01:34 08 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
RUSİYA
Qısa URL
58 0 0

"Abrams"-ın son modifikasiyası olan M1A2 SEP V3-ün ağırlığı 68 tona yaxınlaşır ki, bu da Almaniyanın II Dünya müharibəsində istifadə etdiyi "Tiger" II ilə müqayisə oluna bilər. Pentaqon mütəxəssislərinin fikrincə, bu amil tankların istismarını xeyli çətinləşdirir.

BAKI, 4 fevral — Sputnik, Andrey Kots. Pentaqon həyəcan təbili çalır: Amerika ordusunun əsas zərbə qüvvəsi olan məşhur "Abrams" tankları Rusiya ilə hərbi münaqişəyə hazır deyil. Belə məlum olub ki, həmin tankların son modifikasiyası Şərqi Avropadakı döyüş əməliyyatlarında işə yaramır. Bəs bu tankların problemi nədədir? Sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Çəkisi çox ağırdır

M1 "Abrams" artıq 40 ildən çoxdur ki, ABŞ-ın Quru Qoşunlarında istifadə olunur. 1980-ci ildən bəri bu tanklardan on min ədəd istehsal edilib ki, onların da 6 mindən çoxu hazırda istifadədədir. "Abrams" İraq, Əfqanıstan və Yəməndəki döyüşlərdə sınaqdan çıxıb – zirehi düşmənin tank əleyhinə vasitələrini dəf etməyə qadirdir, artilleriya gücü isə istənilən hədəfi məhv etməyə imkan verir. "Abrams"lar bir neçə dəfə modernləşdirilib. Zireh tədricən gücləndirilib, dizaynda yeni həllər tətbiq olunub və gövdə avadanlığı yaxşılaşdırılıb. Bununla belə, tanklar nəzərəçarpacaq dərəcədə ağırdır. Ötən yaydan etibarən istismara verilən "Abrams"ların son modifikasiyası olan M1A2 SEP V3-ün ağırlığı 68 tona yaxınlaşır ki, bu da Almaniyanın II Dünya müharibəsində istifadə etdiyi "Tiger" II ilə müqayisə oluna bilər. Pentaqon mütəxəssislərinin fikrincə, bu amil tankların istismarını bir xeyli çətinləşdirir.

"Abrams" M1A2 SEP V3-ün modernləşdirilməsi proqramı şübhə doğurur. Tankın ağırlığının əhəmiyyətli dərəcədə artırılması onun mobilliyini azaldır. M1A2 SEP V3-lər taktiki körpülərə tab gətirmir, onları döyüş-evakuasiya maşınları və hətta ağır ordu nəqliyyat vasitələri belə daşıya bilmir", – deyə Amerika İstismar Sınaqları və Qiymətləndirilməsi İdarəsinin (Operational test and evaluation) bu yaxınlarda yaydığı hesabatda bildirilir.

Qabarit məsələsi

Amerikalı analitiklərin fikrincə, bütün bunlar "Abrams"ın Avropada, xüsusən də Şərq cinahında imkanlarını məhdudlaşdırır. Mütəxəssislər yerli körpülərin və yolların bu qədər ağır texnika üçün nəzərdə tutulmadığına diqqət çəkirlər. Rusiya ilə genişmiqyaslı müharibə vəziyyətində tank briqadalarının döyüş qrupları geniş məkanları tez bir zamanda keçməli olacaq. Ancaq bu cür ağır zirehli texnikanın daşınması Pentaqon strateqləri üçün maneə yarada bilər.

İndi "Abrams"lar ağırlıq baxımından yalnız Almaniyanın "Leopard" 2A7 tankından  (68,5 ton) geri qalır. Beləliklə, Şimali Atlantika İttifaqının hərbi cəhətdən ən güclü iki dövləti, çətin ki, Rusiya ilə müharibə vəziyyətində aktiv hücum əməliyyatları apara bilsin. NATO üzvü olan Şərqi Avropa ölkələrinin nəqliyyat infrastrukturunu gücləndirmək planı hələ 2017-ci ildə elan edilib. Qurumun baş katibi Yens Stoltenberq isə bildirib ki, yollar və körpülərlə bağlı tələblərə yenidən baxmaq lazım gəlir.

Bundan başqa, "Abrams"ın ABŞ-dan daşınmasında da çətinliklər yarana bilər. Amerikanın ən böyük hərbi nəqliyyat təyyarəsi "C-5" göyərtəsinə yalnız bir ədəd bu cür modernləşdirilmiş tank götürə bilər. Qeyd edək ki, Rusiya tanklarının döyüş kütləsinə dair tələblər daha yüksəkdir: ən yeni T-90M-in ağırlığı yalnız 48 ton, T-14 "Armata"nın isə təxminən 55 tondur.

Üçüncu modifikasiya

M1A2 SEP V3-ü ağırlaşdıran səbəblər çoxdur. Tankın əlavə güc qurğusu indi zirehin arxasında yerləşir – bu, nəqliyyat vasitəsinin yaxın məsafədən iri çaplı pulemyotlar və kiçik çaplı avtomatik toplardan atılan atəşdən qorunması üçündür. "Abrams"ların M1A2 SEP V3 modifikasiya olunmuş variantı İraq müharibəsindən sonra ortaya çıxdı. İraqdakı döyüş əməliyyatları göstərdi ki, şəhər yerində zirehli texnikanı binaların yuxarı mərtəbələrindən asanlıqa atəşə tutmaq olur. Yol kənarındakı əldəqayırma partlayıcı qurğular da bu tanklar üçün çox təhlükəlidir. Buna görə də M1A2 SEP V3-lərin "alın" hissəsi bir xeyli genişləndirildi və tankın konstruksiyalarının mina partlayışlarına qarşı müqaviməti gücləndirildi. İsrailin "Trophy" aktiv müdafiə kompleksi isə tanka yaxınlaşan istənilən döyüş vasitəsini vurmağa qadirdir. Ancaq bütün bunlar zirehli texnikanın həddən artıq ağırlaşmasına gətirib çıxarıb.

Tarixi təcrübə

Məlum olduğu kimi, tarix boyunca Rusiya yolları xarici qəsbkarlara az mane olmayıb. 1941-ci ilin payızında palçıqlı cığırlar və Sovet yol infrastrukturunun xüsusiyyətləri faşist tanklarının Moskvaya doğru hərəkətini ciddi şəkildə ləngitmişdi. Hətta sonradan Hitlerin hərbi liderləri bütün məğlubiyyətlərinin səbəbini yolların nataraz olmasının üstünə yıxmağa çalışmışdılar.

"Biz səhər saatlarında sürətlə irəliləyirdik, sonra yenə yol işgəncəsi başlayırdı. Palçıq yolu tamamilə bağlamışdı, üstəlik artilleriya qurğuları hücum marşrutunu yaxşıca topa tutmuşdu. Top mərmilərinin açdığı dərin çuxurlar da ağzına kimi lillə dolmuşdu. O çuxurlara düşməmək üçün ləng hərəkət etmək və ayıq-sayıq olmaq məcburiyyətində idik", – deyə alman hərbi səhra cərrahı Hans Killian "Qələbənin kölgəsində" adlı kitabında yazırdı.

Pentaqonun komandirləri özlərindən əvvəlki qəsbkarların təcavüzkar hücumlarının pis təcrübəsini yada salsalar, yaxşıdır. Düzdür, artıq Sovet İttifaqı mövcud deyil, amma Rusiya hələ də dünyanın gözlənilməz iqlim şəraitinə malik ən böyük ölkələrindən biridir.

Teqlər:
Rusiya, ABŞ, tank

Əsas mövzular