22:37 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
RUSİYA
Qısa URL
30 0 0

Ağ Evin bu məsələdə Moskvaya qarşı əsas iradlarından biri Cənubi Osetiya, Abxaziya, Çeçenistan və Kalininqrad kimi bəzi bölgələr üzərində nəzarət uçuşlarının məhdudlaşdırılmasıdır.

BAKI, 24 noyabr — Sputnik, Sofya Melniçuk. ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmaq barədə xəbərdarlığından sonrakı altı aylıq müddət bitdi. Vaşinqton artıq "Rusiyanın illərdir kobud şəkildə pozduğu" bu razılaşmada iştirak etmir. Tramp administrasiyası ölkəni "milli təhlükəsizlik bahasına düşmənlərə üstünlük qazandıran" köhnəlmiş müqavilələrdən çıxardığına inanır. İndi Moskva müqavilədə qalanların öz öhdəliklərini yerinə yetirəcəklərinə dair təminat axtarmaq niyyətindədir. Bəs Baydenin komandasının yenidən bu müqaviləyə qayıtması mümkündürmü? RİA Novosti bu sualın cavabını araşdırıb.

Etibar yoxdursa, müqavilə də yoxdur

Ağ Evin bu məsələdə Moskvaya qarşı əsas iradlarından biri Cənubi Osetiya, Abxaziya, Çeçenistan və Kalininqrad kimi bəzi bölgələr üzərində nəzarət uçuşlarının məhdudlaşdırılmasıdır. Buna cavab olaraq, amerikalılar da Alyaska və Sakit Okeandakı adaların səmasını uçuşlara bağlı elan etdi.

Qeyd edək ki, müqaviləyə əsasən, 2002-ci ildən bu yana 35 iştirakçı ölkə bir-birinin əraziləri üzərində kəşfiyyat uçuşları həyata keçirə bilər. Əldə edilən məlumatlar hər kəs üçün açıqdır. Eyni zamanda, təyyarələrdə silah olmamalı, videoavadanlıq əvvəlcədən yoxlanılmalı və ərazisi üzərində nəzarət uçuşu keçirilən ölkənin nümayəndəsi də göyərtədə olmalıdır.

2019-cu ildə Açıq Səma Müqaviləsi çərçivəsində 1,5 min belə uçuş keçirilib. Lakin ölkələr arasında nəzarət və etibarın möhkəmləndirilməsi – vahid məqsəd deyil. Burada mühüm siyasi xəbərdarlıqlar da var. Məsələn, Donbasda münaqişənin başlanmasından sonra ABŞ Kiyevi dəstəkləmək məqsədilə Ukraynanın şərq səmasında uçuşlar həyata keçirmişdi.

Çirkin oyunlar

Kremldə sözügedən müqaviləni silahlanma üzərində qarşılıqlı nəzarətdə çox mühüm amil hesab edirlər. ABŞ-ın müqavilədən çıxması sənədin qüvvədən düşməsinə bərabərdir, – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Moskva sənədin müddəalarına əməl etməyə davam edəcək, ancaq bir neçə şərtlə. Birincisi, Avropa ölkələri uçuş məlumatlarını ABŞ-a ötürməyəcəklərinə zəmanət verməlidirlər. İkincisi, Rusiya təyyarələri Amerikanın Avropadakı obyektlərinə nəzarət edə biləcəklər. İndiyə qədər heç bir zəmanət verilməyib və bu, Moskvanı qətiyyən qane etmir.

"Heç kimə sirr deyil ki, ABŞ öz müttəfiqlərindən Vaşinqtonun müqavilədən ayrılmasından sonra Rusiya üzərində aparacaqları müşahidə uçuşları nəticəsində əldə etdikləri məlumatları Amerika tərəfinə ötürmələri ilə bağlı sənəd imzalamalarını tələb edib", – deyə hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib. Onun sözlərinə görə, bu, yalnız Açıq Səma Müqaviləsinin pozulması deyil, həm də Vaşinqtonun apardığı çirkin oyundur.

"Bu, ağılsızlıqdır"

Vaşinqtonun müqavilədən çıxması ilk növbədə ABŞ-ın Avropadakı müttəfiqlərini vuracaq. Amerika təyyarələrinin topladığı məlumatların onlar üçün əhəmiyyəti böyükdür. Odur ki, bir sıra Avropa ölkələrinin nümayəndələri Vaşinqtonun bu qərarından məyus olduqlarını bildiriblər.

"Biz bilirik ki, Rusiya tərəfinin müddəalara əməl etməsi ilə bağlı bəzi çətinliklər var idi, ancaq bu, müqavilədən çıxmaq üçün səbəb deyildi", – deyə Almaniya XİN-in rəhbəri Hayko Maas bildirib.

Fransa Xarici İşlər Nazirliyində isə bu fikirdədirlər ki, ABŞ Moskva ilə müqaviləni pozduğuna görə lazımi dəlillər göstərməyib. İspaniya, Belçika, Finlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Çex Respublikası və İsveçrənin birgə bəyanatında Açıq Səma Müqaviləsinin "işlək və faydalı" olduğu vurğulanıb.

Birləşmiş Ştatların özündə belə bu məsələyə münasibətdə vahid fikir mövcud deyil.

Məsələn, Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Robert Menendes Ağ Evin hərəkətlərini belə qiymətləndirir: "Prezident Tramp açıq şəkildə qanuna məhəl qoymadı və prezident seçkisində məğlub olduqdan sonra belə, müqavilədən birtərəfli qaydada siyasi motivli imtinaya getdi".

ABŞ Hərbi Hava Qüvvələrinin generalı və Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktoru Maykl Hayden isə Vaşinqtonun bu addımını "ağılsızlıq" kimi qiymətləndirib.

Müqavilənin sonu

Donald Trampın dörd illik prezidentliyi dövründə bütün dünya əmin oldu: o, silahlanma üzərində nəzarətdə maraqlı deyil. 2018-ci ildə Amerika lideri Tehranın əməl etməməsi bəhanəsi ilə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığını bəyan etdi. Bir il sonra vaxtilə Ronald Reyqan və Mixail Qorbaçov tərəfindən imzalanan Orta və Qısa Mənzilli Raketlər Müqaviləsi də eyni aqibəti yaşadı.

2020-ci ildə prezident administrasiyasından bildirildi ki, Ağ Ev nüvə sınaqlarının müzakirəsinə hələ 1992-ci ildə başlayıb. Bu isə ABŞ, Rusiya, Çin, İngiltərə və Fransaya tətbiq olunan moratoriumun pozulması deməkdir.

Hər bir halda, Açıq Səma Müqaviləsi, yəqin ki, Donald Tramp administrasiyasının son qurbanı olacaq. Rəsmi qələbə münasibətilə Co Baydeni təbrik etmək hələ tez olsa da, onun Ağ Evin yeni sahibi olacağına inam hər gün artır.

Yenidən qayıtmaq mümkündürmü?

Bəzi ekspertlər bu fikirdədirlər ki, Bayden ABŞ-ın Açıq Səma Müqaviləsinə qayıtması barədə düşünməlidir. Lakin Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslovun fikrincə, bu, çətin ki, baş versin.

"Bir neçə onillik ərzində ABŞ dəqiq mövqe formalaşdırıb: əgər onlar silahlandırma üzərində nəzarət razılaşmasından çıxırsa, bir də oraya qayıtmırlar", – deyə o, RİA Novosti-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, "Ağ Ev, Pentaqon və kəşfiyyat dairələri arasında Moskvanın sözügedən sənədin müddəalarına tam əməl etmədiyi və onu pozduğu ilə bağlı fikir birliyi var".

Bundan əlavə, ekspert qeyd edir ki, müqaviləyə qayıtmaq üçün qərarın Konqresin yuxarı palatası tərəfindən ratifikasiya olunmasına ehtiyac var. Yuxarı palatanın yenidən respublikaçıların nəzarətində ola biləcəyi ehtimalını nəzərə alsaq, bu, yeni problemlər vəd edir.

Hər bir halda, Bayden sələfinin qərarını ləğv etmək qərarına gəlsə belə, bunun üçün vaxt tələb olunur. "Üstəlik, Tramp da indi buna əlavə maneələr yaradır", – deyə Qabaqcıl İdarəetmə Həlləri Mərkəzinin baş mütəxəssisi Oleq Şakirov RİA Novosti-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ağ Evin ölkənin Hərbi Hava Qüvvələrini müşahidə uçuşlarında istifadə edilən təyyarələrdən qurtulmağa məcbur etmək niyyəti var.

"Konqres uzun müddət respublikaçıların hərəkətləri nəticəsində təyyarələrin modernləşdirilməsinə vəsait ayırmayıb. Bu isə sözügedən müqaviləni zəiflətmək məqsədi daşıyırdı", – deyə o bildirib. Mütəxəssisin fikrincə, müşahidə təyyarələri olmadan müqaviləyə qayıtmaq daha çətin olacaq.

Bundan əlavə, Şakirov bildirir ki, Baydenin kabinetində kimin hansı vəzifəni tutacağından da çox şey asılıdır. "Məsələn, keçmiş xarici siyasət müşaviri olan Maykl Karpenter qətiyyətlə ABŞ-ın Açıq Səma Müqaviləsində iştirakına qarşı çıxmışdı. O, bu fikirdə idi ki, guya Rusiya zərərli məqsədlərlə bu müqavilədən istifadə edərək Amerika infrastrukturu haqqında məlumat toplayır".

Daha geniş mənada götürəndə isə Baydenin əsas ideyası Avropa ilə münasibətlərdəki etibarı bərpa etməkdir. Bunun üçün də sözügedən müqavilənin vacib olduğunu vurğulayan Şakirov belə hesab edir ki, bəlkə də ABŞ müttəfiqlərinin xətrinə nə vaxtsa bu müqaviləyə qayıtdı.

Teqlər:
kəşfiyyat, uçuş, müqavilə, Rusiya, ABŞ

Əsas mövzular