20:34 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
RUSİYA
Qısa URL
707 0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə SQ hərbi bazasının yaradılmasından söhbət gedə biləcəyini deyib.

BAKI, 18 iyun - Sputnik. NATO ölkələrinin hərbi infrastrukturlarının Rusiya sərhədləri yanında qurulması Moskvanın xüsusi diqqəti üçün səbəb olacaq. 

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Bununla o, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsi imkanını şərh edib.

"İstənilən halda Alyansa üzv olan ölkələrin hərbi infrastruktur obyektlərinin bizim sərhədlərimizin yaxınlığında yerləşdirilməsi bizim xüsusi diqqətimizə, eləcə də bizim təhlükəsizliyimizi və maraqlarımızı təmin edən sonrakı addımlarımıza əsas verir", - Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu məsələni Rusiya diqqətdə saxlayır.

"Biz Qafqazda vəziyyətin stabilləşdirilməsi məsələsində Türkiyə Respublikası ilə qarşılıqlı fəaliyyətdəyik. Biz Ankara, Bakı, Yerevanla sıx təmasdayıq və hesab edirik ki, istənilən addımlar Qafqazda vəziyyətin sonrakı sabitləşməsinə, infrastrukturun, logistikanın inkişafına, ümumiyyətlə vəziyyətin düzəlməsinə xidmət etməli, gərginliyin artmasına səbəb olan hansısa elementləri ehtiva etməməlidir", - Putinin sözçüsü əlavə edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasının mümkünlüyü barədə məlumatları şərh etməkdən imtina edərək onları şayiə adlandırıb.

"Biz bu məsələni müzakirə etməmişik, biz şayiələri şərh etmirik", - deyə Lavrov Belarusdan olan həmkarı Vladimir Makeylə görüşün yekunlarına dair mətbuat konfransında müvafiq sualı cavablandırarkən bildirib.

Türkiyənin Azərbaycanda hərbi bazaları 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə SQ hərbi bazasının yaradılmasından söhbət gedə biləcəyini deyib.

"Bu, (bazanın yaradılması - red.)  bəyannamənin çərçivəsindən kənara çıxmır. Bu məsələnin inkişafı mümkündür. Bu mövzu Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin məsləhətləşmələrində müzakirə edilə bilər. Və bizim danışıqlarımızda da o, özünəməxsus şəkildə reallaşdırıla bilər", - Azərbaycanda Türkiyə bazasının yaradılması barədə sualı cavablandırarkən Türkiyə lideri söyləyib.

Çərşənbə axşamı Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa bəyannaməsində qeyd olunur ki, üçüncü ölkənin təhlükəsi və ya təcavüzü halında hər iki ölkə birgə fəaliyyət göstərəcək. Eləcə də vurğulanır ki: "tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir dövrün tələblərinə uyğun olaraq modernləşdirilməsində birgə səylərini davam etdirəcəklər".

Bakıdakı ekspertlər isə AR Hərbi Doktrinasında üçüncü ölkələrin hərbi bazalarının ölkə ərazisində yaradılmasını nəzərdə tutmadığını, ancaq orada buna müvafiq bəndin olduğunu bildirirlər: 

"Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə icazə vermir, ancaq iştirakçısı olduğu beynəlxalq müqavilələrin nəzərdə tutduğu hallar istisnadır. Eyni zamanda, hərbi-siyasi vəziyyət kökündən dəyişərsə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazanın müvəqqəti yerləşdirilməsinə və ya xarici hərbi iştirakın başqa bir formasına icazə vermək hüququnu özündə saxlayır", - sənədin 29-cu bəndində deyilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də ölkə ərazisində üç Türkiyə hərbi bazasının yaradılması barədə şayiələri təkzib etmişdi. 

Əsas mövzular