10:14 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
31 0 0

Müsahibənin ikinci hissəsində isə son ayların mühüm hadisələrinə toxunularaq, o cümlədən, dünyanı cənginə almış koronovirus bəlasının aradan qaldırlmasında xarici kəşfiyyatçıların nə dərəcədə rol oynamasından da bəhs olunub.

BAKI, 6 noyabr — Sputnik. Bu il dekabrın 20-də Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) 100 illik yubileyini qeyd edəcək. Ümumrusiya Fövqəladə Komissiyasından XKX-nin yaradılmasına qədər uzun yol qət edən xarici kəşfiyyatçılar bu müddət ərzində suveren inkişaf, təhlükəsizlik və öz Vətənlərinin milli maraqlarının qorunması naminə çox sayda dəyərli məlumatlar əldə ediblər.

Rusiya xarici kəşfiyyatının dünyanın digər kəşfiyyat xidmətləri arasında hansı yeri tutduğu, fəaliyyətindəki prioritetlərin nədən ibarət olduğu, əcnəbilərin kəşfiyyatçılara hansı səbəbdən kömək etdikləri barədə XKX-nın direktoru Sergey Narışkinin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi geniş müsahibədə oxuya bilərsiniz.

Söhbətin birinci hissəsində Narışkin, həmçinin Prezident seçkisindən sonra ABŞ-da vəziyyətin necə inkişaf edəcəyinə dair proqnozunu bölüşərək Qərbin dünyanın müxtəlif yerlərində xaos yaratmaq cəhdlərini davam etdirdiyini, Vaşinqtonun Rusiya ilə Çin arasında əməkdaşlığı pozmağa çalışdığını da qeyd edib.

Müsahibənin ikinci hissəsində isə son ayların mühüm hadisələrinə toxunularaq, o cümlədən, dünyanı cənginə almış koronovirus bəlasının aradan qaldırlmasında xarici kəşfiyyatçıların nə dərəcədə rol oynamasından da bəhs olunub.

– Blogger Navalnının "zəhərlənməsi" hadisəsi böyük səs-küy doğurdu. XKX bu mövzu ilə məşğul olubmu? Hadisənin səbəbi müəyyənləşdirildimi? Ümumiyyətlə nə baş verirdi? Qərb xüsusi xidmət orqanları bu işə nə vaxt qarışdılar?

– Biz rus həkimlərinin Omsk-da apardıqları dərin tədqiqatların nəticəsinə əsaslanmalıq və əsaslanırıq.

– Siz bunu bilirsiniz, yoxsa yalnız mülahizələrə əsaslanaraq söyləyirsiniz?

– Bunu biz də bilirik, siz də.

– Mən bu məsələ ilə çox yaxından maraqlanmışam, ona görə də bilirəm.

– Bloqer Navalnı Rusiya Federasiyası ərazisində olduğu vaxt ondan götürülmüş bioloji nümunələrdə toksik, xüsusilə zəhərləyici maddələr olmayıb. Daha sonra – o, alman laynerinin göyərtəsində və Almaniya ərazisində peyda olanda nələrin baş verdiyi isə sual altındadır. Müvafiq xidmətlərimiz, Baş Prokurorluq belə bu barədə dəfələrlə sorğu göndərsə də, heç bir cavab almayıb. Alman tərəfi susur, deməli gizlətdikləri nəsə var. Səmimi şəkildə etiraf edirəm ki, xüsusi xidmət orqanlarının iştirakı barədə təsdiqlənmiş dəlilimiz yoxdur. Ancaq bəzi dolayı dəlillər var...

– Mən də bu işlə məşğul olmuşam, həkimlərlə danışmışam, Sabayevlə, Rinklə. Sabayev – Baş toksikoloqdur. Yəni, zəhərlənmə faktı olmayıb, ancaq hadisə sonradan zəhərlənmə kimi şərh olundu. Elə buradaca xüsusi xidmət orqanlarının quyruğu görünür və mənə elə gəlir ki, tamamilə aydın şəkildə. Siz isə bu barədə çox ehtiyatla danışırsınız.

– Siz mülahizələrə əsaslanırsınız, mən isə öz dediyimdə qalırım ki, bizdə bu barədə təsdiq olunmuş faktlar yoxdur, yalnız dolayı dəlillər var. Əgər istəyirsinizsə, mən sizə ilk dəfə bu dolayı dəlillər haqqında danışa bilərəm. Təxminən bir il bundan əvvəl biz yoxlanılmış, etibarlı mənbədən alınmış məlumat əldə etdik. Həmin məlumat ondan ibarət idi ki, NATO ölkələrindən birinin ərazisində, dərhal qeyd edim ki, bu Almaniya deyil, xüsusi xidmət orqanlarının iştirakı ilə iclas keçirilib. Orada Rusiyada tamamilə azalan və demək olar, sıfıra yaxınlaşan etiraz hərəkatını necə dəstəkləmək və canlandırmaq məsələsi müzakirə olunub. Bilirsiniz, həmin iclasda, variantlardan, mexanizmlərdən biri kimi "müqəddəs qurban" məsələsi müzakirə olunub. Özü də, bu "müqəddəs qurban"ın müxalifət liderlərindən biri olması daha məqsədəuyğun hesab edilib.

– Siz dolayı dəlillərdən danışdınız. Yəni, bunlar dəqiq məlumatlardır?

– Bundan artıq heç nə deyə bilmərəm. Çünki məlumatın mənbəyi hər şeydən daha dəyərlidir. Təəssüf ki, bizim qərbli opponentlərimiz zaman-zaman belə alətlərdən istifadə edirlər. Məsələn, keçmiş Yuqoslaviyada, Ukraynada olduğu kimi.

– Hazırda, koronavirus, bütün dünyada geniş yayılıb və əlbəttə ki, bu, Rusiya üçün qeyd-şərtsiz təhdiddir. Bu isə o deməkdir ki, Xarici Kəşfiyyat Xidmətinin maraq dairəsindədir. Siz bu mövzu ilə nə dərəcədə məşğul olursunuz? Deyə bilərsiniz biz nə ilə qarşı-qarşıyayıq?

– Bəli, müəyyən mənada biz bu işlə məşğuluq. Bir halda ki, məlumat əldə etmək üçün geniş imkanımız var, bir halda ki, Xarici Kəşfiyyat Xidmətində əhəmiyyətli analitik mənbələrimiz mövcuddur, əlbəttə ki, alınan bu böyük məlumatı işləyirik və müvafiq qurumlara, nazirliklərə, hökumətə təqdim edirik. Bu bəla ilə mübarizədə bizim rolumuz da elə bundan ibarətdir.

– Sizin koronavirusun mənşəyi ilə bağlı dəqiq məlumatınız varmı?

– Siz nəyi nəzərdə tutursunuz: koronavirusun süni və ya təbii mənşəli olmasını?

– Bəli, indi bu hamının maraq dairəsindədir.

– Əlimizdə bu virusun insan əlinin və ya zəkasının məhsulu olduğuna dair əsaslandırılmış və etibarlı məlumat yoxdur. Buna görə də virusun təbii mənşəli olduğuna inanmağa meylliyik.

– Ancaq siz rəhbərə "Yox" deyə bilməzsiniz, çünki o koronavirusla bağlı qərar verən vaxt nəyəsə əsaslanmalıdır. Başqa sözlə, prezident virusun təbii mənşəli olduğunu əsas götürərək qərar qəbul edir?

– Bilirsiniz, həm prezidentin, həm də müvafiq dövlət orqanlarının bu xəstəliklə, bu virusla mübarizə tədbirləri sistemini hazırlaması vacibdir. Mənə elə gəlir ki, Rusiyada nazirliklər, idarələr koronavirusa yoluxmuş xəstələrinin müalicəsi ilə bağlı çox uğurlu qərarlar qəbul edir, dərman preparatları, o cümlədən, peyvənd də hazırlayırlar. Və məncə, bizim bu cür dərmanlar, peyvəndlər üzərində işləyən virusoloq-alimlərimiz üçün xəstəliyin mənşəyi məsələsi bir o qədər də prinsipial deyil.

– Bəzən ABŞ Rusiyanın peyvənd əldə etməsinə mane olduğu barədə ittihamlar səsləndirir. Bu cür ittihamlar nə qədər əsaslıdır?

– Əlbəttə ki, heç bir əsası yoxdur. Bu cəfəngiyyatdır, onlar, sadəcə bu yolla öz çatışmazlıqlarını ört-basdır etməyə çalışırlar. Bəli, ABŞ-ın səhiyyə sistemində açıq-aşkar çatışmazlıqlar var. Koronavirusun geniş yayıldığı aylarda bu cür çatışmazlıqlar ortaya çıxdı. Və təəssüf ki, çox güclü şəkildə.

- Belarusda da həyəcanlı hadisələr yaşandı. İndi Belarus məsələsi ilə nə dərəcədə məşğul olursunuz? Orada hadisələrin inkişafı ilə bağlı proqnozunuz nədir? Digər tərəfdən, siz yalnız proqnoz deyil, tövsiyə də verməlisiniz axı...

– Bizim iştirakımızla bağlı?

– Bəli.

– Biz, belə demək mümkündürsə, məsələyə qərb bucağının münasibətini veririk – qərb tərəfi bu proseslərə necə yanaşır, analiz edir, qiymətləndirir, Belarus daxilində vəziyyəti qarışdırmaq üçün hansı tədbirlər görür. Və öz dəyərləndirmələrimizi təqdim edirik, o cümlədən, Belarusdan olan həmkarlarımıza.

– İnformasiyanı paylaşırsınız?

– Bəli, həmkarlarımızla artıq paylaşmışıq.

– Bəs bizimlə?

– Hələlik xeyr.

– Yaxşı, belə demək mümkünüdürmü ki, Belarus orada işləyən Qərb xüsusi xidmət orqanları üçün sanki bir sınaq meydanıdır. Və onlar bu meydanda topladıqları təcrübəni sonradan Rusiyada da tətbiq edəcəklər.

– Aydın məsələdir ki, bizim qərbli opponentlərimiz Belarusdakı vəziyyəti Rusiya Federasiyasına tərəf çevirmək istəyirlər. Ancaq etiraf etmək lazımdır ki, Belarusda hansısa innovasiyalar qeydə alınmayıb. “Rəngli inqilablar”ın texnologiyaları çoxdan məlumdur və son iki-üç onillikdə dünyanın ən müxtəlif ölkələrində tətbiq olunub. Başqa sözlə, bu işdə yeni bir şey yoxdur. Sözsüz ki, biz Belarusda baş verənləri narahatlıqla izləyirik və qərbli opponentlərin nə fikirləşdiklərini, nə etmək istədiklərini belaruslu həmkarlarımıza çatdırırıq. Və düşünürük ki, bu təcrübə onlar üçün faydalı olacaq.

– Təxminən on gün bundan əvvəl Prezident Putin bildirdi ki, dəqiq sitat gətirirəm, Azərbaycan da, Ermənistan da bizim üçün “bərabər tərəfdaşlardır”. Bizim bu ölkələrlə əməkdaşlığımız müxtəlif xarakter daşıyır, ancaq o fikrini məhz bu şəkildə ifadə etdi. Bəs siz Azərbaycandan olan həmkarlarınızla əməkdaşlıq edirsinizmi? Ermənistanla əməkdaşlığına şübhə etmirəm, yəqin ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində xüsusi əməkdaşlıq mexanizmləri mövcuddur.

– Bizim MDB məkanındakı bütün ölkələrin kəşfiyyat xidmətləri, o cümlədən, Azərbaycan Xarici Kəşfiyyat Xidməti ilə də çox yaxşı işləyən fəaliyyət mexanizmimiz var.

Rusiya Prezidenti Vladimir Putin
© Sputnik / Aleksey Druzhinin

– Xarici Kəşfiyyat Xidmətinin bu yaxınlarda açıqlanan sənədlərindən belə məlum oldu ki, İngiltərə II Dünya Müharibəsi əsnasında Türkiyəni döyüş əməliyyatlarına sürükləməyə çalışıb.  Bəs Böyük Britaniya ilə Türkiyənin xüsusi xidmət orqanları indi necə əməkdaşlıq edir? Qarabağ müharibəsində bu əməkdaşlığın təsiri hiss olunurmu? Onlar öz güclərini necə koordinasiya edirlər?

– Türk kəşfiyyatının işini biz hiss edirik, müəyyən elementlərini görürük. İngilis kəşfiyyatına gəlincə, onların haqqında eyni şeyi deyə bilmərəm.

– Dağlıq Qarabağda bunu hiss etmirsiniz?

– Xeyr.

– Sergey Yevgenyeviç, pandemiya şəraitində sizin iş üsullarınız dəyişikliyə uğrayıbmı? Məsələn, siz özünüz prezidentin, merin və başqa qurumların  tövsiyələrinə əməl edərək “məsafədan” işləyə bilərsinizmi?

– Bəli, əgər öz iş otağımda olsam. Müəyyən mənada mən elə məsafədən işləyirəm, çünki biz də əlbəttə ki, şəxsi təmaslarımızı, xidmət və şöbə rəhbərləri arasında şəxsi və peşəkar ünsiyyətimizi məhdudlaşdırmışıq. Böyük həcmdə informasiya mübadiləsini də birbaşa təmas olmadan həyata keçiririk. İclasları, kollegiyaları onlayn rejimdə keçirməyə məcburuq. Çünki XKX əməkdaşları arasında da bu virusa yoluxanlar var.

– Axı siz Prezidentə şəxsən hesabat verirsiniz. Bəs indi bunu necə həyata keçirirsiniz?

– Xarici Kəşfiyyat Xidmətinin bütün hesabatları şəxsən təqdim olunur. Bütün sənədlər də, o cümlədən.

– Necə deyərlər, üz-üzə, göz-gözə?

– Biz prezidenti bu və digər hadisələrlə bağlı gündəlik məlumatlandırırıq.

– Ancaq yəqin ki, bu zaman məsafə saxlanılır...

– Bəli, məsafə saxlanılır, amma necə deyərlər, şəxsən təqdim olunur. Yeri gəlmişkən, biz prezidenti istirahət günləri və bayramlar da daxil olmaqla, hər gün məlumatlandırırıq. Çünki Xidmətə məlumatlar Antarktidadan başqa dünyanın bütün qitələrindən daxil olur. Və sözsüz ki, biz həmin məlumatları diqqətlə araşdırandan sonra Prezidentə xülasə edirik. Ölkə başçısı kəşfiyyatdan gələn məlumatlara çox diqqətlə, əsl peşəkar kimi yanaşır, öz qeydlərini edir. Biz də həmin qeydlər əsasında işləyirik, nəyisə dəqiqləşdiririk, prezidentin suallarını cavablandırırıq. Və əlbəttə ki, bu işin incəliklərini, spesifikasını bilən rəhbərlə çalışmaq çox xoşdur.

– Olar sizə təxribat xarakterli bir sual verim?

– Buyurun.

– Bu işdə özünüzü çox yüklənmiş hiss etmirsiniz ki?

– XKX-nin direktoru vəzifəsində? Mən bu vəzifədə məmnuniyyətlə xidmət edirəm. Çünki görülməli iş çoxdur. Özü də maraqlı işdir, unikal kollektivimiz var. Burada çalışanlar yüksək səviyyəli peşəkarlar, intellektuallardır. Üstəlik, bu inşalar hərbi xidmətçilərdir. Bu isə o deməkdir ki, nizam-intizam məsələsi mülki peşələrdə olduğu kimi deyil.

– Mən sizin nəyə eyham vurduğunuzu anlayıram.

– Xeyr, burada eyham yoxdur, inanın.

– Sergey Yevgenyeviç, siz həm də ictimai fəaliyyətlə məşğulsunuz. Rusiya Tarix Cəmiyyətinin sədrisiniz. Bəs vaxtınızı kəşfiyyat işi ilə bu iş arasında necə bölürsünüz?

– İctimai fəaliyyət çox vaxt aparmır.

– On faiz olar?

– Yox, əlbəttə ki, daha az. Bu işə vaxtımın 10 fazini sərf etmək yolverilməzdir. Məsələ burasındadır ki, biz tarixsevərlərdən ibarət çox gözəl kollektiv formalaşdırmışıq və mexanizm çox yaxşı işləyir.

– Əgər indi siz desəniz ki, asudə vaxtınızda da işlə məşğul olursunuz, onda...

– Yox, mən belə bir şey deməyəcəyəm.

– Bəs boş vaxtınızda nə ilə məşğul olursunuz?

– Deyim ki, doğrudan da çox işləyirəm, boş vaxtım qalanda isə mütaliə etməyi sevirəm. Pandemiyadan qabaq teatra da gedirdim. Teatrı çox sevirəm.

– Mən sizi teatrda görmüşəm.

– Mən də sizi. Sağlam həyat tərzi keçirməyə çalışıram. O cümlədən, idmanın bir neçə növü ilə məşğul oluram, hərçənd bunu idman adlandırmaq olmaz.

– Sergey Yevgenyeviç, belə geniş, səmimi müsahibə üçün sizə dərin təşəkkürümü bildirir və XKX-nin bu yaxınlarda qeyd olunacaq 100 illik yubileyi münasibətilə təbrik edirəm!

– Çox sağ olun!

Əsas mövzular