qərar qəbul edilməyib. Auditin gedişində aşkar olunmuş nöqsanların günahkar şəxslər tərəfindən aradan qaldırılması barədə qərar audit olunan qurum tərəfindən qəbul olunub. Eyni zamanda diqqətə çatdırırıq ki, Azərbaycan Respublikasının Hesablama Palatası başa çatmış və müvafiq qərarlar qəbul edilib, nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatı rəsmi internet səhifəsində mütəmadi olaraq yerləşdirir", —deyə məktubda bildirilir.

Əlaqədar

Prezident müəllimlərin maaşını artırdı
"Qabaqcıl müəllim o müəllimdir ki, innovasiyaları mənimsəməklə başqalarından fərqlənir"
Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarılıb
Ekspert: Müəllimin dar şalvarda olması tədrisə mənfi təsir edir
Beyləqanda müəllimə küt alətlə öldürülüb
İş yerini dəyişən müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
Teqlər:
İmişli Rayon Təhsil Şöbəsi, maaş, Hesablama Palatası, Təhsil Nazirliyi, müəllim

Əsas mövzular