14:57 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
28 0 0

Rusiyalı nazir: “Biz hazırda Dağlıq Qarabağ ətrafında münaqişənin qaynar fazadan çıxış mərhələsindəyik”.

BAKI, 7 dekabr - Sputnik. Dağlıq Qarabağda münaqişə qaynar fazadan çıxış mərhələsindədir. Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli razılaşması müharibəni dayandırdı. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla danışıqlardan əvvəl mətbuata açıqlamasında bildirib.

O, həmçinin qeyd edib ki, Moskva Ayvazyanın xarici işlər naziri kimi ilk səfərini Rusiyaya həyata keçirdiyinə görə şaddır. “Biz hazırda Dağlıq Qarabağ ətrafında münaqişənin qaynar fazadan çıxış mərhələsindəyik”, - deyə Lavrov qeyd edib.

"Ermənistan Baş naziri, Azərbaycan Prezidenti və Rusiya Prezidentinin noyabrın 9-u imzaladığı üçtərəfli bəyanatı müharibəni dayandırdı və qaçqın və məcburi köçkünlərə öz doğma yurdlarına qayıtmağa imkan verən razılaşmaları təmin etdi. Bəyanat, həmçinin iqtisadiyyatın bərpası, humanitar problemlərin həlli, həm iqtisadi, həm də nəqliyyat sahəsindəki bütün kommunikasiyaların bərpası üçün razılaşmaları təmin etdi” - rusiyalı nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Əsas mövzular