13:49 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
RUSİYA
Qısa URL
19 0 0

"Əlbəttə ki, məhkəməyə müraciət etmək mümkündür. Ancaq əvvəlcə hansı məhkəməyə müraciət olunacağını anlamaq lazımdır" - Dmitri Medvedev

BAKI, 1 fevral — Sputnik. Rusiya "Şimal axını-2" layihəsini müdafiə etmək üçün məhkəmə mexanizmlərindən istifadə edə bilər – bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib.

"Əgər, hər bir halda buna ehtiyac yaranarsa, əlbəttə ki, məhkəməyə müraciət etmək mümkündür. Ancaq əvvəlcə hansı məhkəməyə müraciət olunacağını anlamaq lazımdır", – deyə o, Rusiya KİV-lərinə müsahibəsində bildirib.

"Belə məsələlərə hansı məhkəmələrdə baxıldığını araşdırmaq lazımdır. Yəqin ki, potensial olaraq Amerika məhkəmələrinə müraciət etmək olar, ancaq bu, çox uzun sürə bilər və biz ABŞ məhkəməsinin bu məsələdə obyektiv mövqe tutacağından əmin deyilik", – deyə Medvedev əlavə edib.

Bununla yanaşı, o qeyd edib ki, özü həmişə məsələlərin məhkəmə yolu ilə həllinə tərəfdar olsa da, bu məqamda dövlət və biznes liderlərinin mövqeyi daha mühümdür.

"Onlar öz sözlərini deməlidir", – deyə sədr müavini vurğulayıb.

Medvedev qaz kəmərinin tikintisinin tamamlanacağına şübhə olmadığını da bildirib, çünki bütün ölkələrin buna ehtiyacı var. Onun fikrincə, Almaniya bu məsələdə daha qətiyyətli mövqe tutmalıdır.

"Almaniya Federativ Respublikasından olan həmkarlar, ümumiyyətlə, bu barədə açıq danışırlar. Əgər onlar qəti mövqe tutsalar, tarixdə bəzən baş verdiyi kimi suverenliklərinin bir hissəsini qurban verməsələr, şübhəsiz, kəmərin tikintisi tamamlanacaq. Üstəlik, işlərin 90%-i görülüb və bu layihəyə külli miqdarda pul sərf olunub. Bir daha vurğulayıram: bütün ölkələrin buna ehtiyacı var", – deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Medvedev onu da qeyd edib ki, ABŞ-ın yeni administrasiyasının məsələyə münasibətdə necə mövqe tutacağını bilmir, bununla belə, yeni dövlət katibi Entoni Blinkenin "Şimal axını-2" layihəsinə təzyiq göstərməyə davam etmək və icrasına son qoymaq lazım gəldiyini dediyindən xəbərdardır.

"Yəni, bu məsələdə ABŞ administrasiyasının prioritetləri dəyişməyib. Ancaq siz bilirsiniz ki, mən həmişə bir mövqedən çıxış etmişəm: istənilən halda qərar qəbulunda iqtisadi dəlillər bu cür siyasi gerçəklikləri qabaqlayır. İqtisadi dəlillər isə mövcuddur, həm bizdə, həm də avropalılarda. Odur ki məncə, iş başa çatdırılacaq. Sadəcə müddət məsələsi var. Yəqin, bir az da səbr etməli olacağıq", – deyə Medvedev mülahizə yürüdüb.

Xatırladaq ki, "Şimal axını-2" Rusiya sahillərindən başlayıb Baltik dənizindən keçməklə, Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetrə (illik) bərabər olan iki təbii qaz boru kəmərinin inşasını nəzərdə tutur. Mayeləşdirilmiş təbii qazını Avropa Şurası, eləcə də Ukrayna və bir sıra başqa ölkələrə satmaq istəyən ABŞ isə fəal şəkildə bu layihəyə qarşı çıxır. 2019-cu ilin dekabrında ABŞ təbii qaz kəmərinə qarşı sanksiya tətbiq etdi ki, nəticədə də İsveçrənin "Allseas" şirkəti layihə çərçivəsində boru döşənməsi prosesini dayandırmaq məcburiyyətində qaldı. Ötən ilin dekabr ayında isə müstəsna hal kimi yalnız Almaniya iqtisadi zonasında boru döşənməsi işinin davam etdiriləcəyi barədə məlumat verildi. Qeyd olundu ki, "Fortuna" borudöşəyən gəmisi bu iş üçün bütün tələblərə cavab verir.

ABŞ 2020-ci ilin yanvar ayında "Şimal axını-2" layihəsinə qarşı sanksiyaları genişləndirib və bu məsələ ölkənin növbəti il üçün dövlət büdcəsində də öz əksini tapıb.

Teqlər:
Almaniya, Avropa, ABŞ, Rusiya, məhkəmə, "Şimal axını-2"

Əsas mövzular