07:51 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
311 0 0

Rusiya liderinin mətbuat katibi: "Biz ora sülhməramlıları da yalnız münaqişə tərəflərinin razılığından sonra göndərə bildik"

BAKI, 13 noyabr — Sputnik. Qarabağ münaqişəsi zamanı Rusiyaya qarşı yersiz ittihamlar irəli sürüldü. Bunlar mənasızdır. Sputnik Azərbaycan "Russia Today"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qarabağ münaqişəsi zamanı Rusiyaya qarşı yersiz ittihamlar irəli sürüldü. Bunlar mənasızdır. Ermənistan ilə bağlı məsələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə öhdəliyimizi unutmamışıq. Kim olmasından asılı olmayaraq Ermənistan ərazisinə hücum olarsa, Rusiya öz müttəfiqini qorumaq üçün lazım olan hər şeyi edəcək. Beynəlxalq qanunlara görə Rusiyanın Qarabağa qoşun göndərmək hüququ yox idi. Biz ora sülhməramlıları da yalnız münaqişə tərəflərinin razılığından sonra göndərə bildik", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Əsas mövzular